Kəlbəcərli gəncdən akademik Əhliman Əmiraslanova MARAQLI TƏBRİK

İnsani dəyərlərin saxlanca qoyulduğu, “adam içinə” çıxarılmadığı bu zamanda bəzən elə şəxsiyyətlərlə tanış olursan ki, adamda yaşamaq, yazıb-yaratmaq, dövlətə, millətə xidmət etmək eşqi birə min artır. Sanki, o insanların işığından bir əlçim süzülüb içindəki ümidin üstünə düşür…

Belə işıqlı şəxsiyyətlərdən biri də alim, cərrah-onkoloq, akademik, ictimai-siyasi xadim, Tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının və Polşa Tibb Elmlər Akademiyasının həqiqi üzvü, Rusiya Elmlər Akademiyasının xarici üzvü, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik–katibi, Azərbaycan Respublikasının “Şərəf” və “Şöhrət” ordeni laueratı, Azərbaycan Respublikasının əməkdar elm xadimi, Azərbaycan SSR Ali Sovetinin və Azərbaycan Respublikası Milli Məclisinin deputatı, 1992-2015 – ci illərdə Azərbaycan Tibb Universitetinin rektoru olmuş, ATU-nun Onkologiya kafedrasının müdiri, Azərbaycan Respublikası Prezidenti Yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü, Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə Komitəsinin sədri, Azərbaycan-Türkiyə Parlamentlərarası işçi qrupunun rəhbəri, mən deyərdim, müstəqillik dövrümüzün yeni qurulduğu ilk illərindən tamamilə məhv olmuş Azərbaycan səhiyyə sistemini Ulu Öndərimizlə birlikdə qurub yaradan, dəyərli ziyalı, El Ağsaqqalı əziz və hörmətli Əhliman Əmiraslanovdur.

Əhliman müəllimlə heç bir tanışlığım olmasa da, cəmiyyətdə eşidib- duyduqlarımdan belə bir nəticəyə gəlmək olur ki, hörmətli akademik elə bir kövrək, həssas qəlbli insandır ki, işinin ağırlığına baxmayaraq, həm seçicilərinə, həm də ümid bilib üz tutan hər bir insana hər zaman qapısı açıq olmuşdur. Xeyirxah əməllərini isə saymaqla bitməz. Bir sirri də açmalıyam ki, bəlkə də, uzun illərdir məni Əhliman müəllimə belə bağlayan gen-qan qohumluğu deyilən bir qığılcımdır. Belə ki, Əhliman müəllimin nənəsi Zərniyar xanım mənim nənəm Sayadla doğmaca xalaqızı olmuşdur. Zərniyar nənə Kəlbəcərin Abdullauşağı kəndindən Göyçə mahalına gəlin köçmüşdür.

Əhliman müəllimlə bağlı bir xatirəni də yazmağı özümə borc bilirəm. Bakı şəhəri Nərimanov rayonunda Yeni Azərbaycan Partiyası tərəfindən Ulu Öndərimizin 90 illik yubileyi ilə bağlı ağacəkmə kompaniyası təşkil edilmişdi. Mən də bir tələbə olaraq, təhsil aldığım ali təhsil ocağı adından tədbirdə iştirak edirdim. Tədbirdə dövlət-hökumət işçiləri, millət vəkilləri və digər yüksək vəzifəli insanlar iştirak edirdilər. Hər kəs bir ağac əkirdi. Qismətdənmi deyim, ya daşıdığımız o qan, genmi özünə çəkdi, deyə bilmərəm, orada çoxlu sayda vəzifəli insan olmağına baxmayaraq, əziz Əhliman müəllim əkdiyi ağacı mənimlə birlikdə əkəsi oldu. Ağacı torpağa basdırdıq, dibini suladıq. Əhliman müəllim məndən hansı universitetin tələbəsi və hansı rayondan olmağımı xəbər aldı. Mən Odlar Yurdu Universitetinin “Dünya İqtisadiyyatı” ixtisasında təhsil aldığımı və Kəlbəcər rayonundan olduğumu bildirdim. Ətrafımızda da bir neçə millət vəkili durmuşdu. Bu zaman Əhliman müəllim mənimlə sanki, uzun illərin tanışı kimi, ( baxmayaraq, ilk görüşümüz idi) çox səmimi görüşdü, qucaqlayıb dedi: “Ay mənim doğmalarım, Ay mənim əzizlərim… “ Sonra mənim bir çətinliyimin olub-olmaması ilə bağlı maraqlandı, nə lazım olarsa, ürəklə qapısını döyə biləcəyimi vurğuladı. O zamanlar Əhliman müəllimlə qohumluğumuz haqqında heç bir məlumata sahib deyildim. Sonradan bu əhvalatı ağsaqqaların yanında danışdım və bizim nənələrimizin doğma xalaqızı olmasını öyrəndim. Və bu görüşün heç də təsadüfi olmadığını, bizim daşıdığımız ocaqdan irəli gəldiyini anladım.

 

Tibb elmində danılmazdır xidməti,

Xeyirxah əməlli, xoş sözlü həkim.

Dünyanı dolaşır xətir-hörməti,

İnsan sərvətidir, nur üzlü həkim.

——–

“Can” dan ağır söz demədi kimsəyə,

Tanrı güc göndərdi, dərdi sındırdı.

Ümid verdi hər üz tutan xəstəyə,

Sönmüş ocaqlarda çıraq yandırdı.

——-

Ulu Öndər özü saldı yadına,

Böyük bir ocağa rəhbər gətirdi.

Gəlib çatdı səhiyyənin dadına,

Bu günlərə saysız loğman yetirdi.

——-

Çəkdiyi zəhməti getmədi hədər,

Bu ahıl yaşında kövrəldi, doldu.

Qardaş Türkiyəylə dostluq qrupu,

Son “100 il” məclisdə bir tarix oldu.

——-

El Ağsaqqalıdır, el adamıdır,

Gecə-gündüz əsir yurdunu anır.

Gedər ziyarətə Tapdıq babanı,

Qarşıda Göyçəyə səfər dayanır.

 

Hörmətli Əhliman müəllimi,75 illik yubiley doğum günü münasibətilə ürəkdən təbrik edir, cansağlığı, uzun ömür- Azərbaycan tibb sahəsinin, tibb elminin inkişafındakı xidmətlərində uğurlar arzulayıram!

Dərin sayğılarla,

Samir Mustafayev 

Kəlbəcər