Bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində müstəqil siyasət yürüdən ölkə kimi böyük nüfuza malikdir. Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdırılan qlobal layihələr ölkəmizin beynəlxalq mövqelərini möhkəmləndirməklə yanaşı, onu dünya miqyasında etibarlı tərəfdaşa çevirib.
Kanal32.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Mircəlil Qasımlı söyləyib.
Deputat bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində qeyd etdiyi kimi, həm Qərbdə, həm də Şərqdə Azərbaycan müstəqil xarici siyasət yürüdən, tamamilə müstəqil aktor kimi qəbul edilir. Eyni zamanda, ölkəmiz həm Rusiya, həm də NATO üzvü Türkiyə ilə müttəfiqlik əlaqələrinə malikdir. “Bu yanaşma, müasir Azərbaycanın regional və beynəlxalq müstəvidə yürütdüyü xarici siyasətin xüsusiyyətlərini açıq şəkildə ifadə edir. Azərbaycan ötən illər ərzində uğurlu xarici siyasət yürüdərək beynəlxalq miqyasda bütün tərəflərlə əməkdaşlıq münasibətlərinə malikdir. Beləliklə, Azərbaycanın həyata keçirdiyi çoxtərəfli diplomatiya gələcəkdə qlobal miqyasda baş verə biləcək gərginliklərin qarşısının alınmasına da önəmli töhfə verə bilər”, – deyə M.Qasımlı vurğulayıb.
Azərbaycan Prezidentinin müsahibədə Ermənistanın silahlandırılması, həmçinin sülh sazişi üzrə aparılan danışıqlarla bağlı önəmli məqamlara dair ölkəmizin mövqeyini bir daha bəyan etdiyini söyləyən deputat bildirib ki, dövlətimizin başçısı Fransa, Hindistan və ABŞ tərəfindən Ermənistana öldürücü hücum silahlarının tədarükünün Azərbaycan üçün praktik təhlükə yaratdığını vurğulayıb. Deputat deyib: “Azərbaycan dəfələrlə bəyan edib ki, ölkəmizə, xalqımıza qarşı istənilən təhdidin qarşısı dərhal alınacaqdır. Bu cür təhdidlər fonunda, Azərbaycan da özünün hərbi qüdrətini davamlı şəkildə artırır. Təbii ki, Ermənistandan fərqli olaraq Azərbaycan öz vəsaiti hesabına hərbi potensialını artırmaqdadır. Bu xüsusda, qarşıdan gələn ildə də müdafiə xərclərinə təxminən 5 milyard dollar vəsaitin ayrılması nəzərdə tutulub. Təbii ki, Ermənistanın silahlandırılması, bu ölkəyə müdaxilələr regionda sabitliyin bərqərar olmasına, inkişafa ciddi maneə törədir. Həmçinin Ermənistanın silahlandırılması fonunda Avropa İttifaqının heç bir lüzum olmadığı halda Azərbaycan ilə sərhəddə məqsədli şəkildə missiyasını davam etdirməsi ölkəmizin maraqlarına tamamilə ziddir və regionda gərginliyin artırılmasına xidmət edir. Həmçinin missiyanın tərkibinin genişləndirilməsi, kanadalı müşahidəçilərin cəlb edilməsi missiyanın məqsədinin xoşməramlı olmadığını açıq şəkildə göstərir. Bu xüsusda, müsahibədə möhtərəm Prezidentimiz açıq şəkildə bəyan etdi ki, Ermənistan tərəfindən Azərbaycan ilə sərhəddə başqa ölkələrin nümayəndələrinin yerləşdirilməməsi ilə bağlı ölkəmizin tələbinin qəbulu və icrası zəruridir. Sülh danışıqları üzrə razılaşdırılmayan digər maddə isə tərəflərin bir-birinə qarşı beynəlxalq iddialardan əl çəkmələri ilə bağlıdır. İşğal dövründə Ermənistan tərəfindən Azərbaycana 150 milyard dollardan çox zərərin vurulması ilə bağlı faktın özü təbii ki, maddənin Ermənistan üçün də məqbul olduğunu göstərir”.
Deputat bildirib ki, müsahibəsində dövlətimizin başçısı cari ilin noyabrında ölkəmizin yüksək təşkilatçılığı ilə keçirilən COP29 tədbiri ilə bağlı məsələyə də xüsusi diqqət yetirdi. Azərbaycan 11 ay ərzində mötəbər konfransın yüksək səviyyədə təşkili üçün bütün məsələləri uğurla həyata keçirdi. Yetmiş mindən çox insanın qatıldığı konfrans tarixi nailiyyətlərlə yadda qaldı. “Bakı dönüşü” adlandırılan konfransda karbon bazarları üzrə 2015-ci ildən müzakirə olunan məsələnin razılaşdırılması xüsusi önəm kəsb edir.
“Təbii ki, ölkəmizin qazandığı uğurlar bəzi dairələr, o cümlədən Fransada hakimiyyətdə olan Makron rejimi tərəfindən qısqanclıqla qarşılanır. Xüsusilə Azərbaycanın Vətən müharibəsində və antiterror əməliyyatlarında qazandığı qələbələr, regionda yaranan yeni reallıqlar onları narahat edir. Lakin bütün bu qısqanclıqlar heç bir nəticə vermir və verə də bilməz. COP29 tədbiri bir daha göstərdi ki, Azərbaycana qarşı həyata keçirilən qarayaxma kampaniyaları, yalan xəbərlər heç bir nəticə verə bilməz. Bir sözlə, dövlətimizin başçısının “Rossiya Seqodnya”ya müsahibəsində səsləndirdiyi fikirlər Azərbaycanın beynəlxalq hüquqa və ədalətə söykənən mövqeyinin təqdimatıdır.