Uzun illərdir beynəlxalq ictimaiyyətin müzakirə etdiyi bir sual var: Bəşəriyyət Üçüncü Dünya müharibəsinə doğru gedir? Son illərdə baş verən bir sıra regional və qlobal qarşıdurmalar bu müzakirələri daha da aktuallaşdırıb. Məsələn, Rusiya –Ukrayna müharibəsi, İsrailin Yaxın Şərqdə hərbi əməliyyatları, Koreya yarımadasındakı gərginlik, Hindistan –Pakistan münaqişəsi və ABŞ –İra n qarşıdurmasının hərbi mərhələyə keçməsi dünya müharibəsini yenidən gündəmə gətirib. Hazırda dünyada birdən çox müharibənin baş verməsinə, habelə münaqişə ocaqlarının aktivləşməsinə baxmayaraq klassik mənada qlobal müharibənin başlanması hələlik real görünmür.
Tarixi təcrübə göstərir ki, dünya müharibələri adətən iki aydın və böyük hərbi-siyasi blok arasında baş verib. Birinci Dünya müharibəsi zamanı “Üçlər ittifaqı” ilə “Dördlər” bloku, İkinci Dünya müharibəsində isə “Faşizim” ilə “Antanta” müttəfiqlər koalisiyası qarşı-qarşıya gəlib. Yəni görünür ki, müharibənin genişmiqyaslı olması üçün blokların aydın və təşkilatlanmış olması əsas şərtdir.
Mənə görə Üçüncü Dünya müharibəsinin başlanması üçün ən real mərhələ ötən əsrin ikinci yarısı Soyuq müharibə dövrü hesab oluna bilərdi. Bir tərəfdə ABŞ və Qərb liberal bloku, digər tərəfdə isə SSRİ və sosialist blok mövcud idi. İdeoloji, hərbi və geosiyasi qarşıdurma kəskin olsa da, bu rəqabət birbaşa qlobal müharibəyə çevrilmədi. Nüvə silahlarının mövcudluğu və strateji balans tərəfləri çəkindirici rol oynadı.
Müasir dövrdə isə beynəlxalq sistem əvvəlki kimi iki əsas qütbə bölünmüş deyil. ABŞ hələ də Qərb blokunun mərkəzində dayanır və onun ətrafında NATO kimi güclü hərbi ittifaqlar formalaşıb. Lakin bu blokun qarşısında eyni dərəcədə təşkilatlanmış və vahid hərbi-siyasi blok mövcud deyil. Çin, Rusiya, İran, Şimali Koreya, Venesuela və s ABŞ-ın rəqibləri sayılsa da, bunlar müxtəlif strateji prioritetlərə malikdir və vahid koalisiya yaratmaq iqtidarında deyillər.
ABŞ-ın qlobal strategiyası da potensial rəqiblərin vahid blok şəklində birləşməsinin qarşısını almağa yönəlib. Ukrayna müharibəsi Rusiyanın resurslarını məşğul edir, Tayvan ətrafındakı gərginlik Çin üçün əsas strateji məsələdir, Kəşmir problemi Hindistan və Pakistanı regional təhlükəsizlik gündəmində qarşıdurmada saxlayır, Koreya yarımadasındakı gərginlik isə Şimali Koreyanın hərbi və strateji qərarlarını müəyyən edir. Bu paralel gərginliklər potensial rəqib dövlətlərin vahid hərbi blok kimi formalaşmasını çətinləşdirir.
Tarixi perspektivə nəzər salsaq, hərbi ittifaqların formalaşması daha çox Qərb siyasi mədəniyyətinə xasdır. Antik dövrdən müasir dövrə qədər Avropa dövlətləri xarici təhlükəyə qarşı ittifaqlar yaratmaq ənənəsini davam etdirib. Şərqdə isə daha çox fərdi güc mərkəzləri və regional hegemonluq modeli üstünlük təşkil edib. Şərq dövlətləri özlərini müstəqil güc kimi görməyi üstün tutduqları üçün vahid blok daxilində fəaliyyət göstərmək həmişə məhdud olub.
Müasir vəziyyətdə də bu tendensiya davam edir. Rusiya keçmiş SSRİ təsir dairəsini bərpa etməyə çalışır, İran şiə ideologiyası və dini təsir vasitələri ilə regional nüfuz dairəsi yaratmaq istəyir, Çin isə qlobal iqtisadi və texnoloji yüksəlişə fokuslanıb. Bu fərqli məqsədlər və prioritetlər onların vahid hərbi blok kimi formalaşmasına ciddi maneə yaradır.
Qlobal sistemin çoxqütblü və parçalı xarakteri Üçüncü Dünya müharibəsinin yaxın perspektivdə başlanmasını əngəlləyir. Regional və qlobal qarşıdurmalar davam etsə də, vahid blokların formalaşmaması və dövlətlərin fərqli strateji prioritetləri bu ssenarinin baş tutmasını real olaraq inandırıcı etmir.
Müəllif: Turan Rzayev