“Məni dinləyin” adlı monotamaşanın nümayişi maraqla qarşılanıb-FOTOLAR

“Azərbaycan İncəsənət Məktəbi” MMC və Azərbaycan Texniki Universitetinin (AzTU) birgə əməkdaşlığı çərçivəsində, həssas kateqoriyadan olan gənclərin iştirakı ilə hazırlanan “Məni Dinləyin” adlı sürrealizm üslublu tamaşanın təqdimatı keçirilib.

KANAI32.az-a verilən məlumata görə,tədbirdə millət vəkilləri, dövlət rəsmiləri, tanınmış incəsənət xadimləri, universitetin müəllim-professor və tələbə heyəti iştirak edib.

Tədbir ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Açılışda çıxış edən AzTU-nun rektoru, professor Vilayət Vəliyev qonaqları salamlayaraq inklüzivliyin müasir cəmiyyətdəki mühüm rolundan bəhs edib. Rektor sənətin gücü ilə fiziki və sosial maneələrin necə aşılacağına şahidlik etdiyimizi bildirərək, inklüzivliyin təkcə sosial layihə deyil, həm də cəmiyyətin mənəvi yetkinlik və humanizm göstəricisi olduğunu vurğulayıb. Xüsusilə tamaşanın baş rol ifaçısı Fatimə Əsədzadənin universitetin həm bakalavr, həm də magistr pilləsini bitirmiş dəyərli bir məzun olduğunu qeyd edən professor, bu hadisənin Texniki Universitetin qapılarının hər zaman öz məzunlarının üzünə açıq olmasının və hər bir tələbənin fərdi inkişaf yolunda onlara dəstək verilməsinin bariz nümunəsi olduğunu diqqətə çatdırıb.

Azərbaycan İncəsənət Məktəbinin təsisçisi, tamaşanın müəllifi və quruluşçu rejissoru Fərid Bağırov isə çıxışında layihənin bədii fəlsəfəsi və qlobal əhəmiyyəti barədə ətraflı məlumat verib. O, sürrealizm elementləri ilə zəngin olan bu səhnə əsərinin insanın daxili aləminin sərhədsizliyini və həssas kateqoriyalı gənclərin cəmiyyətə çatdırmaq istədiyi dərin mesajları özündə ehtiva etdiyini bildirib. Rejissor sənətin universallığının lokal sərhədləri aşaraq qlobal humanitar dəyərlərə xidmət etdiyini və müasir dövrdə bu cür layihələrin reallaşmasının ölkəmizin mədəniyyət strategiyasında sosial bərabərliyin nə dərəədə fundamental prioritet olduğunu təsdiqlədiyini vurğulayıb.

Tamaşanın emosional yükünü və estetik təsir gücünü artıran mühüm məqamlardan biri də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın “Dünya yuxutək əriyir” şeirlər toplusundan seçilmiş nümunələrin səhnə əsərində yer alması olub. Poeziyanın incə ruhu tamaşanın fəlsəfi qatlarını daha da zənginləşdirib.

Səhnə əsəri bitdikdən sonra, həssas kateqoriyaya aid olan istedadlı gənc Nurlan Məmmədzadə dahi müğənni Müslüm Maqomayevin repertuarından “Azərbaycan” mahnısını ifa edərək tədbirə möhtəşəm sonluq qatıb.

Tədbirin yekununda millət vəkilləri və incəsənət xadimləri öz təəssüratlarını bölüşərək, tamaşanın cəmiyyət üçün yüksək mənəvi əhəmiyyətini yüksək qiymətləndiriblər.

 

“Məni dinləyin” adlı monotamaşanın nümayişi maraqla qarşılanıb-FOTOLAR