Mingəçevir Dövlət Universitetinin (MDU) 12-ci Bakı Beynəlxalq Kitab Sərgisindəki stendində tanınmış alim, texniki elmlər doktoru, professor Tahir Cəfərovun “Elektrik işığının qaranlıqları” kitabının təqdimatı keçirilib.
KANAL32.az-a verilən məlumata görə,görüş zamanı müəllif gənclərlə fikir mübadiləsi aparıb, elmi yaradıcılığı, energetika sahəsindəki araşdırmaları və müasir texnologiyaların tətbiqi barədə fikirlərini bölüşüb.
2026-cı il oktyabrın 21–27-də Bakı Ekspo Mərkəzində keçirilən sərgi kitab mədəniyyətinin təşviqi, elmi biliklərin paylaşılması və müəlliflərlə oxucular arasında ünsiyyətin genişləndirilməsi baxımından mühüm platformadır. MDU-nun sərgidə iştirakı universitetin elmi nəşrlərinin tanıdılması, akademik potensialının nümayişi və gənclərin intellektual inkişafının dəstəklənməsi məqsədlərinə xidmət edir.
Beynəlxalq Ekoenergetika Akademiyasının professoru Tahir Cəfərov uzun illər Azərbaycanın energetika sektorunda müxtəlif vəzifələrdə çalışıb. O, Mingəçevir Su Elektrik Stansiyasında, Dövlət Enerji Nəzarət İdarəsində, Mingəçevir Elektrik Şəbəkəsində, Sənaye və Energetika Nazirliyində, eləcə də alternativ və bərpaolunan enerji sahəsində fəaliyyət göstərən qurumlarda çalışaraq zəngin peşəkar təcrübə qazanıb. Energetika siyasətinin formalaşdırılması və Avropa İttifaqının ekspertləri ilə birgə müvafiq qanun layihələrinin hazırlanmasında iştirak edib. Hazırda “Azərişıq” ASC-nin Tədris Mərkəzində müasir texnologiyaların tətbiqi üzrə məsləhətçi vəzifəsində çalışır.
Alimin elmi yaradıcılığı elektroenergetika sisteminin səmərəliliyinin artırılması, hidroakkumulyasiya elektrik stansiyalarının rolu, bərpaolunan enerji mənbələrinin energetika sisteminə inteqrasiyası və müasir texnologiyaların tətbiqi kimi aktual məsələləri əhatə edir. Tahir Cəfərov “Bərpa Olunan Enerji Mənbələrinin Energetika Sisteminə inteqrasiyasında Hidroakkumulyasiya Elektrik Stansiyalarının rolu”, “Elektroenergetika – varlıqla yoxluğun astanasında”, “Smart market. Elektroenergetika – islahatlar və intellektual bazar” və “Elektrik işığının qaranlıqları” kitablarının, eləcə də energetika sahəsinə dair 50-yə yaxın elmi məqalə və layihənin müəllifidir.
Təqdimat zamanı professor Tahir Cəfərov MDU-nun rektoru Anar Eminova xüsusi minnətdarlığını bildirib. Universitetdə elmi və yaradıcı fəaliyyət üçün yaradılan şəraitə görə təşəkkürünü ifadə edən alim rektorun təşəbbüslərini və rəhbərliyi ilə həyata keçirilən işləri müsbət qiymətləndirib. O, elmi fəaliyyətin dəstəklənməsini, akademik mühitin inkişafını və gənclərin biliklərə marağının artırılmasını universitetin inkişafı baxımından əhəmiyyətli istiqamətlər kimi dəyərləndirib.
Anar Eminovun rəhbərliyi dövründə MDU-da elmi-tədqiqat fəaliyyətinin təşviqi, akademik nəşrlərin dəstəklənməsi və universitetin elmi potensialının inkişafı istiqamətində həyata keçirilən təşəbbüslər müəllim və tədqiqatçıların öz bilik və təcrübələrini daha geniş auditoriyaya çatdırmaları üçün imkanlar yaradır. Professor Tahir Cəfərovun minnətdarlığı da elmi yaradıcılığa göstərilən diqqətin və universitetdə formalaşan akademik əməkdaşlıq mühitinin əhəmiyyətini ifadə edir.
Gənclərlə fikir mübadiləsi görüşün diqqətçəkən məqamlarından biri olub. Müəllifin peşəkar təcrübəsini və elmi müşahidələrini bölüşməsi iştirakçılara energetika sahəsindəki yeniliklər, müasir texnologiyalar və elmi tədqiqatların praktiki əhəmiyyəti barədə daha ətraflı məlumat əldə etmək imkanı verib.
Qeyd edək ki, Mingəçevir Dövlət Universiteti 12-ci Bakı Beynəlxalq Kitab Sərgisində elmi və akademik nəşrlərini, professor-müəllim heyətinin tədqiqat əsərlərini, müəllim və tələbələrin müəllifi olduqları kitabları nümayiş etdirir. Universitetin sərgidə iştirakı elmin, təhsilin və mədəniyyətin qarşılıqlı əlaqələrinin gücləndirilməsinə, mütaliə mədəniyyətinin təşviqinə və MDU-nun elmi-intellektual potensialının geniş auditoriyaya tanıdılmasına xidmət edir.