2026-cı ilin 11 mart tarixində Mingəçevir Dövlət Universitetində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Şəhərsalma və memarlıq fəaliyyətinin hüquqi əsasları” mövzusunda dəyirmi masa keçirilib.
Universitetin Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə MDU-nun bir qrup akademik-inzibati heyət üzvləri, Mingəçevir şəhər İcra Hakimiyyətinin və Mingəçevir şəhər Bələdiyyəsinin nümayəndələri iştirak ediblər.
Dəyirmi masanı açıq elan edən Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Azərbaycanda keçirilməsi və “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar danışaraq qeyd etmişdir ki, bu cür beynəlxalq tədbirlərin ölkəmizdə təşkil olunması Azərbaycan şəhərlərinin dayanıqlı inkişafı, müasir urbanizasiya prinsiplərinin tətbiqi və milli memarlıq irsinin qorunaraq gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
O vurğulamışdır ki, Azərbaycanda “Şəhərsalma və Memarlıq İli”nin elan edilməsi ölkədə həyata keçirilən genişmiqyaslı quruculuq və abadlıq prosesinin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Bu təşəbbüs şəhərlərin planlı inkişafı, müasir infrastrukturun yaradılması, ekoloji balansın qorunması və insanların daha komfortlu yaşayış mühitinin təmin olunmasına xidmət edir.
Rektor qeyd etmişdir ki, Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq urbanizasiya gündəliyində fəal iştirakını nümayiş etdirir və qlobal miqyasda şəhərlərin dayanıqlı inkişafı ilə bağlı müzakirələrin aparılması üçün mühüm platforma yaradır. Bu forum vasitəsilə dünyanın müxtəlif ölkələrindən olan mütəxəssislər, alimlər və şəhərsalma sahəsində fəaliyyət göstərən qurumlar bir araya gələrək müasir şəhər idarəçiliyi, innovativ memarlıq həlləri və ekoloji şəhər konsepsiyaları barədə fikir mübadiləsi aparacaqlar.
Anar Eminov bildirmişdir ki, “Şəhərsalma və Memarlıq İli” ilə Ümumdünya Şəhərsalma Forumunun ölkəmizdə keçirilməsi bir-birini tamamlayan iki mühüm hadisədir. Bu təşəbbüslər Azərbaycanın şəhərsalma sahəsində qazandığı təcrübənin beynəlxalq səviyyədə təqdim olunmasına, eyni zamanda qabaqcıl dünya təcrübəsinin ölkəmizdə tətbiqinə şərait yaradacaqdır. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən “ağıllı şəhər” və “ağıllı kənd” layihələri bu baxımdan mühüm nümunə kimi diqqəti cəlb edir.
Rektor həmçinin qeyd etmişdir ki, ali təhsil müəssisələri də bu prosesdə mühüm rol oynayır. Universitetlərdə memarlıq, şəhərsalma, ekologiya və mühəndislik istiqamətlərində aparılan elmi tədqiqatlar şəhərlərin dayanıqlı inkişafı üçün yeni ideyaların formalaşmasına töhfə verir. Bu baxımdan Mingəçevir Dövlət Universiteti də gənc mütəxəssislərin hazırlanması, innovativ yanaşmaların təşviqi və beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir.
Sonda Anar Eminov vurğulamışdır ki, Ümumdünya Şəhərsalma Forumunun Azərbaycanda keçirilməsi və “Şəhərsalma və Memarlıq İli”nin elan olunması ölkəmizin müasir şəhərsalma strategiyasının inkişafına güclü təkan verəcək, Azərbaycan şəhərlərinin daha müasir, ekoloji və dayanıqlı inkişaf modelinə uyğun formalaşmasına mühüm töhfə verəcəkdir.
Daha sonra “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş videoçarx nümayiş olunub.
Ardınca tədbirin proqramına uyğun olaraq müxtəlif mövzuları əhatə edən məruzələr dinlənilib. Mingəçevir şəhər İcra Hakimiyyətinin baş memarı Etibar Abdullayev “Mingəçevir şəhərinin baş planı və şəhərin uzunmüddətli perspektivləri”, MDU-nun Humanitar fənlər kafedrasının müdiri Esmira Cəfərova “Şəhərsalma və Mmearlıq İli”: Azərbaycanın gələcəyə hesablanmış inkişaf strategiyasının ifadəsi”, universitetin dosenti, memarlıq üzrə fəlsəfə doktoru Ofeliya Məmmədova “Müasir şəhərsalma siyasəti və dayanıqlı inkişaf strategiyaları”, baş müəllim Hüseyn Əsgərov “Azərbaycanda şəhərsalmanın normativ-hüquqi bazası”, Mingəçevir şəhər Bələdiyyəsinin nümayəndəsi Zahid Qasımlı “Şəhərsalma və milli memarlıq irsinin qorunması”, Mexanika kafedrasının müdiri Mahir İsmayılov “Nəqliyyat-logistika sistemlərinin şəhərsalma siyasətində rolu”, hüquqşünas Polad Atayev “Ekoloji risklər və şəhərsalma məsuliyyəti” və dosent Nizami Zeynalov “Post-münaqişə dövründə yeni şəhərlərin qurulması: Qarabağ modeli” mövzusunda məruzələrlə çıxışlar ediblər.
Təqdim olunan məruzələr dəyirmi masa iştirakçıları tərəfindən maraqla qarşılanıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb və iştirakçıların sualları cavablandırılıb. Tədbir çərçivəsində şəhərsalma və memarlıq fəaliyyətinin hüquqi əsaslarının təkmilləşdirilməsi, bu sahədə normativ-hüquqi bazanın tətbiqi və müasir şəhər inkişafı modelləri barədə müzakirələr aparılıb.
Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində müxtəlif elmi-praktik tədbirlərin keçirilməsi davam etdirilir və bu istiqamətdə həyata keçirilən təşəbbüslər universitetin elmi və ictimai fəaliyyətinin inkişafına mühüm töhfə verir.