Macarıstanlı musiqiçilər Bakı Musiqi Akademiyasında çıxış ediblər

İyunun 1-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) Macarıstan Respublikasının Azərbaycandakı səfirliyinin təşkilatçılığı, “Vişeqrad” qrupunun sədrliyi və Bakı Musiqi Akademiyasının əməkdaşlığı ilə “Avropanın yenidən yüklənilməsi” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Macarıstanın Azərbaycandakı səfirinin Mədəniyyət məsələləri üzrə attaşesi Mixail Qruber tədbirin əhəmiyyətindən söhbət açıb.

Bu il Azərbaycanla Macarıstan arasında diplomatik münasibətlərin 30 illiyinin qeyd olunduğunu deyən Mixail Qruber bildirib ki, münasibətlər tək strateji tərəfdaşlıqla bitmir, mədəniyyətin bütün sahələrini əhatə edir: “1930-cu illərdə klassik musiqidə Macarıstan-Azərbaycan əlaqəsi təsirli olub. O dövrdə macar musiqiçiləri Ödön Partoş, İştvan Ştrasser Azərbaycan klassik musiqisində mühüm yer tutublar. Biz tədbirə ev sahibliyi edənlərlə birgə əlaqəni bərpa etmək üçün ilk addımı atacağıq və növbəti günlərdə Ferens List adına Musiqi Akademiyası ilə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası arasında müqaviləni rəsmi şəkildə yekunlaşdıracağıq”.

O, Musiqi Akademiyasının kollektivinə təşəkkürünü bildirib və qonaqları konserti izləməyə dəvət edib.

Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə BMA-nın səhnəsində olmaqdan qürur hissi keçirdiyini söyləyib. Qeyd edib ki, uşaqlar da bu səhnəni tanınmış sənətçilərlə birgə bölüşəcək. Bildirib ki, uşaqların bu konserti onların ilk çıxışıdır və ifaları böyüklərdən geri qalmır.

Sonra tamaşaçılara “Vişeqrad” qrupu tərəfindən təşkil edilmiş Azərbaycan Uşaqlar İctimai Birliyinin sərgisi və tuba ifaçısı Zalan Kovaç və arfa ifaçısı Klara Babelinin ifasında konsert proqramı təqdim edilib.