16 yanvar 2026-cı il tarixində Mingəçevir Dövlət Universitetinin Elmi Şurasının 2025/2026-cı tədris ili üzrə növbəti iclası keçirilib.
Rektor Anar Eminov gündəlikdə duran məsələlər barədə Şura üzvlərinə ətraflı məlumat verib.
Gündəlikdə universitetə tələbə və magistrantların istehsalat və pedaqoji təcrübəyə göndərilməsi məsələsi əsas mövzulardan biri olub. Tələbələrin istehsalat və pedaqoji təcrübələrinin keyfiyyətinin artırılması, təcrübə bazalarının genişləndirilməsi və əməkdaşlıq imkanlarının artırılması bağlı hesabat dinlənilib. Hesabat Elmi Şura üzrləri tərəfindən müvafiq təklif və tövsiyələr verilərək qəbul edilib.
Sonra, universitetin təbliğatının aparılması və yeni tələbələrin cəlbi istiqamətində görüləcək işlərlə bağlı məsələ Elmi Şura üzvlərinin diqqətinə çatdırılıb. Bu məsələ üzrə rektorun məruzəsi dinlənilib, tələbə qəbulu prosesinin daha effektiv təşkili, tanıtım və təbliğat işlərinin gücləndirilməsi ilə bağlı təkliflər müzakirə olunub, müvafiq tapşırıqlar verilib.
İclas cari məsələlərin müzakirəsi ilə davam edib. Cari məsələlər çərçivəsində “MDU-da professor-müəllim heyətinin fəaliyyətinin stimullaşdırılması sisteminin tətbiqi Qaydaları” müzakirə olunaraq təsdiqlənib. Həmçinin ştat cədvəli üzrə nəzərdə tutulan əməkdaşlara əmək haqqına aid olmayan, həvəsləndirici xarakter daşıyan maddi yardımın ödənilməsi barədə qərar qəbul edilib.
Eyni zamanda, MDU-da əyani və qiyabi təhsil formasında fərdi tədris qruplarının yaradılması haqqında məsələ müzakirə olunub və bununla bağlı təkliflər dinlənilib.
İclasın sonunda rektor Anar Eminov hazırda davam edən imtahan sessiyasında tələbə və magistrantlara uğurlar arzulayıb, imtahan prosesinin yüksək səviyyədə təşkili üçün zəhmət çəkən universitet əməkdaşlarına isə təşəkkürünü ifadə edib.