“Bilik Günü” Mingəçevir Dövlət Universitetində təntənəli şəkildə qeyd olunub.
Kanal32.az xəbər verir ki, sentyabrın 16-da Mingəçevir Dövlət Universitetinin həyətində təşkil olunan mərasimdə təhsil ocağının professor-müəllim heyəti, qonaqlar, tələbələr, valideynlər, ictimai şura üzvləri, şəhid ailələrinin üzvləri, qazilər, mətbuat işçiləri iştirak ediblər.
Tədbirdə torpaqlarımızın işğaldan azad olunması və Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin bərpa olunması uğrunda döyüşlərdə həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxış edən Universitetin rektor vəzifəsini icra edən Üzeyir Zeynalov ali təhsil ocağının uğurlarından danışaraq bildirdi ki, bu il universitetdə 5000-dən yuxarı tələbə təhsil alacaq. Onların keyfiyyətli təhsili, layiqli kadr kimi yetişməsi üçün MDU- da hər cür şərait vardır. Təsadüfi deyil ki, universitetin məzunları hazırda Mingəçevirdə və ölkəmizin müxtəlif bölgələrində layiqli mütəxəssis kimi çalışırlar. Xüsusən unversitetimizi seçən birinci kurs tələbələrini və onların valideynlərini ürəkdən təbrik edir, bütün tələbələrimizə təhsildə uğurlar arzilayıram.
Mərasimdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxış edərək ölkə rəhbəri İlham Əliyevin təhsilə və təhsil işçilərinə göstərdiyi diqqət və qayğıdan danışıb. Vurğulayıb ki, uzun illərdən sonra ilk dəfə olaraq dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, qəhrəman əsgər və zabitlərimizin şücaəti ilə azad olunan torpaqlarımızda bu gün 8-ə yaxın orta məktəbdə ilk zang çalınıb, Qarabağ Universiteti fəaliyyətə başlayıb.
Bu torpaqlarda həyat yenidən bərpa olunur. Bu gün biz Mingəçevir Dövlət Universitetinin uğurlarından fərəhlə danışır, şəhərimizə verdiyi töhfələrdən bəhs edirik. İftixar hissi ilə bildirmək istəyirəm ki, şəhərimizin ictimai-siyasi həyatında MDU-nun xüsusi yeri vardır. Ötən illərdə Universitetin sahəsinin genişləndirilməsi, təhsilin keyfiyyətinin artırılması məqsədi ilə inşasına başlanan yeni Kampusda işlər davam edir. Əminliklə demək olar ki, yeni təhsil korpusları hər cür ləzavimatlarla, texniki vasitələrlə təchiz olunmaqla istifadəyə veriləcək və burada tələbələrin sayı artaraq 10000- nəfərə çatdırılacaqdır. Bu gün regionda öz nüfuzu ilə seçilən Mingəçevir Dövlət Universiteti yeni-yeni uğuralara imza atacaqdır. Yeni tərdis ili münasibəti ilə bütün tələbələrimizi, müəllimləri və valideynləri təbrik edirəm. Əziz gənclər, sizlərə təhsildə uğurlar diləyir və vətənimizin inkaşafı naminə ləyaqətli vətəndaş kimi yetişməyinizi arzulayıram.
Bilik Günü mərasimində universitetin şəhid məzunu Əzəmi Hüseynovun bacısı Elnarə Hüseynova, universitetin məzunu, İqtisadiyyat Nazirliyinin Aran Regional Bölməsinin rəhbəri Samir Məmmədov, ən yüksək, 628 bal toplayan tələbə Mətanət Behbudlu, magistratura üzrə 100 baldan 87 bal toplayan Elmira Xəlilova, valideyn Ramiz Behbudov çıxış edərək təbrikərini çatdırıblar.
Sonda universitetdə 500 və ondan yuxarı bal toplayan tələbələrə topladıqları balın miqdarında birdəfəlik pul mükafatları verildi, xatirə şəkilləri çəkdirililib.
Esmira Hidayətova