Küveytin ərəb və ingilis dilli mətbuat orqanları “TimesKuwait” və “Al-Wasat” qəzetlərində “Yeni İpək Yolu: Niyə inkişaf etmiş nəqliyyat infrastrukturu Azərbaycanın gələcəyinin açarıdır?” başlıqlı məqlə dərc edilmişdir.
Məqalədə Azərbaycanın Mərkəzi Asiyanı Avropa ilə birləşdirən tarixi ipək yolu üzərində yerləşməsi və bu yolun XXI əsrin inkişaf etmiş texnologiya imakanlarına uyğun olaraq yenidən bərpa edilməsi barədə məlumat verilmişdir.
Qeyd edilmişdir ki, paytaxt Bakı şəhəri 2000-ci ildən Avropa Birliyi ilə 12 Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya dövləti arasında iqtisadi, ticarət və nəqliyyat əlaqələrinin inkişaf etdirilməsinə xidmət edən TRACECA (Transport Corridor Europe-Caucasus-Asia) proqramına ev sahibliyi etmişdir.
Dövlət Statistika Komitəsinin məlumatına istinadən Azərbaycan ərazisindən 2020-ci il ərzində 188.6 milyon ton mal və məhsulun daşındığı bildirilmişdir. Daşınmanın 84.1 %-i neft və qaz boru kəmərlərinin payına düşür, digərləri isə avtomobil, dəmiryolu, dəniz və hava nəqliyyatı vasitəsilə həyata keçirilib.
Azərbaycan son illər Gürcüstan, Rusiya və İranla ölkəni birləşdirən infrastruktura layihələrinin inşasına və yenidən qurulmasına böyük həcmdə sərmayələr yatırmışdır. Eyni zamanda 1902-ci ildən gəmi daşımaçılığında istifadə olunan Bakı limanı əsaslı bərpa edilmiş, böyük iqtisadi potensiala malik Ələt Dəniz Ticarəti Limanı salınmışdır.
Bundan əlavə 1878-ci ildə əsası qoyulmuş 2900 km uzunluğu olan Azərbaycan dəmir yolları sisteminin Cənubi Qafqazın ən böyük və həcmli sistem olduğu vurğulanmışdır. 2017-ci ildə işə düşmüş Bakı-Tbilisi-Qars dəmiryolu Azərbaycan, Gürcüstan və Türkiyə dəmiryollarını birləşdirməklə Çindən Avropaya qədər malların daşınmasına imkan verir.
Həmçinin beynəlxalq hava yollarının Azərbaycandan keçməsini təmin etmək məqsədilə Heydər Əliyev adına Beynəlxalq Hava Limanı ilə yanaşı ilə daha 5 böyük beynəlxalq əhəmiyyətli hava limanı fəaliyyət göstərir.
Məqalədə vurğulanır ki, Azərbaycan həyat dolu və imkanlar ölkəsidir. Tarixi irs və multikultural dəyərlər yüz illər boyu qorunub saxlanılmış və zənginləşmişdir. Azərbaycanın insan enerjisi ətraf mühitə və ölkənin ağıllı konsepsiyasına əsaslanan güclü iqtisadi inkişafı və gələcəyi təmin etmişdir.
Sonda Azərbaycan-Küveyt əlaqələrinə toxunularaq qeyd edilmişdir ki, Küveytlə hava əlaqələrinin tezliklə bərpa olunmasına və Körfəz bölgəsinə coğrafi yaxınlığın iqtisadi əlaqələrimizin hərtərəfli genişləndirilməsinə imkan verəcəyinə böyük ümid bəsləyirik. Hər iki ölkənin neft ölkəsi olması və neftdən asılılığını azaltmaq üçün iqtisadiyyatlarını şaxələndirməyi planlaşdırması təcrübə mübadiləsini zəruri edən amillərdəndir. İnanırıq ki, Azərbaycan Körfəz bölgəsi ilə Qafqaz bölgəsi arasında körpü rolunu oynaya bilər. Bu məqsədlə ölkəmizin müasir infrastrukturu və əlverişli iş mühiti formalaşdırılmışdır. Xüsusilə Küveyt kimi dost və qardaş ölkələr üçün əlverişli sərmayə mühiti yaradılmışdır.