Kəlbəcərli gənc şair:”Milyon gözdən qan süzülür, axan yaşın arasında”

Kəlbəcərli gənc şair Samir Mustafayev qardaş Türkiyədə baş verən dağıdıcı zəlzələ zamanı yaşanan insanlıq faciəsini ürək ağırısı, dərin sarsıntı ilə misraların üzərinə köçürüb. 

Kanal32.az həmin şeiri təqdim edir:

Baxmaq olmur gözlər dolur.
Ürək param-parça olur.
Neçə çiçək qönçə solur,
Yazla qışın arasında.
Bu dəhşətə can üzülür,
Karvanlar yola düzülür.
Milyon gözdən qan süzülür,
Axan yaşın arasında.
Uçub, yox oldu özülüm,
Qan ağlayır içim, çölüm.
Gecə gəldi asan ölüm-
Gözlə qaşın arasında.
Bu qəm-qüssə, kədər nədir,
Ana balasıyla gedir…
Ata qolun sipər edir,
Daşla başın arasında.
Təsəlli olarmı şeir?
Şərə döndü qəfil xeyir.
Körpə cocuq “anne” deyir,
İki daşın arasında.
Fikrimdən o səhər keçir,
Dağılmış kənd, şəhər keçir.
Boğazımdan zəhər keçir,
Şirin aşın arasında.
Sizinlədir hər yol, hər iz,
Bir döyünür ürəyimiz.
Mətin dayan, Türkiyəmiz,
Bərklə boşun arasında.
Samir Mustafayev