Mingəçevir Dövlət Universiteti (MDU) ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şəki Regional Elmi Mərkəzi arasında elmi tədqiqat, innovasiya və akademik əməkdaşlığın genişləndirilməsinə dair memorandum imzalanıb.
KANAL32.az-a verilən məlumata görə,sənədi Mingəçevir Dövlət Universitetinin elm və innovasiya məsələləri üzrə prorektoru Natəvan Namazova və AMEA-nın Şəki Regional Elmi Mərkəzinin direktoru Kamil Adışirinov imzalayıblar.
Memorandum tərəflər arasında elmi əlaqələrin sistemli inkişafını, fundamental və tətbiqi tədqiqatların təşviqini, eləcə də ölkə daxilində və beynəlxalq səviyyədə birgə elmi fəaliyyət imkanlarının genişləndirilməsini nəzərdə tutur. Görüşdə birgə tədqiqat proqramlarının hazırlanması, elmi layihələrin həyata keçirilməsi və yerli və beynəlxalq qrant müsabiqələrində iştirak imkanları müzakirə olunub.
Müzakirələrdə MDU-nun Dayanıqlı Enerji və Mühəndislik Sistemləri Tədqiqat İnstitutunun birgə layihələrdə iştirakı xüsusi vurğulanıb. İnstitutla Mərkəz arasında dayanıqlı enerji, su ehtiyatlarının səmərəli idarə olunması, ətraf mühitin mühafizəsi, mühəndislik sistemləri və innovativ texnologiyalar üzrə fənlərarası tədqiqatların təşkili nəzərdən keçirilib. Bu istiqamətlərdə regionun ekoloji və iqtisadi ehtiyaclarına cavab verən tədqiqat ideyalarının layihələrə çevrilməsi və müvafiq qrant proqramlarına təqdim edilməsi müzakirə olunub.
Gənc tədqiqatçıların və doktorantların birgə elmi fəaliyyətə cəlb edilməsi, tədqiqatçılar arasında bilik və təcrübə mübadiləsi, konfrans və seminarlarda birgə iştirak da əməkdaşlığın gündəliyinə daxildir. Tədqiqat nəticələrinin nüfuzlu beynəlxalq elmi jurnallarda dərc edilməsi və elmi ictimaiyyətə təqdim olunması imkanlarına da diqqət yetirilib.
Əməkdaşlığın növbəti mərhələsində prioritet tədqiqat istiqamətləri üzrə birgə fəaliyyət planlarının hazırlanması, layihə qruplarının formalaşdırılması və qrant təşəbbüslərinin irəli sürülməsi nəzərdə tutulur. Bu tərəfdaşlıq MDU-nun regional elmi əlaqələrinin genişləndirilməsinə və tətbiqi tədqiqatların real sektorun ehtiyacları ilə əlaqələndirilməsinə xidmət edir.