Kür kimi coşqun,Araztək məhzun

Yəqin ki, yaradıcı insanların ömür yolları qeyrilərindən bir qədər fərqli olmasaydı, güclü təbə malik olmazdılar. Elə söz sərrafları var ki, onların şəxsi həyatlarının xüsusi incə məqamları həmin sənətkarların həssas nöqtələrini özündə ehtiva edir.

Ədəbi ictimaiyyətdə daha çox ata-baba yurdu olan Qərbi Azərbaycan mövzusundan və Qarabağ müharibəsindən bəhs edən əsərləri ilə tanınan, 15 kitabın, 100-ə yaxın mahnının sözlərinin  müəllifi, çağdaş poeziyamızın görkəmli nümayəndələrindən olan Nəsibə İsrafilqızı   milli təəssübkeşliyi ilə seçilən   sənət adamıdır. Onun “ Gözüm qaldı Ağrı dağda” şeirlər kitabı və “Vurğuna” şeiri ilə başlayan poeziya yolçuluğu  bu  günlərə  qədər uğurlu  bir  məsafə qət edib.

Nəsibə xanımın   yaradıcılığında  fərqli  mövzu sferaları qəribə bir tərzdə cəmləşir və bədii-estetik tərəfi ilə şairin ürək çırpıntıları kimi ifadəsini tapır. O, şeirlərində daxili dünyasını — sevincini, kədərini, təlatümünü, Tanrıya pənahını, müharibədən qalan izləri və qadın qəlbinin mürəkkəb psixologiyasını yığcam, aydın və səmimi ifadə tərzi ilə təqdim edir. Müəllifin duyğulara köklənən poetik dili oxucunu bir anda həm özünə çəkir, həm də düşündürür.

Nəsibə  İsrafilqızının  şeirləri kökünü, mayasını  xalqdan,  gücünü  eldən-obadan,  torpaqdan  aldığına   görə   qüdrətli  və  əzəmətlidir. Bu  yaxınlarda böyük  əks-səda doğuran, qədim  Oğuz  yurdlarının  ərşə dayanan  hay-harayını yanıqlı bir  ney  səsinə  döndərib   qəlbimizi  köz-köz  edib  yandıran, ruhumuzu  bir  yay  kimi  tarım çəkən,   musiqi ilə  vəhdətində  qəlblərdə böyük  Turanın yellərini  əsdirən “Türksoy” şeirinin ardınca yazdığı “Qoşa hörük-Kürüm, Arazım”   şeiri də  oxucunu  riqqətə  gətirir, şairin   uğurlu tapıntısı kimi diqqəti cəlb edir. Şeirin ilk oxusundan  bu  misraların  ovqatına bürünürsən. Dünyanın gərdişinin  neçə minillik axarında  vaxtın içindən süzülərək yaranan şeir belə başlayır:

Mələklər əl çəkibdi yurdumun torpağına,

Bağçasına, bağına, dərəsinə, dağına.

Sinəsinə bəzəyi Tanrı özü veribdi,

Saçlarını oxşayıb, qoşa hörük hörübdü.

Bu misralarda  həyatımızın ahəngi, insanın təbiətlə, təbiətin insanla birgəliyi və vəhdəti bədii mətnin nüvəsində hərəkətdədir. Burada  insanın ucalığı təbiətin ucalığı ilə  qoşalaşır və  şeirin estetik qayəsini özündə təcəssüm  etdirir.

Təbiət – Vətən- İnsan     harmoniyası Nəsibə İsrafilqızının  poeziyasında  bütöv varlıq kimi  bir-birinə qarışmış, çulğaşmış formada təzahür edir və onun  şeiriyyətinin  məzmununu təyin edir. Şair oxucusunu inandırır ki, sənətin məqsədi varlıqların zahiri görünüşünü deyil, daxili əhəmiyyətini təmsil etməkdir. Bu baxımdan mənəvi borcu bilib ömrün mənasına çevirdiyi vətəndaşlıq  amalı onun qələminin daxili qatını təşkil edən maddə kimi əhəmiyyət daşıyır.

Vətən  mövzusu  qəlbi  qübarlı  Araz  kimi  şairənin   ürəyinin  başından  yol  salıb. Genetik yaddaşdan axıb gələn , irsən ulu nənə-babalardan keçən  vətənpərvərlik hissləri şairənin lirik mənində  dinamikləşir  və həzin bir şəkildə dil açır. Müdriklərimizin  yolunu seçən Nəsibə xanım  öz yaradıcılığında yalnız dərdimizi dilə gətirməklə, ifadə etməklə kifayətlənmir, o, bu dərdləri yaşaya-yaşaya, qəlbində bəsləyə-bəsləyə doğmalaşdırır, qanından, canından keçirib müqəddəsləşdirir, vətənin qeyrətli insanlarının   yenilməz obrazını yaradır:

Birinə Kür deyibdi, Xəzərimdi yatağı,

Nuruyla şəfəqlənir Azərbaycan torpağı.

Bizə salam gətirir, türkün ərənlərindən,

Borçalının qəhrəman sinə gərənlərindən.

Lirik əsərlərdə yenilik ruhu o vaxt diqqət kəsb edir ki, orada həyati müşahidə bədii materialın, poetik obyektin yeni cizgilərinə, görünməmiş tərəflərinə nüfuz etmiş olur.  Bu  sətirlərdə  bir ruhun ümid axtarışı, bir ulusun yaddaşı danışır. Bu  bir ovqat gündəliyi, ömür tərcümanlığıdır. Oxuduqca tanıyırsan, tanıdıqca düşünürsən,  düşündükcə yaxınlaşırsan və  dinləyirsən ,  dinlədikcə… öz səsini eşidirsən. … Kür  kimi coşqun, Araztək  məhzun, susqun bu  səslə sən də  Araz boyu hərəkət edir, Təbrizə boylanırsan. Diləyi, arzusu Zəngəzura dirənib dastana dönən şairin  Kürlə Arazın qovuşağında bütöv Azərbaycan arzuları  sular kimi  çağlayır. Arazın mənəvi, coğrafı taleyinə düşən  dərdini ürəyinə yük edən şairənin qələmi   Azərbaycanın tərcümeyi-halına çevrilir:

Qoşa hörüklərimdən biri isə Arazdı,

Tale onun adına ayrılıq hökmü yazdı.

Dərdlər qalaq qalaqdı, onun can otağında

Ruhu pərvaz eyləyir Xəzərin qucağında.

Vətənin taleyi ömrümüzə çöküb, ruhumuza köçüb. Ayrılıq da sevdaya daxildirsə, onda ayrılıq möhnətini də vüsalı  qədər qəlbimizdə  daşımalıyıq. Şair yeni  gələn  nəsillərə  yaddaşımızın  yaralı  səhifələrini  vərəq-vərəq  çevirib  tarixdən   ibrət   götürməyə,   ruhumuzu   qılınc  kimi  həmişə  ovxarda saxlamağa çağırır. Dərd təzə qalmazsa, əlacı tapılmaz:

Bəzən onun adına Ağrı çayı deyirlər,

Ayrılığın çəpəri, həsrət payı deyirlər.

Çox yarıbdı köksünü qanlı, qadalı illər,

Məftillərdən boylanır həsrət qoxulu güllər.

Bu sətirlər şeir yazmaq , söz qoşmaq xatirinə  yazılmayıb. Bu sətirlərdə həyatın, reallığın, çəkilən əzab-əziyyətlərin, ağrıların, milyonların sağalmaz yaralarına çevrilən dərdlərin, bəlaların, müsibətlərin ifadəsi var. Nəsibə  İsrafilqızının  duyğulara köklənən poetik dili  dərdimizdən mayalandığı, ağrı-acıları, həsrətimizi real boyalarla əks etdirdiyi üçün insanı düşündürür, düşündürməklə bərabər tariximizi araşdırıb nəticə çıxarmağa vadar edir,

Onun misralarında həm vətən  sevginin nikbinliyi, həm də həsrətin səssiz fəryadı var. Tikanlı məftillər bağrımıza saplansa da,  şair “Qoşa hörük-Kürüm, Arazım”   şeirində Arazla Kürün   suqovuşanında vüsalın simfoniyasını yaradır. Bu  isə  şair qəlbinin ümid qığılcımlarının   şölələridir:

Kürü bağrına basır, çağlayanda, coşanda,

Sarmaşıqtək sarılır, öpür Suqovuşanda.

Tanrıdan nemət onlar, hopub torpağa, cana,

Nə gözəl yaraşırlar yurdum Azərbaycana

Hörüktək yaraşırlar bizim  Azərbaycana!

Bu şeir  böyük bir mənəvi coğrafiyanın  öz nəfəsini bərpa etməsi, ruhi gücünü toparlaması kimi səslənir. Oxucu  şairlə ortaq dilin, ortaq tarixin varisi  olduğu üçün onunla  eyni düşüncə kodlarının  da daşıyıcısı olaraq bu şeirdən çox mətləblər anlayır, poetik sözdə əks olunan tarixi mənzərəni təsəvvürə gətirə bilir. Hər misrasında ilmə-ilmə, addım-addım Arazın, Kürün  sahilində gəzən  şair hiss və həyəcanların, duyğu və düşüncələrin assosiativ təsəvvür gücü ilə  şeirinin ideya mövqeyini   möhkəmləndirir. Şeirin sətirlərində həsrət körpülərini dağıdıb vətənin  Şimalından Cənubuna ümid körpüsü salan Nəsibə İsrafilqızı   bir zamanlar ustad Şəhriyarın etdiyi kimi  qələmində Azərbaycanı birləşdirir, Arazın sularıtək titrəyən qəlbinin mətləbini- canının sözünü, sözünün də canının deyir.

Məhrux  Dövlətzadə ,

Filologiya üzrə  fəlsəfə  doktoru,

ADPU-nun müəllimi

 

 

Araztək məhzunKür kimi coşqun