Azərbaycan xalqının taleyində onun gələcəyini müəyyənləşdirən, tarixi başlanğıcların əsasının qoyulduğu əhəmiyyətli günlər var. Belə önəmli günlərdən biri müasir tariximizə ən əlamətdar günlərdən biri kimi yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. 1993-cü ilin bu tarixində Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasının Ali Sovetinə Sədr seçilməsi müstəqil ölkəmizin tarixində yeni mərhələnin başlanğıcı oldu.
1991-1993-cü illər ölkəmizin müasir tarixinə hərc-mərclik, özbaşınalıq və avantürist eksperimentlər dövrü kimi həkk olunub. XX əsrin sonlarında yenidən tarixi müstəqilliyini qazanmaq fürsətini əldə edən Azərbaycan çox keçmədən suverenliyini tamamilə itirmək təhlükəsi ilə üzləşmişdi. Vətəndaş müharibəsi həddinə çatmış daxili qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə sual altında qoymuşdu. Bütün bu bəlalar həmin dövrdə liderlik xüsusiyyətlərindən uzaq, siyasi prosesləri düzgün qiymətləndirməkdən və gələcəyi görməkdən məhrum olan, böhranlı vəziyyətlərdən çıxış yolu tapa bilməyən naşı, təsadüfi rəhbərliyin ölkəmizə başçılıq etməsi ucbatından baş verirdi.
Hadisələri düzgün qiymətləndirə bilməyən, nüfuzunu tamamilə itirmiş ovaxtkı AXC-Müsavat iqtidarı baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi. Sağlam düşüncəli insanlar, ziyalılar isə səriştəsiz hakimiyyətin Azərbaycanı uçuruma apardığını aydın görürdülər. Belə gərgin və böhranlı vəziyyətdə xalqımız ümidini məhz Ulu Öndər Heydər Əliyevə bağlamışdı. Hələ 1992-ci ilin oktyabrında bir qrup Azərbaycan ziyalısı Ümummilli Liderə yazılı müraciət edərək Yeni Azərbaycan Partiyasının yaradılmasını təklif etmişdi. Bu addım faktiki olaraq gələcək xilaskarlıq hərəkatının siyasi platformasının formalaşdırılması mənasına gəlirdi.
Xalqın təkidli tələbi və dövlətin rəsmi dəvəti ilə 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyevin doğulub boya-başa çatdığı doğma Naxçıvandan paytaxt Bakıya qayıtması müasir tariximizin ən mühüm dönüş nöqtəsi oldu. Həmin günlərdə paytaxt Bakıda və ölkənin digər bölgələrində hökm sürən dərin ümidsizlik, qorxu və xaos mühiti Ulu Öndərin paytaxta gəlişi ilə yerini dərhal mənəvi rahatlığa və sarsılmaz inama verdi. Bakıya qayıdan Ümummilli Lider ölkədəki böhranlı vəziyyəti, xüsusilə Gəncə şəhərində kəskinləşən hərbi-siyasi böhranı yerindəcə araşdırmaq məqsədilə heç bir təhlükəyə məhəl qoymadan hadisə yerinə yollandı. Bununla da Azərbaycanı parçalanmağa və fəlakətə sürükləyə biləcək qardaş qırğınının, vətəndaş müharibəsinin böyük uzaqgörənliklə qarşısı alındı. Həmin dövrdə vəziyyəti düzgün dəyərləndirən qədirbilən xalqımız Ulu Öndərə mütləq etimad göstərdi. Ümummilli Lider Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi və həmin gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Birmənalı qeyd etmək lazımdır ki, əgər 15 İyun olmasaydı, bu gün nə müasir müstəqil Azərbaycan, nə də güclü, qüdrətli və qalib dövlətimiz olacaqdı. Azərbaycanın mürəkkəb kataklizmlərlə müşayiət edilən daxili siyasi böhrandan qurtulması məhz bu tarixi gündən sonra mümkün oldu. Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi əsasında atdığı praqmatik addımlar ölkəmizdə hökm sürən özbaşınalığın, dağıdıcı proseslərin aradan qaldırılmasına gətirib çıxardı.
Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanı vətəndaş müharibəsindən, qarşıdurmadan, tənəzzül və məhv olmaq təhlükəsindən xilas edərək həm də dirçəliş yoluna çıxardı. Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı Azərbaycan dövlətini, müstəqilliyini, xalqımızın qürurunu, tarixini, bu gününü və parlaq sabahını yenidən özünə qaytardı. 1993-cü il oktyabrın 3-də isə Ümummilli Lider Heydər Əliyev xalqımızın böyük əksəriyyəti tərəfindən ölkə Prezidenti seçildi. 1997-ci ildən etibarən isə parlamentin qərarı ilə 15 iyun Milli Qurtuluş Günü kimi ölkəmizdə qeyd edilməyə başlandı.
İyunun 15-dən sonra böyük Heydər Əliyevin xilaskarlıq missiyası həm daxili, həm də xarici siyasətdə uğurla reallaşmağa başladı. Qısa müddət ərzində respublikamız ilk növbədə informasiya blokadasından çıxarıldı, dünyada ölkəmizlə bağlı formalaşan rəy müsbət istiqamətdə dəyişdi. Siyasi və diplomatik vasitələrin işə salınması ilə 1994-cü ilin may ayında həyati əhəmiyyət kəsb edən Ermənistanla atəşkəs əldə edildi. Yaranmış şəraitdən, sabitlikdən istifadə edərək 1994-cü ilin sentyabrında məşhur “Əsrin müqaviləsi” imzalandı. Azərbaycan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz xətlərinin çəkilişi, qədim İpək yolunun bərpası kimi qlobal layihələrin fəal iştirakçısına çevrildi. 1995-ci ilin noyabrında isə demokratik, hüquqi dövlətin təməlini təşkil edən ilk milli Konstitusiya qəbul olundu. Ümumilikdə 1993-2003-cü illər Azərbaycan tarixinə dirçəliş, inkişaf və tərəqqi dövrü kimi yazıldı. Böyük Heydər Əliyevin sonralar seçki platpormasında yazıldığı kimi: Qayıdış!, Qurtuluş!, Dirçəliş! və Yüksəliş!
Vaxtilə Ümummilli Lider Heydər Əliyevin ərazi bütövlüyünü tam görmək istədiyi Azərbaycan bu gün tamamilə azaddır, suverendir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində müzəffər Ordumuz tərəfindən düşmən üzərində parlaq, tarixi qələbə qazanıldı. Dünyada böyük əks-səda doğuran İkinci Qarabağ müharibəsi Azərbaycanın öz müqəddəs torpaqlarını azad etməsi, Ermənistanın işğal siyasətinə birdəfəlik son qoyulması ilə nəticələndi. Müharibə günlərində Azərbaycanı öz yolundan döndərmək üçün göstərilən xarici təzyiqlərin və beynəlxalq təşəbbüslərin qarşısı dünya lideri kimi şöhrət qazanmış Prezident İlham Əliyevin qətiyyəti ilə diplomatik peşəkarlıqla alındı.
Vətən müharibəsində qazandığımız tarixi Zəfər həm də Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasının, böyük dirçəliş dövrünün başlanğıcıdır. Bu gün azad edilmiş ərazilərdə reallaşdırılan nəhəng bərpa-quruculuq işləri və soydaşlarımızın doğma yurdlarına dönüşünü təmin edən “Böyük qayıdış” proqramı öz miqyası və sürətinə görə dünyada analoqu olmayan möhtəşəm quruculuq modelidir. Bu möhtəşəm reallığın kökündə isə Ulu Öndər Heydər Əliyevin uzaqgörən dövlətçilik strategiyası, onun hələ onilliklər öncə əsasını qoyduğu milli və siyasi-ideoloji irs dayanır. Ümummilli Lider Heydər Əliyev yaxşı bilirdi ki, torpaqlarımızın azad edilməsi və gələcəkdə bərpası üçün ilk növbədə güclü iqtisadi təməl və qüdrətli ordu lazımdır. Məhz Ulu Öndərin müəllifi olduğu neft strategiyası və dövlət quruculuğu xətti bu gün azad Qarabağda ucalan “ağıllı şəhər”lərin, kəndlərin, beynəlxalq hava limanlarının, magistral yolların və tunellərin maliyyə-iqtisadi sütununu təşkil edir. Şuşanın, Ağdamın, Füzulinin, Laçının, Kəlbəcərin və digər cənnət guşələrimizin abadlaşdırılması hər şeydən əvvəl Ulu Öndərin ən böyük arzusunun və vəsiyyətinin yerinə yetirilməsidir. Ümummilli Liderin xalqımıza müraciətlərində hər zaman böyük inamla vurğuladığı “Biz Qarabağa qayıdacağıq, Şuşaya qayıdacağıq” kəlamı işğaldan azad olunmuş torpaqlarda həyatın bərpası ilə tam təsdiqini tapır. “Böyük qayıdış” proqramı çərçivəsində öz yurduna dönən hər bir azərbaycanlı həm də Ümummilli Liderin ruhunu şad edən tarixi bir missiyanın iştirakçısına çevrilir.
Milli dövlətçilik ideologiyasının və Ulu Öndərin zəngin irsinin qorunması, gələcək nəsillərə ötürülməsi və dünyada obyektiv şəkildə təbliği məsələsində dahi liderin adını daşıyan Heydər Əliyev Fondunun xidmətləri müstəsna əhəmiyyət kəsb edir. Ümummilli Lider Heydər Əliyev məktəbinin layiqli yetirməsi olan Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti kimi çoxşaxəli fəaliyyəti müstəqil dövlət quruculuğu prosesinin modernləşməsinə və davamlı islahatlarla təkmilləşməsinə fundamental töhfələr verir. Onun təkmil idarəçilik üslubu idarəetmə aparatının keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə, daha çevik və mükəmməl mexanizmlərlə çalışmasına xidmət edir. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi bu strateji missiya respublikanın davamlı inkişafını təmin etməklə yanaşı, cəmiyyətdə mənəvi mühitin saflığına, vətəndaş cəmiyyəti institutlarının möhkəmlənməsinə, ölkənin beynəlxalq nüfuzunun artmasına və ən əsası əhalinin sosial rifahının köklü şəkildə yaxşılaşdırılmasına yönəlib.
Heydər Əliyev Fondu Mehriban xanım Əliyevanın rəhbərliyi ilə torpaqlarımız işğaldan azad olunduğu ilk günlərdən etibarən həmin ərazilərin bərpa və quruculuq işlərinin ön cəbhəsində yer alaraq regionun mənəvi coğrafiyasını yenidən qurur. Uzun illər düşmən tapdağı altında qalan, dağıdılan və saxtalaşdırılmağa çalışılan dini, mədəni və tarixi abidələrimizin fundamental bərpası birbaşa Birinci vitse-prezidentin rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xətti ilə həyata keçirilir. Şuşadakı Yuxarı Gövhər ağa, Aşağı Gövhər ağa və Saatlı məscidlərinin, Ağdam Cümə məscidinin, eləcə də digər rayonlardakı müqəddəs ocaqlarımızın tarixi memarlıq üslubuna uyğun olaraq bərpası Ulu Öndərin milli-mənəvi dəyərlərə bağlılıq vəsiyyətinin ən ali səviyyədə icrasıdır.
Heydər Əliyev Fondunun fəaliyyəti təkcə keçmişin bərpası ilə məhdudlaşmır, həm də gələcəyin mədəni sütunlarını ucaldır. Ümummilli Liderin əsasını qoyduğu “Xarıbülbül” Musiqi Festivalının və Vaqif Poeziya Günlərinin onilliklər sonra yenidən Şuşada və digər azad olunmuş bölgələrdə qeyd edilməsi böyük missiyaya hamilik edən Heydər Əliyev Fondunun regiona milli ruhu necə sürətlə qaytardığının bariz sübutudur.
Eyni zamanda humanitar missiyanı rəhbər tutan fond işğaldan azad edilmiş yurd yerlərimizdə müasir təhsil və səhiyyə ocaqlarının qurulmasında, uşaq bağçalarının və məktəblərin inşasında fəal iştirak edir. “Böyük qayıdış” çərçivəsində öz doğma evlərinə dönən insanlarımızın keyfiyyətli həyat standartları ilə təmin olunması üçün Heydər Əliyev Fondu həm sosial, həm də infrastruktur dəstəyini davam etdirir. Beləliklə, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın sarsılmaz iradəsi və genişmiqyaslı fəaliyyəti sayəsində Qarabağ və Şərqi Zəngəzur bu gün dünyaya həm də Ulu Öndərin arzuladığı kimi öz mədəniyyəti, mənəviyyatı və milli kimliyi ilə yenidən bütöv və qüdrətli şəkildə təqdim olunur.
Dövlətçiliyimizin Qurtuluş tarixini yaradan, Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində və inkişafında müstəsna rol oynayan, daim millətinə arxalanan və xalqına dayaq olan Ümummilli Lider Heydər Əliyev bütün ömrünü ölkəmizin tərəqqisinə və firavanlığına həsr etmişdir. Ulu Öndərin həyat və fəaliyyəti hər bir azərbaycanlı üçün örnəkdir, güc mənbəyidir. Bugünkü müstəqil, suveren Azərbaycanın sürətli inkişafının təməli də məhz Heydər Əliyev tərəfindən qoyulub, möhkəmləndirilib. Bu gün Ümummilli Liderin təkrarsız siyasi-ideoloji kursu onun layiqli siyasi varisi olan qalib ölkənin dünyaşöhrətli lideri, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla, layiqincə davam və inkişaf etdirilir.
Qəhrəman vətən övladlarımızın, vətən fədailərimizin qanı, canı bahasına yaşayan müstəqil Azərbaycanın Milli Qurtuluşundan şanlı Zəfərimizə uzanan dövlətçilik salnaməsi böyük xalqımızın gələcək nəsillərinə ən böyük əmanəti, Ulu Öndər Heydər Əliyevin ideallarına isə ən ali sədaqətin nümunəsidir. Qurtuluşla başlayan böyük yol bu gün Böyük qayıdışla taclanır. Zaman keçir, tarixin səhifələri yenilənir, lakin Ümummilli Lider Heydər Əliyev dühasının memarı olduğu müstəqillik strategiyası yenə də Azərbaycanı addım-addım daha işıqlı sabahlara daşıyır. Bu gün hər birimiz zəngin dövlətçilik tarixinə malik olan müasir, güclü və müstəqil Azərbaycanla qürur duyuruq, belə qüdrətli dövlətin vətəndaşı olmağımızla fəxr edirik.
Bəxtiyar ƏSGƏROV,
Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru