Dekabrın 13-də Mingəçevir Dövlət Universitetində (MDU) “Yeni dövrdə təhsil və tədqiqat fəaliyyəti: reallıqlar və çağırışlar” mövzusunda II beynəlxalq elmi konfrans (ISCERA 2024) keçirilib.
Kanal32.az-ın məlumatına görə konfrans iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib və önünə gül dəstələri düzüblər.
Torpaqlarımızın azadlığı uğurunda canından keçən Vətən oğlullarının və Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bit dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
II beynəlxalq elmi konfransı (ISCERA 2024)MDU-nun rektoru Üzeyir Zeynalov açıq elan edib və konfransın işi barədə iştirakçılara ətraflı məlumat verib. O bildirib ki,Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Mingəçevir Dövlət Universiteti və Mingəçevir şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı, Qazi Universiteti (Türkiyə), Ankara Hacı Bayram Veli Universiteti (Türkiyə), Düzce Universiteti (Türkiyə), Kayseri Universiteti (Türkiyə), RISEBA Tətbiqi Elmlər Universiteti (Latviya), Mykolas Romeris Universiteti (Litva), Qırğız İqtisad Universiteti (Qırğızıstan), Kiyev Milli Texnologiya və Dizayn Universitetinin (Ukrayna) tərəfdaşlığı ilə keçirilən konfransa 54 yerli ali təhsil və elmi tədqiqat müəssisəsindən, həmçinin 8 xarici ölkənin 26 universitetindən ümumilikdə 500-ə yaxın tezis və məqalə daxil olub.
Tədbirdə çıxış edən Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov konfrans iştirakçılarının salamlayaraq onlara uğurlar arzulayıb. Azərbaycan dövlətinin təhsil siyasəti haqqında danışıb və Mingəçevirin və MDU-nun ölkə təhsilinə verdiyi töfhələri danışıb.
Konfransın açılım mərasimi yekunlaşdıqdan sonra, plenar iclasa keçilmədən əvvəl, MDU-nun rektoru Üzeyir Zeynalov ilə Düzce Universiteti rektoru Nedim Sözbir tərəfindən iki ali təhsil müəssisəsinin elmi-pedaqoji sahədə, ikili diplom proqramını da əhatə edən qarşılıqlı əməkdaşləğa dair Anlaşma Memorandumu imzalanıb.
Memorandum çərçivəsində tərəflər müştərək elmi-pedaqoji tədbirlərin (konfrans, seminar, dəyirmi masa, ustad dərslər) təşkili, professor-müəllim heyətinin müddətli mübadiləsi, tələbələrin müddətli mübadiləsi və ən əsası ikili diplom proqramı çərçivəsində bir neçə ixtisas üzrə tələbə mübadiləsinin həyata keçirilməsi, o cümlədən beyləlxalq layihələr üzrə əməkdaşlıq fəaliyyətləri də daxil olmaqla, çoxaspektli əməkdaşlıq haqqında məqsəd və niyyətlərini ortaya qoyublar.
Konfrans plenar iclasla davam edib.Plenar iclas zamanı müxtəlif mövzularda 5 məruzə dinlənilib.
Plenar iclasda Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri, Pedaqogika elmləri doktoru, professor Müseyib İlyasov “Ali pedaqoji təhsildə səriştə əsaslı kadr hazırlığı üzrə işin təşkili”, Qazi Universitetinin Dr., professor Pınar Bilasa “Təhsil və tədqiqat fəaliyyətlərində milli və beynəlxalq təcrübənin inteqrasiyası”, AMEA-nın Dilçilik İnstitutu, şöbə müdiri, Filologiya elmləri doktoru, professor İsmayıl Kazimov “Ali məktəblərdə tələbələrin tədqiqatçılıq bacarığının formalaşdırılması yolları”, Elm və Təhsil Nazirliyi, İqtisadiyyat İnstitutu, şöbə müdiri, İqtisad üzrə fəlsəfə doktoru, dosent Allahyar Muradov “Təhsilin inkişafının və bilik iqtisadiyyatı quruculuğunun tənzimləyici amilləri: müasir çağırışlar və mövcud imkanlar”, Mingəçevir Dövlət Universiteti, kafedra müdiri, Filologiya üzrə fəlsəfə doktoru, dosent Mehdi Rəhimov “Müasir universitetlər XXI əsrdə: ali təhsilin gələcəyinə bir baxış” mövzusunda məruzələrlə çıxış ediblər.
Daha sonra konfrans işinə 3 bölmə üzrə ümumilikdə 11 sektorda davam etdirib. İclaslarda təhsil və tədqiqat sahəsində qarşıya çıxan aktual məsələlər müzakirə edilmiş, müasir yanaşmalar və həll yolları təklif edilmişdir. Tədbir iştirakçıları, həmçinin təcrübə mübadiləsi edərək, elmi və tədris fəaliyyətində yenilikçi modellərin tətbiqi imkanlarını araşdırmışlar.
Konfrans çərçivəsində keçirilən bölmə iclaslarında müxtəlif sahələr üzrə alimlər, tədqiqatçılar və mütəxəssislər bir araya gələrək, təhsil və tədqiqatda yeni çağırışlarla bağlı fikir mübadiləsi aparmışdır. Tədbir, təhsil və elm sahəsində gələcək əməkdaşlıqlar üçün yeni imkanlar yaratmaq baxımından böyük əhəmiyyət kəsb edir.
Qeyd edək ki,konfrans öz işini dekabrın 14-də yekunlaşdıracaq.
Kanal32.az