Mingəçevir Şəhər Polis şöbəsində tədbir keçirilib-FOTOLAR

Mingəçevir şəhər İcra Hakimiyyəti və şəhər Polis şöbəsinin birgə təşkilatçılığı ilə maarifləndirici tədbir keçirilib.

Kanal32.az xəbər verir ki,ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublakasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə əlaqədar baş tutan tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyətinin və polis şöbəsinin əməkdaşları iştirak ediblər.

Tədbiri açan Mingəçevir şəhər Polis şöbəsinin rəisi, polis polkovniki Ədalət Əliyev yeniyetmə və gənclərin məişət zorakılığına məruz qalmaması, pis vərdişlərdən qorunması və bu kimi digər əxlaqi dəyərlərin qorunması ilə bağlı görülən işlərdən danışıb.

Davamlı olaraq şəhərin ümumtəhsil məktəblərində, ali və orta ixtisas məktəblərində maarifləndirici görüşlərin, diskussiyaların keçirilməsinin əhəmiyyətini qeyd edərək nəinki gənclərin, uşaqların, hətta böyüklərin də məişət zorakılığı ilə üzləşməməsi üçün fikir mübadilələrinin keçirilməsinin zəruriliyini bildirdi.

Məişət zorakılığına qarşı mübarizə, zorakılığın səbəb olduğu mənfi hüquqi və sosial nəticələrin qarşısının alınması, o cümlədən narkomaniya bəlası, gəncləri müxtəlif pis vərdişlərdən çəkindirmək məqsədi ilə polis əməkdaşlarının göstərdikləri diqqətdən, gecə-gündüz ayıq-sayıq olmalarından, şəhərin bütün ərazilərində nəzarəti gücləndirmələrindən bəhs edib.

Tədbirdə İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Elşən Əliyev, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Səbuhi Hüseynov, polis şöbəsinin ictimai-nəzarət şöbəsinin rəisi Rasim Mahmudov, Ruhi-əsəb dispanserinin baş həkimi Şəmsinur Hüseynova çıxış edərək yeniyetmə və gənclərin təhsili, tərbiyəsi, fiziki sağlamlığı, ləyaqətli və vətənpərvər insan kimi böyüməsi, yetişməsi üçün maarifləndirici görüşlərin keçirilməsinin aktual olduğunu bildirdilər.

Erkən nikahın fəsadlarından, cəmiyyət üçün təhlükə mənbəyi olan məişət zorakılığından söz açıldı, ailədaxili problemlərin böyüməsinə yol verilməməsi üçün lazım olan tədbirlərin vaxtında görülməsinin vacibliyi diqqətə çatdırıldı.

Tədbir diskussiya formatında davam etdirildi, qarşıda duran vəzifələr, görüləsi işlər barədə fikir mübadiləsi aparıldı, yeniyetmə oğlan və qızlarla davamlı olaraq görüşlərin keçirilməsinin onların gələcəyi üçün önəmli olduğu bildirildi.

Esmira Hidayətova,

Mingəçevir

Mingəçevir Şəhər Polis şöbəsində tədbir keçirilib-FOTOLAR