10 may Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümüdür.
Bu münasibətlə cəmiyyətin bir üzvü və sosial-ictimai cəhətdən fəal biri olaraq onun Sovet və müstəqillik dövrlərində Qarabağın əzəli Azərbaycan torpağı olduğunu necə isbat etdiyini və bu yolda hansı çətinliklərlə üzləşdiyinə nəzər yetirmək istədim.
Bizim əsas problemimiz Ermənistanın Azərbaycana təcavüzünü aradan qaldırmaq, işğal olunmuş torpaqlarımızı azad etmək, respublikanın ərazi bütövlüyünü təmin etməkdir. Heydər Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 11-ci maddəsinin I hissəsində göstərilir ki, Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir. Həmin maddənin II hissəsində isə göstərilir ki, Azərbaycan Respublikasının daxili suları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan sektoru, Azərbaycan Respublikasının üzərindəki hava məkanı Azərbaycan Respublikası ərazisinin tərkib hissəsidir. Qeyd edilən maddənin III hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisi özgəninkiləşdirilə bilməz. Azərbaycan Respublikası öz ərazisinin heç bir hissəsini heç bir şəkildə kimsəyə vermir; yalnız Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycanın bütün əhalisi arasında referendum keçirmək yolu ilə Azərbaycan xalqının iradəsi əsasında dövlət sərhədləri dəyişdirilə bilər.
Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 2-ci maddəsinin 4-cü hissəsinə əsasən, bütün üzv dövlətlər öz beynəlxalq münasibətlərində, hər hansı bir dövlətin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı və yaxud Birləşmiş Millətlər Təşkilatının məqsədləri ilə bir araya sığmayan hər hansı bir şəkildə güclə hədələməkdən və gücün tətbiqindən çəkinirlər. Beləliklə, dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığı prinsipi beynəlxalq hüququn bir prinsipi kimi qəbul edilmişdir.Ümummilli lider Heydər Əliyev bununla bağlı demişdir: “Hər bir ölkənin ərazi bütövlüyü, sərhədlərinin pozulmazlığı Birləşmiş Millətlər Təşkilatının sənədlərində təsbit edilmiş beynəlxalq hüququn sarsılmaz prinsipidir”.
Rəşadətli ordumuz və siyasəti dərindən bilən Prezidentimizin əməli addımları nəticəsində ötən il sentyabrın 27-də başlayan və 44 gün çəkən Vətən müharibəsindən sonra noyabrın 10-u Ermənistan hökumətinin kapituliyasiyanı qəbul etməsiylə Qarabağımız bizlərə geri qayıtmışdır.Lakin bu 44 günlük müharibəyə 30 ilə yaxın bir müddətdə hazırlıq görülmüşdür.Bu hazırlıqların ilk addımları Ümummilli Lider Heydər Əliyev tərəfindən atılmışdır. Belə ki,Sovet dönəmində, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan Respublikasına birləşməsi haqqında Ermənistan rəhbərliyi tərəfindən vaxtaşırı cəhdlər edilmiş, lakin bu cəhdlərin qarşısı həmin vaxtlar alınmışdı.
Ümummilli lider Heydər Əliyev 14 iyul 1969-cu ildə Azərbaycan KP Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə seçildikdən sonra Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi barədə edilən cəhdlərin qarşısının alınmasında xüsusi prinsipiallıq göstərmişdir. Bu haqda ümummilli lider Heydər Əliyevin aşağıdakı fikirləri xüsusilə maraqlıdır: “… 1969-cu ildən Azərbaycana rəhbərlik etmişəm. O zaman da bu məsələlər qaldırılıbdır. 1977-ci ildə SSRİ-nin Konstitusiyası qəbul olunarkən Konstitusiyanı hazırlamaq üçün komissiya təşkil edilmişdi. Komissiyaya o vaxtkı Kommunist Partiyasının Baş katibi Brejnev rəhbərlik edirdi və respublikaların nümayəndələri də, o cümlədən mən də bu komissiyanın üzvü idim. Komissiya layihə hazırladığı dövrdə, təxminən, bir il müddətində həddindən artıq təkliflər gəlmişdi ki, Dağlıq Qarabağ ayrılıb Ermənistana verilməlidir. Hətta, bir-iki dəfə bu məsələnin komissiyada baxılmasına cəhd olmuşdu.”
Ümummilli lider Heydər Əliyev daha sonra demişdi: “Məni düzgün başa düşün, olan şeyi deyirəm. Mən o vaxt bunların qarşısını aldım. Amma, qarşısını almaq da çətin idi. İradəmlə və Azərbaycan xalqının milli mənafelərini canımla, qanımla müdafiə edərək qarşısını aldım”. Ümummilli lider Heydər Əliyev SSRİ rəhbərliyində – Sov. İKP MK Siyasi Bürosunun üzvü, keçmiş SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işlədiyi müddətdə erməni şovinistlərinin Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi haqqında cəhdləri qətiyyətlə dəf edilmişdi. Lakin keçmiş Sovet İttifaqında “yenidənqurma”nın müəllifi M.Qorboçovun məkrli siyasəti nəticəsində Heydər Əliyev “səhhətinə görə” ölkə rəhbərliyindən uzaqlaşdırıldıqdan sonra ermənilər və onların havadarlarının əl-qolu açıılır. M.Qorboçovun özünə iqtisadi məsələlər üzrə müşavir seçdiyi akademik A.Aqambekyan 1987-ci ilin sonunda Fransanın nüfuzlu “Humanite” qəzetində Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycandan alınıb, Ermənistana birləşdirilməsi barədə bəyanatla çıxış edir və 1988-ci ilin fevralında məlum Dağlıq Qarabağ hadisələri başlayır. Ümummilli lider Heydər Əliyev keçmiş Sov. İKP MK-nın 1989-cu ilin aprel ayının 25-də keçirilmiş Plenumunda Sov. İKP MK tərkibindən çıxarıldıqdan sonra ermənilər və onların havadarları, xüsusilə, əl-qol açırlar, artıq bu zaman məlum Dağlıq Qarabağ hadisələri intensiv surətdə genişlənir və dərinləşir.
1992-ci ildə ATƏT-in Minsk qrupu yaranıb və Birləşmiş Millətlər Təşkilatı münaqişənin həllini ATƏT-in himayəsinə verib. ATƏT də öz növbəsində Minsk qrupunu yaradıb. Minsk qrupuna 12 dövlət daxildir. Həmin vaxtdan 28 il keçməsinə və ATƏT-in Minsk qrupunun həmsədrlərinin vaxtaşırı dəyişməsinə baxmayaraq,2-ci Qarabağ müharibəsinə qədər bu münaqişənin ədalətli həlli təmin edilməmiş olaraq qalırdı.Ta ki,Ali baş komandan cənab İlham Əliyevin bütün cəbhə boyu əks-hücum əmrini verənə qədər. Ümummilli lider Heydər Əliyev 15 iyun 1993-cü ildə hakimiyyətə qayıdışından sonra bütün fəaliyyəti boyu qondarma Dağlıq Qarabağ məsələsinin sülh yolu ilə, beynəlxalq hüquq normalarına uyğun ədalətli həllinə çalışmışdır. Lakin heç kəsdən gizli deyildir ki, dünyada ikili standartlar mövcuddur. Məhz bu cür “ikili standartlar”,rəsmi hökumətlərin ikiüzlü və mənfur siyasətləri Dağlıq Qarabağın,o cümlədən ətraf 7 rayonunun sülh yolu ilə geri qaytarılması qeyri-mümkün olmuşdur.Və bunun da nəticəsində yeganə yol olaraq hərbi güc işlətmək yolu qalırdı ki,buna da Minsk qrupunun rəsmi sənədlərində yer ayrılmışdır.
Nəticə olaraq Azərbaycan hərbi yolla öz torpaqlarını geri qaytarmışdır.Baxmayaraq ki,bu 3000-ə yaxın Şəhidin verilsinə və minlərlə əsgərin yaralanmasına,travma almasına səbəb olmuşdur.Lakin Azərbaycan bunu bacarmışdır.Bu Ali baş komandanın uğurlu siyasətinə və xalqın ona arxa-dayaq olması nəticəsində baş vermişdir.Əksəriyyət bunu bilməsə də bugün ölkəmizin inkişafı və güclənməsi yolunda atılan hər bir addımın səbəbkarı H.Əliyev məktəbi və başda cənab İlham Əliyev başda olmaqla bu məktəbin məzunlarıdır. Sonda;Ulu öndər,sən ölməmisən,sən dünənimizdə,bu günümüzdə və sabahımızdasan.Sən əbədi yaşarsan!
Vüqar Əlizadə,
UNEC-in Maliyyə və Mühasibat fakültəsi üzrə Tələbə Gənclər Təşkilatının sədri, Kəlbəcər sakini