İşsiz gənc anaların məşğulluğa və təhsilə əlçatanlığı təmin ediləcək-FOTOLAR

Mingəçevir Media Mərkəzində “Mingəçevirdə Valideyn Təlatümü” təşəbbüsünün təqdimatı keçirilib. 20-dək QHT, media və təhsil işçisinin qatıldığı mərasimdə təşəbbüsün rəhbəri Fərman Nəbiyev 2024-cü ilin iyul ayınadək görüləcək işlərdən danışıb. O, deyib: “Biz bir qrup işsiz gənc ananın məşğulluğa və təhsilə əlçatanlığını təmin etməyi qarşımıza məqsəd qoymuşuq. Bununla da iqtisadi imkanlara və idarəetmə bilgilərinə yiyələnəcək bu insanlar məktəbdə keyfiyyətli təhsil verilməsinə nail olacaqlar”.

F.Nəbiyev onu da əlavə edib ki, təşəbbüs üzrə 20 qadına psixoloji, hüquqi və iqtisadi məsləhət təlimi veriləcək. Onlardan 12-i istehsalat təcrübəsinə cəlb ediləcək. Bu bacarıqlar sayəsində bir hissəsi iş tapacaq, digər hissəsi isə özünəməşğul şəxsə və  sahibkara çevriləcək. Sonunculara maliyyə dəstəyi də göstəriləcək. Eyni zamanda valideynlərin uğur hekayələri hazırlanacaq, ölkə jurnalistləri arasında “Təhsili evdən məktəbə qaytaraq!” adı ilə videomüsabiqə keçiriləcək.

Təqdimat mərasimində ictimai fəal Elxan Rəşidov, Bərdədəki Ağdam köçkün məktəbinin fizika müəllimi Mehparə Quliyeva, 3 və 11 saylı məktəblərin İctimai Şura sədrləri Xatirə Hacıyeva və Zaur Feyziyev, regional ELTV kanalının aparıcısı İnqilab Şirinli, Mingəçevir Dövlət Universitetinin müəllimi Şəbnəm İslamova, Mingəçevirdə Sahibkarlığın İnkişafına Dəstək və Mingəçevir Valideynlər Assosiasiyası ictimai birliklərinin nümayəndələri Vaqif Həsənov və Yeganə Nəbiyeva, psixoloq Seymur Səfəralıyev, iqtisadçı Elnur Həsənzadə, tələbə Nərgiz Əliyeva, valideyn Qalib Ağayev fikirlərini bölüşüblər. Onlar diqqətə çatdırıblar ki, tədrisin keyfiyyətini yüksəltmək və repetitorluğun qarşısını almaq üçün ailə-məktəb əlaqələrini möhkəmləndirmək, müəllimin fəaliyyətini valideynin rəyi əsasında  qiymətləndirmək vacibdir.

Mingəçevir Valideynlər Assosiasiyası İctimai Birliyinə məxsus təşəbbüs Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-ninİnkişaf Proqramının həyata keçirdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində Mingəçevir Resurs Mərkəzi tərəfindən icra edilir.

   

mi-news.AZ