Mingəçevir Dövlət Universitetində nəticəyönümlü akademik fəaliyyətin qiymətləndirilməsi üzrə rəqəmsal idarəetmə modeli istifadəyə verilib.
2026-cı ilin 17 iyun tarixində Mingəçevir Dövlət Universitetində diferensial əməkhaqqı sisteminə keçid və professor-müəllim heyətinin akademik fəaliyyətinin nəticəyönümlü qiymətləndirilməsi ilə bağlı görüş keçirilib.
Universitetin kafedra müdirləri və bir qrup struktur bölmə rəhbərinin iştirak etdiyi görüşdə Akademik Stimullaşdırma və İndeksləmə Sistemi – ASİS platforması təqdim olunub. Bildirilib ki, asis.mdu.edu.az platforması akademik heyətin elmi-tədqiqat, layihə, innovasiya və peşəkar inkişaf fəaliyyətlərinin şəffaf, obyektiv və ölçüləbilən meyarlar əsasında qiymətləndirilməsi məqsədilə hazırlanıb.
Görüşdə ASİS platformasının funksionallığı barədə MDU-nun Rəqəmsal inkişaf və İnformasiya Texnologiyaları Mərkəzinin nəzdində fəaliyyət göstərən Rəqəmsal informasiya şöbəsinin rəqəmsal xidmətlər üzrə baş mütəxəssisi Əziz Əmiraslanov tərəfindən ətraflı təqdimat edilib. Təqdimat zamanı sistemdə qeydiyyat, məlumatların daxil edilməsi, akademik fəaliyyət göstəricilərinin elektron formada təqdim olunması və nəticələrin rəqəmsal platforma üzərindən formalaşdırılması mexanizmləri izah olunub.
Qeyd edilib ki, ASİS platforması vasitəsilə akademik heyətin “Web of Science” və “Scopus” bazalarında indekslənən elmi məqalələri, beynəlxalq və milli layihələrdə iştirakı, patent fəaliyyəti, konfrans materialları, dərslik və dərs vəsaitləri, eləcə də beynəlxalq dil və peşəkar sertifikatları sistemli şəkildə nəzərə alınacaq.
Yeni sistemin tətbiqi MDU-da akademik fəaliyyətin daha ədalətli qiymətləndirilməsinə, elmi məhsuldarlığın artırılmasına, sağlam akademik rəqabət mühitinin formalaşdırılmasına və universitetin beynəlxalq elmi görünürlüğünün gücləndirilməsinə xidmət edir.
Bildirilib ki, 2026-cı ilin yekunları əsasında ASİS platforması üzərindən akademik heyətin fəaliyyət göstəricilərinə dair reytinqin formalaşdırılması nəzərdə tutulur. Bu yanaşma Mingəçevir Dövlət Universitetində nəticəyönümlü idarəetmə, rəqəmsal transformasiya və akademik mükəmməlliyin təşviqi baxımından yeni mərhələ kimi dəyərləndirilir.