Novruz bayramı münasibəti ilə Mingəçevirdə yüzlərlə şəhər sakininin iştirakı ilə təntənəli bayram tədbiri keçirilib.
Hər gün böyüyəyərək abadlaşan, gözəlləşən Nur şəhəri bayram libasına bürünüb. Xalqımızın qədim və ən əziz bayramlarından olan Novruz bayramı münasibəti ilə Mingəçevirdə ümumşəhər bayram tədbiri keçirilib.
Kanal32.az-ın məlumatına görə Novruzun gəlişini tərənnüm edən plakatlarla bəzədilmiş Səməd Vurğun meydanında keçirilən bayram mərasimində ulu babalarımızdan bugünkü nəslə yadigar qalan qədim el sənətləri nümayiş olunub, həmçinin Novruz bayramının bolluq və bərəkət təcəssümü olan səməni və müxtəlif şirniyyat nümunələri süfrələri bəzəyib. Şəhərin tanınmış incəsənət ustalarının, muğam ifaçılarının, uşaq yaradıcılıq mərkəzinin, dram teatırın və rəqs kollektivlərinin ifasında milli-mənəvi dəyərlərimizin rəmzi sayılan muğam və rəqslərdən ibarət rəngarəng konsert proqramı bayram şənliyinin iştirakçılarında xoş ovqat yaradıb.
Bayram tədbirində şəhər ümumtəhsil müəssisələrinin müəllim-şagird kollektivlərinin nümayiş etdirdiyi Novruz atributlarından ibarət sərgi hər kəsin marağına səbəb olub. Alqış sədaları altında Novruz tonqalı qalanıb.
Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov baharın gəlişi münasibəti ilə təbriklərini çatdırıb. Qədim el bayramının zənginliyindən, insanlara xoş hisslər aşılamasından danışıb. Milli-mənəvi dəyərlərimizin qorunmasına xüsusi önəm verən Prezident İlham Əliyev də tarixi keçmişimizi, ənənələrimizi yüksək dəyərləndirir. Qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin müdrik siyasəti nəticəsində Qarabağ erməni işğalından azad olundu. 30 ildən xalqımız Novruz tonqallarını Qarabağ və Şərqi Zəngəzurda yandırdı. İcra başçısı 44 günlük Qarabağ savaşında şəhid olanlara, ümumiyyətlə bütün şəhidlərimizə Allahdan rəhmət dilədi, qazilərə tezliklə sağalmalarını, öz sağlamlıqlarını bərpa etməyi arzu edib.Hər bir ailəyə xoşbəxt günlər, süfrələrinin ruzi-bərəkətli olmasını diləyib.
İfa edilən mahnıların xoş avazı, milli oyunlarımız, rəqs və folklor qruplarının, musiqi və teatr kollektivlərinin, idmançıların, kəndirbazın nümunəvi çıxışları, Keçəl və Kosanın məzəli əhvalatları xoş anlar yaşadıb. Şənlik boyu Novruz adətləri göstərilib, yumurta döyüşdürülüb. Bayram şənliyi maraqlı konsert proqramı ilə davam edib.
Esmira Hidayətova,
Mingəçevir