İran Qarabağa yenə yük daşıyır-YENİ VİDEO

Cari ilin avqustunda Azərbaycan tərəfi İrana məxsus yük maşınlarının rəsmi Bakının icazəsi olmadan Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına qanunsuz keçməsi barədə məlumat əldə etmişdi. Belə ki, 11 iyul-8 avqust tarixlərində İrana məxsus 35 maşın (4 yük maşını, 31 yanacaq tankeri) 70 dəfə Laçın dəhlizinə daxil olub və çıxıb. Bundan sonra 11 avqustda İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ölkəmizdəki Xarici İşlər Nazirliyinə çağırılıb. Ona İran tərəfinin Azərbaycanla bağlı atdığı qanunsuz addımlardan ciddi narahatlıq ifadə olunan nota verilib.

Bakının etirazına baxmayaraq, bir ay sonra da İran yük maşınlarının Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz daxil olmağa davam etdiyini sübut edən eksklüziv foto və videogörüntülər əldə edilib.

Kanal32.az Caliber.az-a istinadən həmin foto və videogörüntüləri təqdim edir:

11 avqustdan 10 sentyabradək xüsusən yanacaq və sürtkü yağları ilə dolu 58 yük maşını müxtəlif məqsədlər üçün Xankəndiyə daxil olub. Daha sonra isə onlardan 55-i geri qayıdıb.

Əldə olunan məlumata görə, iranlılar və ermənilər müxtəlif bicliklərə də əl atırlar. Məsələn, Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına yaxınlaşanda, Xankəndinə gedən İran yük maşınlarının dəqiq sayını gizlətmək üçün onlara erməni qeydiyyat nömrələri vurulur. Lakin, nömrələrin təkrarlanması və yük maşınlarına dəfələrlə vurulması diqqətdən qaçmayıb.

Xatırladaq ki, İran vətəndaşları avqust ayında Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında – Qarabağda fəal şəkildə işlərə də cəlb olunublar.

Bəs görəsən, İran Qarabağa qanunsuz daxil olan yük maşınları ilə bağlı izahat verəcəkmi?

Kanal32.az