Türkiyə Türk dünyasında İnkişaf Bankının yaradılması üçün ilkin olaraq 1 milyard ABŞ dolları həcmində nizamnamə kapitalının formalaşdırılması üzərində işləyir.
KANAL32.az xəbər verir ki, bunu Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini, Türk Dövlətləri ilə Əlaqələr üzrə rəhbər, Ankara millət vəkili Kürşad Zorlu jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, hazırda bankın yaradılması ilə bağlı Türkiyənin təklifləri layihə şəklində hazırlanır.
“Hazırda biz Türkiyə olaraq Türk dünyasında İnkişaf Bankının yaradılması ilə bağlı təkliflərimizi hazırlayırıq. Hazırlıqlarımız bitdikdən sonra bu təklifimizi digər dövlətlərimizin müzakirəsinə və rəyinə təqdim edəcəyik. Komissiyalarımız bu məsələdə irəliləyiş əldə etsə, dövlət başçılarımızın nəzarəti altında təşəbbüslər reallaşa bilər. Bu qərar təbii ki, dövlət başçılarımızın verəcəyi qərardır.
Bilirsiniz, dünyada Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı, İslam İnkişaf Bankı var. Bəs biz nə üçün Türk dünyasında bir İnkişaf Bankı quraraq çox böyükmiqyaslı layihələri reallaşdırmayaq? Buna imkanımız var. Ən azından bu fəaliyyətə başlamış olmaq çox dəyərlidir.
Yəni biz Türkiyə olaraq hazırladığımız layihədə başlanğıc olaraq ən azı 1 milyard ABŞ dolları həcmində nizamnamə kapitalı üzərində işləyirik. Təbii ki, proses dəqiqləşdikcə bu rəqəm dəyişə bilər”, – deyə o bildirib.
K.Zorlu nizamnamə kapitalının iştirakçı dövlətlər arasında bölüşdürülməsi ilə bağlı müxtəlif variantların nəzərdən keçirildiyini də bildirib.
“Nizamnamə kapitalının necə bölüşdürülməsi ilə bağlı müxtəlif variantlar var. Bu, əhalinin sayına, milli gəlirə və digər meyarlara əsaslana bilər. Bu məsələlərlə bağlı qərarı dövlət başçılarımız verəcək və biz də həmin qərarlara uyğun olaraq bunu tətbiq edəcəyik.
Bilirsiniz, İnvestisiya Fondunda da biz ortaq bir büdcə formalaşdırdıq. Buna bənzər şəkildə, hətta biz bu bankı elə layihələndiririk ki, təkcə dövlətlərimiz deyil, dünyada tanınan və maliyyə sahəsində söz sahibi olan, özünü təsdiqləmiş bir sıra maliyyə təşkilatları da bizə şərik ola bilsinlər.
İnvestisiya Fondu da bu bankın kapitalına şərik ola bilər. Beləliklə, çox geniş maliyyə imkanlarına malik bir layihəni həyata keçirə bilərik”, – deyə o qeyd edib.
/report/