İşə götürənin fəaliyyətinə nəzarət olunacaqmı?

Ekspertlər qanunvericiliyə dəyişiklik edilməsini müsbət dəyərləndirirlər
 
Əliməmməd Nuriyev:“Əmək müqaviləsi vətəndaşın – işçinin hüququ təminatıdır. Bu olmayanda vətəndaş hüquqlarını qoruya bilmir”
İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması
Hüquqlarının pozulduğunu iddia edən vətəndaşlarla vaxtaşırı qarşılaşırıq. Kimisi əmək pensiyasının təyinatından, kimisi iş stajının düzgün yazılmamasından şikayətlənir. Əmək hüquququn pozulduğunu əsas gətirib işdən azad edildiyini deyənlər də olur. Eləcə də istehsalatda, iş şəraitində bədbəxt hadisə nəticəsində dünyasını dəyişmiş, yaxud da fiziki xəsarət almış şəxslərə və ya ailələrinə heç bir təzminat ödənmədiyindən şikayətlənirlər. Əslində isə belə vəziyyətin yaranması bir tərəfdən də vətəndaşların, işçilərin öz hüquqlarını bilməməsi, Əmək qanunvericiliyinə bələd olmamalarından irəli gəlir. İşçilərin əmək hüquqları barədə maarifləndirmə işləri də zəifdir.
Müəssisələr, şirkətlər daha çox özlərinə sərf edən şərtləri irəli sürür. Çox zaman da Əmək qanunvericiliyini pozurlar. Amma bu məsələdə vətəndaşların üzərinə düşən qanunları bilmək və məhz onlara söykənərək hüquqlarını tələb etməkdir. Azərbaycan  hökuməti vətəndaş hüquqlarının qorunması baxımından elektron hökumətin formalaşması istiqamətində son illərdə əməli addımlar atıb. Bir çox sahələrdə elektronlaşdırma insan amili təsirinin minimuma endirilməsi məqsədi daşıyır. Məsələn, 2021-ci ilin avqust ayında 1137 nəfərə proaktiv  – elektron qaydada yaşa görə əmək pensiyası təyin olunub. Bu barədə Dövlət Sosial Müdafiə Fondunun məlumatında qeyd edilir. Bildirilir ki, 2021-ci ilin yanvar-iyul ayları ərzində 16 min 493 nəfərə proaktiv qaydada yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyinatı aparılıb. Onların 56,2 faizini kişilər, 43,8 faizini isə qadınlar təşkil edib.
Bu günlərdə daha bir yeniliksə budur ki, işəgötürənlərin fəaliyyətinə nəzarət üçün qanunvericiliyə dəyişiklik ediləcək. Elektronlaşmanın rəsmiləşdirilməsi üçün də böyük plan hazırlanıb. Bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Orxan Hüseynzadə deyib. O bildirib ki, qanunvericiliyə dəyişiklik müvafiq dövlət orqanları ilə razılaşdırılaraq, hökumətə təqdim edilib. “Cari ilin aprelin 2-də dəyişikliklər qəbul edildikdən sonra təşkilati hüquq və mülkiyyət formasından asılı olmayaraq respublika ərazisində fəaliyyət göstərən işəgötürənlərin fəaliyyətinə təmassız nəzarət prosesi qurulub. Proses hazırda İnzibati Xətalar Məcəlləsinin 8 maddəsi üzərindən həyata keçirilir. Burda həm əmək, həm məşğulluq, həm də sosial məsələləri əhatə olunub. Hüquqi şəxslərlə bağlı da elektron protokol tətbiq olunacaq.
Bu elektron protokol hüquqi şəxsin şəxsi kabinetinə, rəsmi e-mail və ya digər əlaqə vasitələrinə göndəriləcək. İnzibati xətalarla bağlı 10 gün ərzində hüquqi şəxs protokolda göstərilən cəriməni “Asan ödəniş” vasitəsilə həyata keçirdikdə, bu protokol avtomatik şəkildə elektron qərara çevrilir. Ödənilmədiyi halda isə 1 gün ərzində elektron sistem vasitəsilə məhkəmə orqanlarına göndərilir. Eyni proses fiziki və vəzifəli şəxslərlə də bağlıdır. Burada elektron protokol yox, elektron qərar olur. Qərardan 10 gün ərzində şikayət olmadığı təqdirdə qüvvəyə minir. Şikayət olduqda isə ilk növbədə Dövlət Əmək Müfəttişliyinin əməkdaşları tərəfindən baxılır, bununla da razılaşma olmadıqda qərardan məhkəməyə şikayət verilə bilər”. O.Hüseynzadə həmçinin, əmək müqaviləsi bağlanmayan işçilərlə bağlı da danışıb. Qeyd edib ki, əmək müqaviləsi bağlanmayan işçilər bir çox təminatlardan kənarda qalır. Onun sözlərinə görə, bunlar bədbəxt hadisələrdən sığorta, işsizlikdən, pensiya sığortası, xəstəliyə görə müavinətlərdir: “Bütün bu alətlər dövlət tərəfindən fikirləşilib ki, vətəndaş işə düzələndə təminatları olsun. Bu, həm işəgötürənin, həm də işçinin razılığı ilə olur. Lakin şəxs əmək müqaviləsinə diqqət etməlidir ki, hansı şərtlərlə işə qəbul edilir, hansı təminatlardan məhrum edilir”.
Mövzu ilə bağlı “Şərq”ə fikrini bildirən Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev qeyd etdi ki, işəgötürənlərin fəaliyyətinə nəzarət üçün qanunvericiliyə dəyişiklik edilməsi müsbət haldır:
– Hazırda işəgötürənlərin fəaliyyətinə təmassız nəzarət prosesi İnzibati Xətalar Məcəlləsinə uyğun həyat keçirilir. Prosesin daha mükəmməl icrası üçün qanunvericiliyə bir sıra dəyişiliklər edilməsi təklifləri var, bunlar üzərində iş gedir. Əsas məsələ işçilərin hüquqlarının müdafiəsidir. Biz hər zaman bu məsələnin üzərində dayanırıq ki, işçilər əmək müqaviləsi imzalanaraq işə qəbul edilsin. Vətəndaşlardan da bunu gözləyirik. Əmək müqaviləsi vətəndaşın – işçinin hüququ təminatıdır. Bu olmayanda vətəndaş hüquqlarını qoruya bilmir. Bizə qanunsuz olaraq işdən azad edilməsi, əmək haqqının ödənməməsi, məzuniyyət hüququnun, iş saatı müddətinin pozulması ilə bağlı müraciətlər edilir. Baxırsan ki, işçinin heç əmək müqaviləsi yoxdur. Amma əmək müqaviləsi olsa və ən əsası, işçi müqavilə şərtləri ilə tanış olub imzalasa, hüquqlarını müdafiə etmək də asanlaşır. Hökumət də buna çalışır. Ancaq bu məsələdə vətəndaş aktivliyi çox önəmlidir.