Məhsim Məhsimov-Peşəkarlığı və məsuliyyəti ilə seçilən televiziya rəhbəri

Azərbaycan televiziya məkanında bölgə mediasının inkişafına mühüm töhfə verən jurnalistlərdən biri də ARB Günəş televiziya kanalının direktoru Məhsim Məhsimovdur. Uzun illərdir televiziya sahəsində çalışan media rəhbəri öz fəaliyyəti ilə peşəkar jurnalistikanın, müasir televiziya idarəçiliyinin və milli-mənəvi dəyərlərin təbliğinin tərəfdarı kimi tanınır. Məhsim Mənsimov jurnalistikaya bölgə müxbiri kimi başlayıb. 2000-ci ildə birlikdə çalışdığımız LiderTV-nin Şimal bölgəsinin sosial, siyasi və mədəni həyatı haqqında, eləcə də araşdırma reportajları ilə dövrün audiovizual məkanında səs salırdı.  Sonrakı illərdə televiziya sahəsində qazandığı təcrübə onu rəhbər vəzifələrə qədər gətirib çıxarıb. O, əvvəlcə RTV (Regional TV) və ARB Şimal televiziyalarının inkişafında mühüm rol oynayıb, daha sonra isə Azərbaycanın ilk uşaq televiziya kanalı olan ARB Günəş televiziyasının konseptini hazırlayaraq yeni tematik telekanalın  arxiteknonikasını yaradaraq rəhbərlik etməyə başlayıb. Yarandığı dövrdən indiyə kimi kanal uşaqların maariflənməsinə, milli-mənəvi dəyərlərin aşılanmasına üçün keyfiyyətli televiziya məhsullarının hazırlanmasına xüsusi diqqət yetirən Məhsim Məhsimov hesab edir ki, uşaq televiziyası yalnız əyləncə vasitəsi deyil, həm də gələcək nəslin formalaşmasına xidmət edən mühüm ictimai platformadır. Bu baxış ARB Günəşin proqram siyasətində öz əksini tapıb. Kanalda yayımlanan maarifləndirici, mədəni, elmi və vətənpərvərlik ruhunda hazırlanan layihələr minlərlə uşağın və ailənin rəğbətini qazanıb.

Jurnalist kimi də Məhsim Məhsimov daim cəmiyyətin aktual problemlərinə həssas yanaşması ilə seçilib. O, televiziya layihələrində peşəkarlıq, obyektivlik və milli maraqların qorunmasını əsas prinsiplərdən biri hesab edir. Son illərdə Vətən Müharibəsi qəhrəmanlarına həsr olunan sənədli filmlərin hazırlanmasında da fəal iştirak edir və müəllif, prodüser və layihə rəhbəri kimi layihələrə imza atıb. O, həm də ictimai fəaliyyəti ilə bölgədə seçilən nüfuza malikdir. Regional Mediaya Dəstək İctimai Birliyinin təsisçisi və bir çox media maarifləndirmə layihələrinin müəllifidir. 2021-ci ildə Xaçmazın Qıraqlı kəndində öz həyətinin bir hissəsini ayırararaq qurduğu Qələbə parkı Xaçmazın Qarabağ Müharibəsi Şəhidlərinin xatirəsini yaşadan ictimai məkana çevrilib.  Biz həmkarlar Məhsim Məhsimovu zəhmətkeş, tələbkar, yaradıcı düşüncəli və kollektivlə işləməyi bacaran rəhbər kimi xarakterizə edirik. Gənc jurnalistlərin yetişdirilməsi, televiziya peşəkarlığının inkişafı və milli media məktəbinin gücləndirilməsi istiqamətində fəaliyyətini xüsusi qiymətləndiririk. Məhsimin fəaliyyəti göstərir ki, televiziya yalnız informasiya məkanı deyil, həm də cəmiyyətin mənəvi inkişafına xidmət edən mühüm bir institutdur. O, peşəsinə sədaqəti, yaradıcı yanaşması və milli media qarşısındakı məsuliyyət hissi ilə Azərbaycan televiziya məkanında özünəməxsus yer tutan media rəhbərlərindən biridir. Belə peşəkar insanların fəaliyyəti Azərbaycan jurnalistikasının inkişafına və televiziya ənənələrinin gələcək nəsillərə ötürülməsinə mühüm töhfə verməyə davam edir.

Məhsim dostluğa sədaqətli, peşəsinə vurğun media adamı kimi də bizim üçün dəyərlidir. Həyatda elə insanlar var ki, onlarla tanışlıq illər keçdikcə daha da dəyər qazanır. Çünki zaman onların kimliyini, xarakterini və insanlara münasibətini daha aydın göstərir. Məhsim mənim üçün belə insanlardan biri, uzun illərdir dostluq və həmkarlıq münasibətlərini bölüşdüyüm dəyərli adamdır. Bizim dostluq əlaqələrimizi bir az da möhkəmləndirən tələbə yoldaşım, dostum xalq artisti Gülyanaq Məmmədovadır. Gülyanaq son illər Məhsimin şeirlərinə bəstələnmiş bir neçə mahnının ifaçısı kimi də onun yaradıcılığına rəng qatıb. Bundan əlavə Türkdilli ölkələrlə bağlı bir neçə musiqi kontenti Məhsimin dəstəyi ilə hazırlanıb və geniş auditoriyaya təqdimat törənləri həyata keçirilib. Məhsimi 26 ildir tanıyıram. Onun peşəsinə olan sevgisinin, işinə məsuliyyətlə yanaşmasının və daim yenilik axtaran yaradıcı təfəkkürünün şahidiyəm. O, televiziyanı sadəcə bir iş yeri kimi deyil, cəmiyyət qarşısında məsuliyyət daşıyan böyük bir missiya hesab edir. Elə buna görə də rəhbərlik etdiyi kollektivdə peşəkarlıq, qarşılıqlı hörmət və sağlam yaradıcılıq mühiti hökm sürür. Məhsim Məhsimov Azərbaycanın audiovizual məkanında öz dəst-xətti olan media rəhbərlərindən biridir. O, həm jurnalist, həm təşkilatçı, həm də yaradıcı insan kimi hər zaman ideyaları ilə seçilib. Gənclərə dəstək verməsi, yeni televiziya layihələrinin hazırlanmasına xüsusi diqqət yetirməsi və milli-mənəvi dəyərlərin qorunmasını fəaliyyətinin əsas istiqamətlərindən biri hesab etməsi onun peşəkar simasını tamamlayan xüsusiyyətlərdir. Mənim üçün Məhsimin ən böyük üstünlüyü onun insanlığıdır. O, dostluqda etibarlı, sözdə və əməldə səmimi, çətin günlərdə yanında olmağı bacaran insanlardandır. Uğurları ilə lovğalanmayan, qazandığı hörməti zəhməti ilə əldə edən insanlara həmişə xüsusi rəğbət bəsləmişəm. Məhsim də məhz belə şəxsiyyətlərdəndir.

Bu günlərdə onun 50 yaşı tamam oldu. Əlli il… Bir əsrin yarısı… Arxasında zəngin həyat yolu, peşə uğurları, qazandığı hörmət və yetişdirdiyi insanlar dayanır. İnanıram ki, qarşıdakı illər onun yaradıcılıq bioqrafiyasına yeni uğurlar, yeni televiziya layihələri və yeni nailiyyətlər əlavə edəcək.

Əziz dostum Məhsim!

Səni yubileyin münasibətilə də ürəkdən təbrik edirəm. Arzu edirəm ki, həyatının hər günü bugünkü kimi mənalı, uğurlu və sevinc dolu olsun. Sağlamlığın möhkəm, ailən xoşbəxt, dostların daim yanında olsun. Yaradıcılıq eşqin heç vaxt tükənməsin, yeni uğurların Azərbaycan mediasının inkişafına daha böyük töhfələr versin. İnanıram ki, hələ uzun illər Azərbaycan televiziyasına öz dəyərli töhfələrini verəcək, peşəkar jurnalist və bacarıqlı rəhbər kimi yeni nəsillərə örnək olacaqsan.

50 yaşın qutlu olsun, əziz dostum! Yeni ömrün uğurlar, xoşbəxtlik və yeni zirvələrlə zəngin olsun!

 

İqbal Məmmədəliyev,

ELTV-nin baş direktoru, ADMİU-nun Kino və televiziya sənətləri kafedrasının baş müəllimi

   

Məhsim Məhsimov Peşəkarlığı və məsuliyyəti ilə seçilən televiziya rəhbəri