Müasir Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin idarəçilik ənənələrini yeni dövrün tələblərinə uyğun olaraq daha da zənginləşdirən dövlət başçısı cənab İlham Əliyev xalqın problemlərinə, arzu və istəklərinə həssaslıqla yanaşır və bunu bütün məmurların qarşısında zəruri tələb kimi qoyur. Fəaliyyətində xalqına güvənən, arxalanan dövlət başçısı xalqa xidmətdən böyük şərəf duyur. “Mənim işim ondan ibarətdir ki, xalqa xidmət etməliyəm. Onu da edirəm və bundan sonra da edəcəyəm. Bütün işlərimdə mən xalqa arxalanıram. Əgər təşəbbüslərimiz xalq tərəfindən dəstəklənməsəydi, bütün bu işləri görmək mümkün olmazdı” deyən ölkə başçısı idarəçilikdə, fəaliyyətdə, düşüncədə yenilik və sivil dəyərlərin tətbiqini zəruri sayır.
Dövlət başçısının gerçəkləşdirdiyi uğurlu diplomatiya son 18 ildə Azərbaycanın bölgədə və dünyada layiqli yerini tapmasını, regional liderliyini təmin etmişdir. Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istismara verilməsi, TAP, TANAP layihələrinin reallaşdırılması, üç süni peykin orbitə buraxılması Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki mövqelərini daha da gücləndirmişdir. Azərbaycan Ölkə Prezidentinin həyata keçirdiyi müdrik daxili və xarici siyasət nəticəsində saysız-hesabsız uğurlara imza atmışdır. Məhz məqsədyönlü siyasətin nəticəsi olaraq bu gün Azərbaycanın inkişaf modeli dünyada təqdir olunur, öyrənilməsinin vacibliyi bildirilir: “Ölkəmizin 2008-ci ildə dünyada baş verən və nəticələri bu günə qədər davam edən iqtisadi və maliyyə böhranından az itki ilə çıxmasını şərtləndirən əsas amil də məhz iqtisadiyyatını düzgün əsaslar üzərində qurmasıdır”.
Son illərdə neft-qaz gəlirlərinin iqtisadiyyatın şaxələndirilməsinə yönəldilməsi davamlı inkişafı təmin edən mühüm amillərdəndir.Ümumilikdə dövlət başçısı cənab İlham Əliyevin müvafiq göstərişi ilə təsdiqlənən sosial islahat paketləri nəticəsində müavinət və təqaüdlərin, pensiya və əməkhaqqlarının ciddi şəkildə artımı təmin edilib, yeni sosial təminat növləri təsis olunub. 2018-ci ilin əvvəli ilə müqayisədə ölkəmizdə orta aylıq nominal əmək haqqı məbləği 39%, əmək pensiyalarının orta məbləği 60%, sosial müavinətlərin orta məbləği 2 dəfə, Prezidentin təqaüdlərinin orta məbləği 2,2 dəfə artıb. Son üç ildə ölkəmizdə xalis minimum əməkhaqqının xalis orta aylıq əməkhaqqına olan nisbəti 2018-ci ildəki 26,5%-dən 2020-ci ildə 38%-ə yüksəlib, bu da aşağı gəlirli vətəndaşlarımızın rifahının artırılması, layiqli əmək haqqı hədəflərinə nail olunması və həmin nisbətin Avropa Sosial Xartiyası normalarına uyğunluğunun təmin edilməsində ciddi irəliləyişdir.Ümumilikdə son üç ildə ölkəmizdə fərman, sərəncam, qanun və s. ibarət olmaqla qəbul edilən 900-dən çox normativ-hüquqi akt əhalinin sosial rifahın yaxşılaşdırılmasına xidmət edən sənədlər olub və sosial təminat növləri üzrə ödəniş alanların sayı 160 min nəfər artaraq 2,4 milyonu ötüb. Sevindirici haldır ki, bu gün Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncam əhalinin, xüsusilə həssas qruplardan olan vətəndaşların sosial rifahının qorunmasını təmin edir. Sərəncam beynəlxalq bazarlardakı proseslərin ölkədaxili qiymətlərə sirayət etməsinin ölkə əhalisinə, xüsusilə həssas əhali qruplarına mənfi fəsadlarının yumşaldılması və əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi daşıyır. Beləliklə, aztəminatlı əhali təbəqəsi üçün kommunal tariflərin dəyişdirilməsi onların gəlirlərinin artırılması istiqamətində atılan addımlarla uzlaşdırılır.Bu məqsədlə Nazirlər Kabinetinə əməkhaqlarının, pensiya və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılması ilə bağlı 2022-ci ilin dövlət büdcəsi layihəsində müvafiq tədbirlərin əks etdirilməsi üçün təkliflər hazırlanması və dövlət başçısına təqdim edilməsi tapşırılıb. Həmin təkliflərin hazırlanmasına artıq başlanıb.
Bu gün Azərbaycan dünyanın iqtisadi cəhətdən ən dinamik inkişaf edən ölkəsi imicini qazanıb. Azərbaycan bu gün həm regionda, həm də beynəlxalq müstəvidə öz yeri, rolu və xüsusi çəkisi olan ölkədir. Eyni zamanda Azərbaycan 2021-ci ildə Vətən müharibəsini Zəfərlə başa vurub, 30 illiş işğala son qoyan qüdrətli dövlətdir. Respublikamızın beynəlxalq təşkilatlarda da nüfuzu çox yüksəkdir. Ümumilikdə Dövlət başçısının təşəbbüsü ilə əhalinin rifahı naminə hesablanmış bu kimi xüsusi tədbirlərin həyata keçirilməsi Azərbaycanda sosial-iqtisadi inkişafın təmin edilməsinə zəmin yaradacaqdır.
İlham Məmmədov
Millət vəkili
Kanal32.az