Müzəffər Ali Baş Komandanımız, cənab İlham Əliyevin ilk dəfə prezident seçilməsindən 21 il ötür.
2003-cü il 15 oktyabr tarixində Azərbaycan xalqı İlham Əliyevi özünə Prezident seçib və bu 21 illik şərəfli tarix xalqımızın necə düzgün seçim etdiyinin göstəricisidir.
Heç də təsadüfi deyil ki, unudulmaz Ümummilli liderimiz Heydər Əliyev xalqını düşünərək, dövlətin gələcək taleyinə biganə qalmayaraq, eyni zamanda Sizin bu potensialınızı zamanında görüb və layiqincə qiymətləndirərək 2003-cu ildə Azərbaycan xalqına müraciət etmişdi.
Müraciətdə deyilirdi: “Üzümü sizə – həmvətənlərimə tutaraq qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası Sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellekt, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firəvanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Bəli, dahi şəxsiyyət Sizə özü qədər inandı. Siz də bu inamı layiqincə doğruldursunuz. Məhz Şuşamızın alınması xəbərini xalqa çatdıran zaman söylədiyiniz ifadələr xalqımızın yaddaşından heç vaxt silinməyəcək. Siz “Mən bu gün, eyni zamanda, Ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik!” söyləməklə xalqımızın qan yaddaşında formalaşmış, min illər boyu yaşatdığı bu kimi ənənələrin davamçısı olduğunuzu da bir daha subut etdiniz.
Bu nəticələrin söykəndiyi tarixi reallıqlar var. Bildiyimiz kimi millət, xalq, cəmiyyət… etnosun özünütəşkil modelinin müxtəlif səviyyələri olmaqla son dərəcə mürəkkəb sistemdir. Azərbaycanın qurucu liderləri tarixən ən çıxılmaz, ən mürəkkəb şəraitlərdə daim milli sistemi yaşatmağa, dirçəltməyə, milli varlığımızı məhv olmaqdan qorumağa çalışmışlar. Bu, Azərbaycan milli tarixinin yaşam fəlsəfəsidir: tarixi yaradanlardan biri olan Azərbaycan xalqı dünyanı özünün etnik-mədəni enerjisi ilə zənginləşdirməyə bəlkə də hamıdan artıq haqqı olan xalqdır. Dünya tarixi və mədəniyyətinə zəngin töhfələr vermiş xalqımız möhtəşəm milli dövlətçilik ənənələri yaratmışdır. Bu ənənələr qan yaddaşı kimi hər bir azərbaycanlının milli şüur və yaddaşının silinməz genlərini təşkil edir. Xalqın yetişdirdiyi liderin gücü – savadı, biliyi, müdrikliyi, ağlı, təcrübəsi, həyat fəlsəfəsi, millətə və milli kimliyinə olan sevgisi öz ifadəsini onda tapır ki, milli sistemi təşkil edən hər bir elementin gücünü Milli Vəhdət modelində qovuşdurub, vahid gücə çevirə bilsin. Bu cəhətdən körpəlikdən dünya siyasətinin nəhənglərindən biri olan Heydər Əliyevin yanında dövlətçilik, idarəçilik məktəbini cənab Prezident, Siz uğurla davam etdirdiniz və Azərbaycan qarşısında müstəsna tarixi xidmətlərinizdən biri də o oldu ki, xalqımızı düşmən üzərində qələbə çalmağa bütöv millət halında apara bildiniz.
Tarix çox qələbələrə şahidlik edib. Ancaq onların az bir qismində xalq qələbəni məhz milli vəhdət sayəsində qazanıb. Xalqımız və onun güclü lideri bütün dünyaya sübut edə bildi ki, Azərbaycan milli birlik yaratmağa, milli vəhdətə nail olmağa, bir “dəmir yumruq” kimi birləşməyə qadir xalqdır. Danılmaz faktdır ki, Azərbaycan dövlət kimi mövcudluğundan bəri bu qədər güclü, bu qədər müstəqil və azad olmayıb.
Sizin Vətən müharibəsi ilə bağlı xalqa yekun müraciətinizdə “Biz döyüş meydanında, siyasi müstəvidə Qələbə qazanmışıq və bu Qələbə ölkəmiz üçün yeni dövr açır” söyləməniz bütün xalqımız tərəfindən inamla qəbul edilir. Çünki Siz qoca zamanı öz hökmünü dəyişməsinə məcbur etdiniz. Bəli, bu gün dünyanın ən qüdrətli dövlətləri sırasındayıq. Artıq yalnız Azərbaycanın deyil, dünyanı narahat edən problemlərin həll olunmasında iştirakımız var. Dünyanın ən böyük tədbirlərinə ev sahibliyi edirik.
Bütün bunlara görə cənab Prezident, Sizə borcluyuq, bütün xalq Sizi böyük məhəbbətlə sevir və sonunadək dəstəkləyir!
Sadiq Qurbanov,
Milli Məclisin Təbii ehtiyyatlar, energetika və ekologiya komitəsinin sədri