Vətən müharibəsində torpaqlarımızı düşmən işğalından azad edən qəhrəmanlar sırasında Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının xüsusi təyinatlı döyüşçülərinin də xüsusi rolu olub. Daxili Qoşunların xüsusi təyinatlıları Murovdağ, Kəlbəcər, Füzuli, Cəbrayıl, Xocavənd, Hadrut, Şuşa döyüşlərində bir çox igidliklər göstəriblər.
Onlardan da biri “Qarabağ” ordeni ilə təltif olunmuş mayor Nurlan Məmmədovdur. O, Daxili Qoşunların N saylı hərbi hissəsinin “Kobra” Xüsusi Təyinatlı Dəstəsinin (XTD) komandiridir. Döyüşlərə Füzuli istiqamətindən qoşulan N.Məmmədov Şuşanın düşməndən azad olunmasında göstərdiyi şücaətləri ilə yadda qalıb.
O, 44 günlük Vətən müharibəsində qazanılmış qələbədən, Şuşa döyüşlərindən danışıb: “Ən çətin döyüşlərimizdən biri elə Şuşanın azad edilməsi uğrunda gedən savaş idi. Düşmənin müəyyən texnikası ilə üz-üzə gəldik. Biz az sayda – 15-20 nəfərlik qruplara bölünmüşdük. Şuşada ermənilərin 110-120 nəfərlik şəxsi heyəti üstümüzə gəldi. Biz onlarla elə döyüşdük ki, elə bildilər böyük dəstə və taborla gəlmişik. Bizdə o qədər güc, iman var idi ki, onları qorxmadan, usanmadan məhv etdik”.
Qeyd edək ki, N.Məmmədov 1983-cü ildə Qərbi Azərbaycanın Uluxanlı kəndində anadan olub. 2008-ci ildən DİN Daxili Qoşunlarının XTD-də xidmətə başlayıb. Bir müddət sonra zabit olmaq üçün Daxili Qoşunların orta ixtisas hərbi məktəbində təhsil alıb. N.Məmmədov həmin məktəbi fərqlənmə diplomu ilə bitirib və Daxili Qoşunlarda müxtəlif vəzifələrdə çalışıb. N.Məmmədov Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Qarabağ” ordeni, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalları ilə təltif edilib.