Səhiyyə sahəsində maarifləndirmə tədbirləri davam etdirilir.
Bu çərçivədə Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin təşəbbüsü ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında “İİV infeksiyası və QİÇS nədir?” mövzusunda maarifləndirici təlim təşkil olunub.
Tədbirdə tibb müəssisəsinin kollektivi ilə yanaşı, Mingəçevir Tibb Kollecinin tələbələri də fəal iştirak ediblər.
Toplantını giriş sözü ilə təlimin moderatoru, teleaparıcı, Beynəlxalq Jurnalistlər Federasiyasının üzvü İnqilab Şirinli açaraq mövzunun aktuallığını vurğulayıb və bu kimi maarifləndirici tədbirlərin əhəmiyyətindən bəhs edib.Mövzunun hüquqi aspektləri haqqında detallı məlumat verib.
Daha sonra Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Mingəçevir Regional Laboratoriyasının müdiri Yeganə Aslanova çıxış edərək İİV – İnsan İmmunçatışmazlığı Virusu və QİÇS – Qazanılmış İmmun Çatışmazlığı Sindromu barədə ətraflı məlumat təqdim edib. O, xəstəliyin yaranma səbəbləri, yoluxma yolları, profilaktika üsulları və erkən diaqnostikanın önəmi haqqında danışıb.
Təqdimat zamanı slayd vasitəsilə real faktlar və statistik göstəricilər iştirakçıların diqqətinə çatdırılıb, mövzu ətrafında maarifləndirici məlumatlar verilib.
Yeganə Aslanova iştirakçılara İİV-ə nəzarətin müəyyən edilmiş tələblərinə uyğun tənzimlənməsi, eləcə də tibbi etika, təhlükəsizlik qaydaları və dezinfeksiya məhlullarından düzgün istifadə ilə bağlı Səhiyyə Nazirliyinin və Respublika QİÇS-lə Mübarizə Mərkəzinin müvafiq tövsiyələrini də çatdırıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və belə tədbirlərin gələcəkdə də davam etdirilməsinin vacibliyi qeyd olunub.