Əziz və dəyərli Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları!
Xalqa və dövlətə sədaqətlə xidmət edən, milli maraqların və mənafelərin keşiyində layiqincə dayanan, Azərbaycanın təhlükəsizliyi əleyhinə yönəlmiş təhdidlərin, müxtəlif cinayətkar qəsdlərin qarşısının alınmasında əzmkarlıq nümayiş etdirən milli təhlükəsizlik orqanlarının yaranmasının 103-cü ildönümü tamam olur. Ölkəmizdə sabitliyin, qanunçuluğun, hüquq qaydalarının təminatında özünəməxsus rolu və yeri olan bu strukturun bütün əməkdaşlarını bu münasibətilə təbrik edir, çətin və şərəfli işlərində uğurlar arzulayıram.
Məlumat üçün qeyd edim ki, Azərbaycanda ilk milli təhlükəsizlik orqanı 1919-cu il martın 28-də yaradılıb. Xalq Cümhuriyyətinin hərbi naziri Səməd bəy Mehmandarovun əmri ilə nazirlik tərkibində kəşfiyyat və əks-kəşfiyyat bölməsi (kvartirmeyster) təşkil edilib. Qurumun ilk rəhbəri Məmmədbağır Şeyxzamanlı, sonra onun qardaşı Nağı Şeyxzamanlı təyin edilib. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, 1 noyabr 1991-ci il tarixdə Milli Təhlükəsizlik Nazirliyi yaranıb. Ümummilli Lider Heydər Əliyevin 23 mart 1997-ci il tarixli Fərmanı ilə 28 mart – Milli təhlükəsizlik orqanları işçilərinin peşə bayramı günü elan olunub. Uğurlu milli təhlükəsizlik siyasətinin əsası Ümummilli Lider tərəfindən qoyulmuş və Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilmişdir.
Sovet dövründə bu qurum əvvəlcə Fövqəladə Komissiya (“ÇK”) adlanıb, bir müddət Daxili İşlər Xalq Komissarlığının (“NKVD”) tərkibində fəaliyyət göstərib, sonra Dövlət Təhlükəsizlik Komitəsi təşkil olunub. 1967-ci ilədək respublikanın təhlükəsizlik orqanlarına qeyri-azərbaycanlılar rəhbərlik ediblər. Həmin il general Heydər Əliyev Azərbaycan DTK-nın sədri təyin olunub. Heydər Əliyevin Dövlət Təhlükəsizlik Komitəsində fəaliyyətə başlaması bu orqanın tarixində milli prioritetlərin müəyyənləşməsi kimi xarakterizə edilən yeni dövrün başlanğıcı olmuşdur. Heydər Əliyev xalqına qarşı törədilən haqsızlıqları, başlıcası isə gedən prosesləri, sovet reallıqlarını iç tərəfdən tam aydınlığı, olduğu kimi görmüş, həmin dövrdən də qarşısına yalnız Azərbaycan naminə çalışmaq kimi yüksək məqsəd qoymuş, möhkəm, mətin və sarsılmaz iradəli şəxsiyyət kimi formalaşmışdır. Danılmaz faktr ki, Ümümmilli Liderin bu fəaliyyəti müstəqilliyimizin təmin olunmasında müstəsna rol oynamışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 23 may 2007-ci il tarixdə təsdiq edilmiş mühüm strateji sənəd olan Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası qəbul edilmişdir. Həmin sənədə əsasən Azərbaycan Respublikasının Milli Təhlükəsizlik siyasətinin əsas istiqamətləri müəyyənləşdirilmişdir. Konsepsiyaya əsasən: “Suveren dövlət kimi, Azərbaycan Respublikası daxili və xarici siyasət vasitələrindən istifadə edərək mövcud təhlükəsizlik mühitində təhdidlərin nəzarət altında saxlanılmasına və aradan qaldırılmasına, habelə ölkənin milli maraqlarının təmin edilməsinə yönəlmiş milli təhlükəsizlik siyasətini formalaşdırır və həyata keçirir.
Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasəti xarici və daxili təhlükəsizlik arasında mövcud ayırıcı xətləri əhatə edən və adekvat çoxfunksiyalı tədbirlər tələb edən təhdidlərin müxtəlif ölçülü xarakterini nəzərə alır”.
Dövlətçiliyin əsas atributlarından biri də, təhlükəsizlik mühitinin yaradılması, uzunmüddətli strateji hədəflərin əldə edilməsində qarşıya çıxan maneələrin və təhdidlərin aradan qaldırılmasıdır.
Təhlükəsizlik siyasətinin əsas komponentini 2 kateqoriyaya ayırmaq olar.
Milli və dövlət təhlükəsiliyinin təmin olunması (xarici və daxili amillər nəzərə alınmaqla )
Təhlükəsizliyi təhdid edən halların aradan qaldırılması (xarici və daxili amillər nəzərə alınmaqla )
Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasətinin əsas komponentləri kimi təhlükəsizliyin xarici siyasət vasitələri ilə təmin edilməsi, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması, Avropa və Avro-Atlantik strukturlara inteqrasiya, beynəlxalq təhlükəsizliyə töhfə, beynəlxalq təşkilatlarla əməkdaşlıq, regional əməkdaşlıq və ikitərəfli münasibətlər, region ölkələri ilə əməkdaşlıq, qeyri-region ölkələri ilə əməkdaşlıq və sair istiqamətləri özündə ehtiva edir.
Xüsusi ilə bir məsələni qeyd etmək istəyirəm milli təhlükəsizlik siyasətimizin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmiş müdafiə qabiliyyətinin möhkəmləndirilməsi daimi cənab Prezident İlham Əliyevin diqqət mərkəzində olmuşdur.
Azərbaycan Respublikasının müdafiə qabiliyyəti ölkənin milli maraqlarını təmin etmək üçün əsas amillərdən biridir.
Azərbaycan Respublikasının müdafiə siyasəti milli resurslara və mövcud təhlükəsizlik vəziyyətinə əsaslanan, demokratik nəzarət altında olan müdafiə qabiliyyətinin inkişaf etdirilməsinə və saxlanmasına əsaslanır. Azərbaycan Respublikasının Silahlı Qüvvələri ölkənin müdafiə qabiliyyətinin əsasını təşkil edir.
Azərbaycan Respublikasının milli müdafiə siyasətinin əsasını aşağıdakılar təşkil edir:
– bütün ölkələrlə dinc yanaşı yaşama;
– digər dövlətlərin suverenliyinə və müstəqilliyinə hörmət və onların daxili işlərinə qarışmama;
– mövcud dövlət sərhədlərinin bütövlüyü və onların dəyişməzliyi;
– beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi;
– hərbi quruculuqda konkret qüvvələr nisbətini nəzərə almaqla zəruri müdafiə kifayətliliyi məfhumunun dəstəklənməsi.
Təsadüfi deyil ki, 44 günlük tarixi Zəfər Müharibəsindən sonra cənab Prezident İlham Əliyev ölkənin müdafiə qabiliyyətinin daimi möhkəmləndirilməsini xüsusi ilə vurğulamışdır.
Konsepsiyada əksini tapmış informasiya, enerji, nəqliyyat təhlükəsizliyi, ətraf mühitin və əhalinin sağlamlığının mühafizəsi siyasəti hazırkı dünyada xüsusi ilə aktuallıq kəsb edir.
Bu gün Azərbaycan təhlükəsiz və sabit dövlət imicinə malik bir ölkədir. Dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi altında görülən işlərin nəticəsində Azərbaycan hazırda dünyada ən sabit ölkələrdən birinə çevrilmişdir. Təbii ki, xalqımızın milli maraq və mənafelərinin, təhlükəsizliyin, ölkəmizdə sabitliyin və əmin-amanlığın qorunmasında təhlükəsizlik xidməti orqanlarının xüsusi rolu danılmazdır. Vətənpərvərlik və dövlətçilik ideallarına , Azərbaycan xalqının tarixi-mədəni irsinə, milli-mənəvi və bəşəri dəyərlərə hörmət hissi, eyni zamanda ümummilli liderimiz Heydər Əliyevin azərbaycançılıq, dövlətçilik və müstəqillik ideyalarının həyata keçirilməsi istiqamətdəki fəaliyyəti dövlət təhlükəsizliyi orqanlarının keçdiyi yolu daha da şərəfləndirərək cəmiyyətdə müsbət imicin formalaşmasında mühüm amil kimi çıxış edir.
Digər tərəfdən isə möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun canı-qanı bahasına ermənı ordusunun “məğlubedilməz” mifini 44 günə dağıdılmasında, o cümlədən bütün xarici və daxili qüvvələri xalqımızın iradəsi ilə hesablaşmağa məcbur edilməsində, ərazi bütövlüyümüzün bərpa olunmasındakı fəaliyyətinizi də xalqımız yüksək qiymətləndirir.
Möhtəşəm Qələbəmizdən sonra keyfiyyətcə yeni mərhələyə qədəm qoyan Azərbaycanımızın qarşısında hələ görüləcək çox işlər var. Azərbaycan dövlət təhlükəsizliyi orqanları hazırda zəngin tarixinin ən məsuliyyətli dövrünü yaşayır. Bu mərhələ ölkə daxilində və onun hüdudlarından kənarda keyfiyyətcə yeni reallıqlar və maraqlar zəminində cərəyan edən proseslərlə bilavasitə bağlı olmaqla, Azərbaycana qarşı daxili və xarici təhdidlərin konkretləşməsi və sistemləşdirilməsi, milli mənafelərin hərtərəfli və etibarlı təmin olunması üçün kompleks və ardıcıl tədbirlərin həyata keçirilməsi ilə səciyyəvidir. Müasir dövr, həmçinin qloballaşma və inteqrasiya proseslərinin dərinləşməsi, dünyanın coğrafi-siyasi mənzərəsində dəyişikliklərin baş verməsi, bütün beynəlxalq aləmi təhdid edən yeni təhlükələrlə xarakterikdir. Ümid edirəm ki, xalqımızın bütün çətin sınaqlardan çıxmasında həmişə olduğu kimi bu gün də dövlət təhlükəsizliyi orqanlarının əməkdaşları üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcək və daima təhlükəsizliyimizi qoruyacaq, dünyada ədalətin təmin olunmasına öz töhfələrini verəcəkdir.
Bir daha gününüz mübarək!
Sadiq Qurbanov,
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri