“İran torpaqlarımızın işğaldan azad olunmasından narahatdır”-Deputat

Xəbər verdiyimiz kimi, digər ölkələrə aid nəqliyyat vasitələrinin Rusiya Federasiyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan Respublikası ərazilərinə qanunsuz keçməsi ilə bağlı Müdafiə Nazirliyi tərəfindən Rusiya Federasiyası Müdafiə Nazirliyi və Sülhməramlı qüvvələrin komandanlığına məktublar ünvanlanıb.

Mməktublarda qeyd olunub ki, bu kimi hallar Azərbaycan Respublikası və Rusiya Federasiyası Prezidentlərinin və Ermənistan Baş nazirinin 10 noyabr 2020-ci ildə imzaladığı üçtərəfli bəyanata ziddir və onların qarşısının alınması xahiş olunub.

Bildirilib ki, Azərbaycanın razılığı olmadan digər ölkələrin hüquqi və fiziki şəxsləri və onlara aid nəqliyyat vasitələri Azərbaycan ərazisinə daxil ola bilməz və bu kimi hallar ölkəmizin qanunlarının pozulmasıdır.

Heç şübhəsiz ki, Müdafiə Nazirliyinin məktubunda dolayısı ilə söhbət İrana məxsus yük avtomobillərinin qanunsuz olaraq ərazilərimizə daxil olmasından gedir.

İranın bu davranışının arxasında nə dayanır? Bundan sonra proseslərin inkişafı hansı məcraya yönələ bilər?

Deputat Vüqar İskəndərov Redaktor.az-a açıqlamasında bildirib ki, topraqlarımızın işğaldan azad olunması ilə nəticələnən 44 günlük Vətən müharibəsindən əvvəl olduğu kimi, postmüharibə dövründə də qeydə alınan faktlar İranın Azərbaycana qarşı qeyri-səmimi siyasət həyata keçirdiyini deməyə əsas verir:

“İran tərəfinin işğala və işğalçılıq siyasətinə, o cümlədən revanşist, separatçı əhval-ruhiyyədə olan tərəfə dəstəyi mehriban qonşuluq prinsiplərinə ziddir: Bu ilin avqustunda Azərbaycan rəsmi Bakının icazəsi olmadan Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərimizə İrana məxsus yük maşınlarının daxil olması ilə bağlı cənub qonşumuza nota vermişdi. Lakin son günlər əldə edilən görüntülərə əsasən, İran yük maşınlarının Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz daxil olmasının davam etdiyi məlum olub.

Bəli, İranın torpaqlarımızın işğaldan azad olunması və regiona sabitlik gəlməsi faktından bu dərəcədə narahat olması bir sıra haqlı suallar doğurur”. 

V.İskəndərov onu da deyib ki, 44 günlük Vətən müharibəsinin nəticəsində Azərbaycan regionda yeni reallıqlar yaradıb:

“Bu gün regionun sabitliyində və inkişafında maraqlı olan ölkələr, o cümlədən İran da bu reallığı qəbul edib, praqmatik addımlar atmalıdır. Lakin görünən odur ki, İran hələ də mövcud reallıqları qəbul etməkdə zorluq çəkir”.