Avtomobillərin utilizasiyaya verilməsi proseduru müəyyənləşir.
Kanal32.az xəbər verir ki, bu, bu gün Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında müzakirəyə çıxarılan “İstehsalat və məişət tullantıları haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, nəqliyyat vasitələri utilizasiyaya aşağıdakılar tərəfindən verilir:
-nəqliyyat vasitələrinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs;
– aşağıdakı nəqliyyat vasitələri üzrə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin II və III hissələrinə uyğun olaraq onların dövlət qeydiyyatını həyata keçirən aidiyyəti orqanlar:
– Mülki Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada sahibsiz hesab edilən;
– istismara yararsız vəziyyətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mühafizə olunan duracağında saxlanılan, əgər nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs yazılı şəkildə imtina edibsə.
Nəqliyyat vasitələri utilizasiyaya verilməzdən əvvəl “Yol hərəkəti haqqında” dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılmalıdır. Nəqliyyat vasitələri utilizasiyaya verildikdə utilizatorlar tərəfindən aşağıdakı sənədlər tələb edilir:
– nəqliyyat vasitəsinin utilizasiyası üçün ərizə;
– nəqliyyat vasitəsini utilizasiyaya mülkiyyətçi adından digər şəxs verdikdə, nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu təsdiq edən etibarnamə;
– nəqliyyat vasitəsinin dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılması barədə aidiyyəti dövlət qeydiyyat orqanının yazılı məlumatı;
– fiziki şəxsin şəxsiyyətini təsdiq edən, hüquqi şəxsin dövlət qeydiyyatını təsdiq edən sənədin surəti.
Ərizəyə baxılması və sənədlərdə hər hansı çatışmazlıq və ya uyğunsuzluq olduqda onun baxılmamış saxlanılması qanunla müəyyən edilmiş qaydada həyata keçirilir.
Göstərilən sənədlərdə hər hansı çatışmazlıq və ya uyğunsuzluq olmadıqda utilizasiyaya verilən nəqliyyat vasitəsinin təhvil alınması barədə akt tərtib olunur və aktda aşağıdakılar göstərilir:
– nəqliyyat vasitəsinin ümumi texniki vəziyyəti və komplektliyi barədə məlumat; nəqliyyat vasitəsinin eyniləşdirmə məlumatları;
– nəqliyyat vasitəsinin mövcud olmayan hissələri barədə məlumatlar; güzəşt məbləği və birdəfəlik ödənişin həcmi barədə məlumat.
Akt ciddi hesabat blankıdır və 3 (üç) nüsxədə tərtib edilir. Aktın hər bir nüsxəsinə sayı beşdən az olmamaq şərtilə utilizasiyaya verilən nəqliyyat vasitəsinin fotoşəkilləri (ön, arxa, hər iki yandan və içəridən) əlavə edilir. Nəqliyyat vasitəsi akt əsasında təhvil alındıqdan sonra 2 (iki) iş günü müddətində utilizator tərəfindən qanunun tələbləri nəzərə alınmaqla utilizasiyaya verilmə barədə təsdiqedici sənəd verilir. Təsdiqedici sənəd ciddi hesabat blankıdır və 3 (üç) nüsxədə tərtib edilir.
Aktın və təsdiqedici sənədin bir nüsxəsi utilizatorda, bir nüsxəsi nəqliyyat vasitəsini utilizasiyaya verən şəxsdə saxlanılır, bir nüsxəsi isə utilizator tərəfindən 3 (üç) iş günü müddətində operatora göndərilir.
Nəqliyyat vasitəsinin utilizasiyası üçün ərizənin, nəqliyyat vasitəsinin təhvil alınması barədə aktın və utilizasiyaya verilmə barədə təsdiqedici sənədin formaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Təsdiqedici sənədin, güzəştin və birdəfəlik ödənişin tətbiqi ilə bağlı müddəalar istisna olmaqla, bu maddənin tələbləri qoşqu və yanmqoşqulara, habelə nəqliyyat vasitələrinin utilizasiyası fəaliyyətini həyata keçirən digər şəxslərə də şamil olunur.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən nəqliyyat vasitələrinin utilizasiyası üzrə operator müəyyən edilir. Operator aşağıdakı funksiyaların icrasını təşkil və təmin edir:
– nəqliyyat vasitələrinin utilizasiyası fondunun vəsaitlərinin idarə olunması;
– utilizatorların reyestrinin (bundan sonra – reyestr) aparılması, saxlanılması və ona nəzarət;
– yazılı məlumatların alınması;
– təsdiqedici sənədlərin uçotunun aparılması.
Operator nəqliyyat vasitələrinin utilizasiyası fəaliyyəti ilə məşğul ola bilməz.
Operator ona təqdim olunmuş məlumatları ümumiləşdirərək hər növbəti təqvim ili fevralın 20-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) yazılı məlumat verir.
Nəqliyyat vasitələrinin utilizasiyası fəaliyyətini isə qanunda nəzərdə tutulan reyestrdə qeydiyyata alınmış şəxslər (utilizatorlar) və digər şəxslər həyata keçirə bilər. Utilizasiyaya verilmiş nəqliyyat vasitələri ilə bağlı utilizatorlar tərəfindən özündə güzəştin məbləğini və birdəfəlik ödənişin həcmini əks etdirən təsdiqedici sənəd verilir. Utilizatorlar tərəfindən nəqliyyat vasitələrinin utilizasiyaya qəbulu növbəlilik qaydasında və ödənişsiz həyata keçirilir. Yeni istehsal olunmuş yerli nəqliyyat vasitələri təsdiqedici sənəd təhvil verilməklə satın alındıqda nəqliyyat vasitələrinin satıcıları tərəfindən güzəşt tətbiq edilir. Güzəştin məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Qanun qəbul ediləcəyi halda bu müddəalar 2024-cü il sentyabrın 1-dən qüvvəyə minəcək.
/moden.az/