MDU-nun Elmi Şurasının yeni tədris ili üzrə növbəti iclası keçirilib-FOTO

Mingəçevir Dövlət Universitetinin Elmi Şurasının 2025/2026-cı tədris ili üzrə növbəti və geniştərkibli iclası keçirilib. İclasda universitetin Elmi Şurasının üzvləri, struktur bölmə rəhbərləri iştirak edib.

KANAL32.az-a verilən məlumata görə,iclası giriş sözü ilə açan rektor Anar Eminov Elmi Şuranın gündəliyində duran məsələlər barədə Şura üzvlərinə ətraflı məlumat verib.

Gündəlikdə ilk olaraq 2025/2026-cı tədris ilinin payız imtahan sessiyasının nəticələrinin yekunları haqqında hesabat təqdim olunub. Hesabatda imtahan sessiyasının nəticələri, mövcud vəziyyət və qarşıda duran vəzifələr məlumat verilib. Hesabat Elmi Şura üzvləri tərəfindən müvafiq təklif və tövsiyələr verilərək qəbul edilib.

Sonra MDU-da təcrübə və karyera inkişafı sahəsində görülən işlər haqqında məsələ üzrə hesabat dinlənilib. Hesabatda tələbə və magistrantların istehsalat və pedoqoji təcrübələrinin təşkili, təcrübə yerlərinin və rəhbərlərin təyin edilməsi, karyera imkanlarının genişləndirilməsi və bu istiqamətdə həyata keçirilən tədbirlər barədə məlumat verilib, müzakirələr aparılıb.

İclas cari məsələlərin dinlənilməsi ilə davam edib. Cari məsələlər çərçivəsində Apellyasiya Komissiyasının hesabatı dinlənilib. Hesabatda edilən apellyasiya müraciətlərinin statistikası barədə məlumat verilib. Eyni zamanda, 2025/2026-cı tədris ilinin payız imtahan sessiyasında 100 bal toplayan tələbələrə, eləcə də Orhun Mübadilə Proqramı çərçivəsində keçirilən müsabiqələrdə qalib gələn tələbələrə 500 manat məbləğində rektorun birdəfəlik təqaüdünün verilməsi barədə qərar qəbul edilib.

Bundan əlavə, Mingəçevir Dövlət Universiteti ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti arasında iş birliyinin genişləndirilməsi, tələbə-müəllim mübadiləsinin təşkili məqsədilə İşçi Qrupunun yaradılması haqqında məsələ Elmi Şuranın diqqətinə çatdırılıb və təsdiq edilib.

İclasda Elmi-Metodiki Şuranın yeni tərkibinin təsdiq edilməsi, bakalavr və magistratura təhsil səviyyələri üzrə imtahan və tədris prosesinə dair bir sıra normativ məsələlər, o cümlədən imtahan qayda pozuntuları ilə bağlı tətbiq edilən mexanizmlər və magistratura təhsil səviyyəsi üzrə fənn proqramlarının təsdiqi haqqında məsələlər də müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib. Bakalavriat təhsil səviyyəsi üzrə imtahan prosesində yol verilən qayda pozuntularına görə imtahandan kənarlaşdırılan tələbələrin fənnin kredit dəyərinin 25%-ni ödəməklə təşkil olunan imtahanlara buraxılmaması və akademik borların alt qruplar üzrə ödənilməsi qaydasının tətbiq edilməsi ilə bağlı Elmi Şura qərar qəbul edib.

İclasın sonunda rektor Anar Eminov 2025/2026-cı tədris ilinin payız semestrinin imtahan sessiyasının obyektiv və şəffaf formada təşkilinə görə universitetin akademik-inzibati heyətinə təşəkkürünü bildirib. 

MDU-nun Elmi Şurasının yeni tədris ili üzrə növbəti iclası keçirilib-FOTO