Teatrsevərlər Mingəçevir Dövlət Dram Teatrına axın etmişdilər. Sezonun yekun tamaşasını izləmək üçün hər kəs zalda öz yerini tutmuşdu. Tamaşadan əvvəl səhnəyə çıxaraq şəhər sakinlərini salamlayan Azərbaycan teatr və kino aktyoru, Azərbaycanın əməkdar artisti, Mingəçevir Dövlət Dram Teatrının direktoru İntiqam Soltan 56-cı mövsümdə teatrın uğurlarından bəhs etdi.
Azərbaycan mədəniyyətinin zənginliyini və teatr sənətimizin inkişafını Mingəçevir Dövlət Dram Teatrının bu mövsümdə səhnəyə qoyduğu tamaşalarla təsdiqlədiyini bildirən İ. Soltan, teatrın səhnəsində həyat bulan əsərlərin tamaşaçılar tərəfindən sevilməsinin, peşəkar kollektivin və onların yorulmaz əməyinin nəticəsi olduğunu bildirib.
Teatrın bu mövsümdə uşaq tamaşaları ilə yanaşı, kukla tamaşalarına da yer verdiyini vurğulayan İ. Soltan teatrın qastrol səfərlərdən də bəhs edib.
“Varlı Qadın”, “Zamanın Ruzigarı”, “Odunçunun Nağılı” , “Tık-Tık Xanım” ,”Qoğalın Nağılı” və “Göyçək Fatma” kimi tamaşaların bir çox rayonlarda Oğuz, Zaqatala, Yevlax, Kürdəmir, Ucar, Ağdaş, Göyçayda uğurla nümayiş etdirildiyini bildirib.
Bundan əlavə, “Vətən Şəhidləri”,”Adsız” mono tamaşaları, “Sehrli Yaylıq”,”Açarını İtirənlər”,”Uzaqdakı Krallıq”, “Dahilik Divanı”, “Subaylarınızdan Görəsiniz” tamaşalarının, teatrsevənlər tərəfindən maraqla qarşılandığını qeyd edib.
Teatrın direktoru sonda Mingəçevir Dövlət Dram Teatrının, Azərbaycan mədəniyyətinə xidmət etməkdən qürur duyduğunu, gələcəkdə də daha böyük uğurlara imza atmaq və milli mədəniyyətimizi daha geniş kütlələrə çatdırmaq üçün yorulmadan çalışacaqlarını vurğulayıb.
Daha sonra quruluşçu rejissoru Respublikanın Xalq Artisti Valeh Kərimov olan “Subaylarınızdan Görəsiniz” tamaşası teatrsevərlər tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.
Aynur Araz