Laçının rayonunun Şamkənd sakinlərindən təqdirəlayiq addım-FOTOLAR

Laçının Şamkənd kəndində şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin açılışı olub.

KANAL32.az-a verilən məlumata görə,abidə kompleksi dövlətin bərpa və quruculuq işlərinə dəstək məqsədilə kənd sakinlərinin təşəbbüsü ilə inşa edilib. Mərasimdə Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin və Laçın Rayon Mərkəzi Xəstəxanasının əməkdaşları, Laçın Rayon Müharibə və Əmək Veteranları təşkilatının sədri,  şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, kənd sakinləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra abidə kompleksinin önünə əklil və gül dəstələri düzülüb. Mərasimdə Sosialist Əməyi Qəhrəmanı Şərqiyyə Vəliyeva, Laçın Rayon Mərkəzi Xəstəxanasının direktoru Orxan Cəbrayılov, Laçın Rayon Müharibə və Əmək Veteranları təşkilatının sədri, rayon ağsaqqalı Qəzənfər Hüseynov, şəhid Səma Kərimovanın anası Sevda xanım, Milli Qəhrəman Fazil Mehdiyevin qardaşı Azər Mehdiyev, şəhid ailələrinin üzvləri və rayon ziyalıları çıxış ediblər.

Çıxışlarda Azərbaycanın dövlət müstəqilliyinin bərpasının tarixi əhəmiyyəti, torpaqlarımızın azadlığı uğrunda şəhid olanların qəhrəmanlığı və onların xatirəsinin yaşadılmasının vacibliyi vurğulanıb. Bildirilib ki, xalqın birliyi, dövlətin qətiyyətli siyasəti və Azərbaycan Ordusunun şücaəti nəticəsində torpaq həsrətinə son qoyulub, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa edilib. Bu tarixi Zəfərin əldə olunmasında Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi, siyasi iradəsi və diplomatik xidməti xüsusi qeyd olunub.

Mərasimin sonunda şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib, onların ruhuna dualar oxunub və ehsan süfrəsi təşkil olunub. Qeyd edək ki, Birinci Qarabağ və 44 günlük Vətən müharibəsi zamanı Şamkənd kəndi ümumilikdə 41 şəhid verib. Onlardan 7 nəfəri “Tunel” qətliamı (Kəlbəcər-Laçın avtomobil yolu üzərindəki “Tunel” ərazisi), 20 nəfəri isə Ballıqaya qətliamı zamanı amansızlıqla qətlə yetirilib. Qətlə yetirilənlər arasında 6 azyaşlı uşaq da olub. Onların ən kiçiyi cəmi 6 aylıq körpə olub. Şamkənd şəhidlərindən biri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb, biri isə “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub. Hazırda şəhidlərdən 8 nəfəri itkin düşmüş şəxs kimi qeydiyyatdadır. Daha 3 şəhidin nəşi isə 44 günlük Vətən müharibəsindən sonra aşkar edilərək dəfn olunub.

Şamkənd kəndində ucaldılan abidə kompleksi şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsi, onların qəhrəmanlığının gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Laçının rayonunun Şamkənd sakinlərindən təqdirəlayiq addım-FOTOLAR