Klassik irsə müasir baxış: Mir Cəlal Paşayev
Aprelin 24-də Mingəçevir Dövlət Universitetində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, alim və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasının 118-ci ildönümünə həsr olunmuş elmi-praktik konfrans keçirilib.
Konfransı giriş nitqi ilə açan universitetin rektoru Anar Eminov Mir Cəlal Paşayevin Azərbaycan ədəbiyyatının,ictimai fikir tariximizin,eyni zamanda ədəbiyyatşünaslıq elminin inkişafındakı müstəsna rolundan danışıb. Rektor bildirib ki, görkəmli ədəbin yaradıcılığı milli-mənəvi dəyərlərin qorunması, ədəbi-estetik düşüncənin formalaşması və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından bu gün də aktuallığını qoruyur. “Azərbaycanda ədəbi məktəblər (1905-1917)” əsərində Mir Cəlal Paşayev XX əsrin əvvəllərində inqilabi-demokratik meyillərlə əlaqədar baş verən ictimai-siyasi hadisələr kontekstində Azərbaycanda realizm, romantizm ədəbi məktəbləri, maarifçi-didaktik yazıçılar və xırda məişət dramları haqqında müfəssəl tədqiqatlar aparmış, əhatəli elmi nəticələr əldə etmişdir.
Anar Eminov onu da vurğlayıb ki,bu kimi elmi-praktik konfranslar universitetimizdə humanitar elmlərə marağın artırılmasına, klassik ədəbi irsin müasir yanaşmalar əsasında yenidən təhlilinə və tələbələrimizin tədqiqat bacarıqlarının inkişafına mühüm töhfə verir.
Sonra konfrans çərçivəsində universitet müəllimlərinin elmi məruzələri dinlənilib.Qeyd edilib ki,XX əsrin ədəbi-elmi fikrinin korifeylərindən sayılan Mir Cəlal Paşayev çağdaş Azərbaycan tarixində ədəbiyyatşünas-nəzəriyyəçi alim kimi də müstəsna və özünəməxsus yer tutub.
İnteraktiv müzakirələrlər davam edən konfransda Mir Cəlalın ədəbi irsinin müasir dövr üçün əhəmiyyəti ön plana çəkilib.
Azər Səfərli