MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb-FOTOLAR

Mingəçevir Dövlət Universiteti (MDU) ilə Mingəçevir Tekstil Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) arasında əməkdaşlıq memorandumu imzalanıb.

KANAL32.az-a verilən məlumata görə,görüş zamanı universitet ilə onun nəzdində fəaliyyət göstərən Dayanıqlı Enerji və Mühəndislik Sistemləri Tədqiqat İnstitutu arasında mövcud və perspektiv əməkdaşlıq istiqamətləri, birgə elmi-tədqiqat fəaliyyətinin genişləndirilməsi, eləcə də qarşıdakı dövr üçün yeni əməkdaşlıq imkanları ətraflı müzakirə edilib.

Müzakirələr çərçivəsində “Mingəçevir Tekstil” MMC sənayesinin ehtiyaclarını və fəaliyyət istiqamətlərini əks etdirən tətbiqyönümlü elmi-tədqiqatların aparılması, universitet–sənaye əməkdaşlığının genişləndirilməsi və elmi nəticələrin real istehsalat mühitinə inteqrasiyası məsələlərinə xüsusi diqqət yetirilib.

Əməkdaşlığın əsas istiqamətlərindən biri kimi MDU-da “Mingəçevir Tekstil” MMC -nin fəaliyyət sahələrini əks etdirən müasir laboratoriyanın yaradılması məsələsi nəzərdən keçirilib.

Laboratoriyanın tələbələrin praktiki hazırlığının gücləndirilməsi, tətbiqi tədqiqatların aparılması, yeni texnologiyaların öyrənilməsi və universitet-sənaye əməkdaşlığının institusional əsaslarının möhkəmləndirilməsinə xidmət etməsi nəzərdə tutulur.

Bununla yanaşı, birgə elmi-tədqiqat layihələrinin hazırlanması və həyata keçirilməsi, magistrantların dissertasiya mövzularının “Mingəçevir Tekstil” MMC sənayesinin aktual problemləri və texnoloji ehtiyacları əsasında müəyyənləşdirilməsi, tələbələrin şirkətin istehsalat və texnoloji mühitində təcrübə və praktiki hazırlıq keçmələrinin təşkili imkanları müzakirə edilib. Tərəflər əməkdaşlığın yalnız təhsil və təcrübə mübadiləsi ilə məhdudlaşmaması, eyni zamanda tətbiqi elmi-tədqiqat, innovasiya, texnologiya transferi və sənaye problemlərinin elmi əsaslarla həllinə yönəldilməsi barədə razılığa gəliblər.

Bu əməkdaşlığın MDU-da sənaye yönümlü tədqiqatların inkişafına, tələbələrin əmək bazarının tələblərinə uyğun praktiki və peşəkar kompetensiyalarının formalaşdırılmasına, eləcə də universitet–sənaye–tədqiqat institutu əməkdaşlığının daha da gücləndirilməsinə töhfə verəcəyi gözlənilir.

5 il müddətinə qüvvədə olacaq Memorandum MDU ilə sənaye sektoru arasında uzunmüddətli əməkdaşlığın inkişafına və tələbələrin müasir əmək bazarının tələblərinə uyğun praktiki hazırlığının gücləndirilməsinə xidmət edəcək.

    

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb-FOTOLAR