Azərbaycan necə məşəqqətli, acılı, çətin günlərdən keçib öz müstəqilliyini qorudu. Bu gün o məşəqqətlər, çətinliklər keçmişdə qalsa da acılar hələ də davam edir.Axı hələ itkinlər var.O itkinlərin yolunu gözləyən əzizlərinin acısı dinmir axı.
İllərdi Kamalovlar ailəsi də ataları Bahadur Kamalovdan xəbər belə ala bilmirdilər.33 il idi gözləri yolda, qulaqları səsdəydi.Həyat yoldaşı Zeynəb ana deyir: ” Bu 33 ildə kim gülə- gülə gəlirdi elə bilirdim Bahdurun sağ xəbərini gətirib.Kim qəmli gəlirdi elə bilirdim ölüm xəbərini bilir”. Acılı bir ailə dramı yaşadı ömründə Kamalovlar ailəsi.Bəlkə zaman gələcək bir filmin ssenarisi olacaq bu acı həyat hekayələri.
Bahadur Kamalov Kəlbəcər rayonun Zar kəndinin icra nümayəndəsiydi.Vətəninə, xalqına bağlı olan Bahadur Kamalov vəzifəsinin o zamandakı məsuliyyəti və ağırlığını şərəfiylə daşıyırdı.Düşmənə müqavimətin mümkün olmadığını görüb Kəlbəcər əhalisini Kəlbəcərdən çıxarmaq qərara alınır.Bahadur Kamalov son nəfəsinə kimi Kəlbəcər əhalisinin təxliyyəsində iştirak edir. Sonuncu dəfə də Murov keçidində düşmənlə qarşılaşırlar.Bir əskərimiz arxadan səslənib yaralı olduğunu deyir.Bahadur Kamalov onu xilas etmək üçün qayıdır və elə ordaca şəhid olur. Xalqın bu qeyrətli oğlu, dövlətinə sədaqətlə xidmət edən Bahadur Kamalovun nəşi müəyyənləşdirilib,oğlu Oqtay Kamalova məlumatlar təqdim edilib. Həmin Oqtay Kamalov ki, gənclik illərində birinci Qarabağ müharibəsində qəhrəmancasına iştirak etmişdi.Ulu Öndərin atəşkəs qərarından sonra təhsilini davam etdirərək Tibb Unversitetinə daxil olur.Hərbi həkim olaraq yenidən ordu sıralarına qayıdır. Hərbi həkim kimi çalışaraq vətənə, dövlətə,xalqa xidmətini sədaqətlə davam etdirir. 44 günlük Zəfər müharibəsində hər an ön cəbhədə Azərbaycan əskərini xilas etmək üçün fədakarca xidmət edən həkim Oqtay Kamalov atası Bahdur Kamalovun həm intiqamını almış həm də onun yarımçıq qalan işini şücaətlə davam etdirmişdi. Atası Bahadur Kamalov yaralı əskəri xilas etmək üçün geri qayıtmış orda şəhid olmuşdu.Oğlu Oqtay Kamalov 44 günlük müharibədə 1000 lərlə əskəri ölümün pəncəsindən xilas etmişdi. Atası Bahdur Kamalovun xilas etmək üçün bələdçilik edib Kəlbəcərdən təxliyyə etdiyi əskərləri, hərbi hissəni oğlu Oqtay Kamalov Kəlbəcərə qayıtmaqda bələdçilik etdi.”Mən bilirəm yolları”-deyib Kəlbəcərə ilk daxil olanlardan oldu.”Ot kökü üstdə bitər”-deyib atalarımız. Ata oğul Kamalovlar bu atalar misalının real nümunəsi olaraq Azərbaycan xalqının əzizi oldular. Mayor Oqtay Kamalov fəxri fərmanlar və medallarla təltif edilib. Oqtay Kamalov hər zaman Dövlətinə sədaqət və itaət edən gözü könlü tox oğuldu. Bir dəfə də olsun o daha çoxunu istəmək üçün heç kimə müraciət etmədi.Hətta kimsə deyəndə ki, sən can qoymusan onun bir cavabı olub:” Öz vətənim, öz dövlətim üçün etmişəm.Borcum idi”.
Azərbaycanın belə dəyərli, vətənpərvər, qəhrəman oğulları var və hər zaman da olacaq. Atasına layiq övlad olduğu üçün Bahadur Kamalovun ruhu indi şaddı.
Bir də ona görə ruhu şaddı ki, Ali Baş Komandan, Cənab prezident İlham Əliyevin zəfər yumruğunda birləşən xalq və ordumuz, doğma diyarı Kəlbəcəri düşməndən azad etdi.Çox yaxında Bahadur kamalovun nəşi doğma yurdu Kəlbəcər rayonunda dəfn ediləcək. Doğma Kəlbəcərinə, uğrunda canını fəda etdiyi vətəninə qovuşacaq Bahadur Kamalov.
Bahadur Kamalov öz müdrikliyi, qəhrəmanlığı, fədakarlığı ilə özündən sonra övladlarına,nəvə nəticələrinə gözəl ad qoyub gedib.İndi onun övladları, nəvələri Bahadur Kamalov ruhunun işığında üzüağ,alnıaçıq yaşayırlar, yaşayacaqlar.
Qərənfil Ağalarova,
Psixoloq