Tibb kollecinin tələbələri informasiya təhlükəsizliyi və saxta məlumatlara qarşı mübarizənin yollarını öyrəniblər.
15 aprel 2026-cı il tarixdə Mingəçevir Tibb Kollecində Beynəlxalq Jurnalistlər Federasiyasının üzvü, politoloq,”Kanal32″ Media Şəbəkəsinin təsisçisi İnqilab Şirinlinin təşəbbüsü ilə “İnformasiya təhlükəsizliyi, saxta məlumatlara qarşı mübarizə və media savadlılığı” mövzusunda infosessiya keçirilib.
Kanal32.az xəbər verir ki,tədbirin keçirilməsində əsas məqsəd qlobal təhdidlərin sürətlə artdığı bir dövrdə tələbələri müasir informasiya mühitində mövcud olan risklər, dezinformasiya halları,kibertəhlükələr və media savadlılığı barədə maarifləndirmək, onların informasiya təhlükəsizliyi sahəsində bilik və bacarıqlarını artırmaq olub.
İnfosessiyada kollecin müəllimləri və müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələr iştirak edib. Tədbiri açıq elan Kollecin şöbə müdiri Azər Quliyev mövzunun aktullığına diqqət çəkib və hazırkı dövrdə yeniyetmə və gənclərin hər an saxta informasiyaların qurbanına çevirilmə risklərindən danışıb.
Mövzu ətrafında çıxış edən ekspert İnqilab Şirinli bildirib ki, informasiya sahəsi Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyasının tərkib hissəsi olmaqla yanaşı,çağdaş dövrdə cəmiyyətin əsas strateji resurslarından birinə çevrilib. İnformasiya təkcə bilik mənbəyi deyil, eyni zamanda siyasi, iqtisadi və ideoloji təsir alətidir. Məhz bu səbəbdən informasiya təhlükəsizliyi məsələsi dövlətimizin milli təhlükəsizliyin ayrılmaz tərkib hissəsi kimi çıxış edir. Bu gün dünyada ən böyük təhdidlərdən biri saxta məlumatlar, dezinformasiyalar və informasiya manipulyasiyalarıdır. Saxta xəbərlər cəmiyyətin psixoloji durumuna təsir edir, ictimai etimadı sarsıdır, dövlət institutlarına qarşı inamsızlıq yaradır və bəzən ciddi sosial qarşıdurmalara səbəb olur.
Telejurnalist ölkəmizdəki mövcud qanunvericilik çərçivəsində informasiya təhlükəsizliyinin əhəmiyyəti, sosial şəbəkələrdə yayılan yanlış məlumatların təsiri, kiberhücumların qarşısının alınması və təhlükəsiz internet istifadəsi haqqında geniş məlumat verib. Eyni zamanda tələbələrə düzgün və etibarlı informasiya mənbələrinin seçilməsi, şəxsi məlumatların qorunması, həmçinin media resusrslarından istifadə qaydaları barədə tövsiyələrini çatdırıb.
O da vurğulanıb ki,informasiya təhlükəsizliyinin qorunması və saxta məlumatlara qarşı mübarizə müasir dövrün əsas çağırışlarından biridir. Güclü informasiya mühiti güclü dövlət və sağlam cəmiyyət deməkdir. Bu mübarizədə maarifli və məsuliyyətli yanaşma ən güclü silahımızdır.
İnfosessiyanın sonunda iştirakçılar mövzu ətrafında fikir mübadiləsi aparlblar və onları maraqlandıran sualları səsləndiriblər. İnfosessiya iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Azər Səfərli