Universitetin bir qrup tələbəsi informasiya təhlükəsizliyi və saxta məlumatlara qarşı mübarizənin yollarını öyrəniblər.
3 aprel 2026-cı il tarixdə Mingəçevir Dövlət Universitetində Beynəlxalq Jurnalistlər Federasiyasının üzvü, politoloq,”Kanal32″ Media Şəbəkəsinin təsisçisi İnqilab Şirinlinin təşəbbüsü, MDU-nun təşkilatçılığı ilə “İnformasiya təhlükəsizliyi, saxta məlumatlara qarşı mübarizə və media savadlılığı” mövzusunda infosessiya keçirilib.
Kanal32.az-ın məlumatına görə, tədbirin keçirilməsində əsas məqsəd qlobal təhdidlərin sürətlə artdığı bir dövrdə tələbələri müasir informasiya mühitində mövcud olan risklər, dezinformasiya halları,kibertəhlükələr və media savadlılığı barədə maarifləndirmək, onların informasiya təhlükəsizliyi sahəsində bilik və bacarıqlarını artırmaq olub.
İnfosessiya zamanı İnqilab Şirinli bildirib ki,çağdaş dövrdə informasiya cəmiyyətin əsas strateji resurslarından birinə çevrilib. İnformasiya təkcə bilik mənbəyi deyil, eyni zamanda siyasi, iqtisadi və ideoloji təsir alətidir. Məhz bu səbəbdən informasiya təhlükəsizliyi məsələsi dövlətimizin milli təhlükəsizliyin ayrılmaz tərkib hissəsi kimi çıxış edir. Bu gün dünyada ən böyük təhdidlərdən biri saxta məlumatlar, dezinformasiyalar və informasiya manipulyasiyalarıdır. Saxta xəbərlər cəmiyyətin psixoloji durumuna təsir edir, ictimai etimadı sarsıdır, dövlət institutlarına qarşı inamsızlıq yaradır və bəzən ciddi sosial qarşıdurmalara səbəb olur.
Ekspert Azərbaycan dövlətinin Milli Təhlükəsizlik Konsepsiyası çərçivəsində informasiya təhlükəsizliyinin əhəmiyyəti, sosial şəbəkələrdə yayılan yanlış məlumatların təsiri, kiberhücumların qarşısının alınması və təhlükəsiz internet istifadəsi haqqında geniş məlumat verib. Eyni zamanda tələbələrə düzgün və etibarlı informasiya mənbələrinin seçilməsi, şəxsi məlumatların qorunması və mediadan düzgün istifadə qaydaları barədə tövsiyələrini çatdırıb.
O da vurğulanıb ki,informasiya təhlükəsizliyinin qorunması və saxta məlumatlara qarşı mübarizə müasir dövrün əsas çağırışlarından biridir. Güclü informasiya mühiti güclü dövlət və sağlam cəmiyyət deməkdir. Bu mübarizədə maarifli və məsuliyyətli yanaşma ən güclü silahımızdır.
İnfosessiyanın sonunda iştirakçılar mövzu ilə bağlı fikirlərini bölüşüb və onları maraqlandıran sualları səsləndiriblər. İnteraktiv müzakirələr şəraitində keçən infosessiya tələbələr tərəfindən böyük maraqla qarşılanıb.
Azər Səfərli