İran-ABŞ görüşü ərəfəsində gərgin vəziyyət-İsrail hərbi müdaxilə üçün…

İran-ABŞ nümayəndələri arasında danışıqların növbəti raundu başlayır. Omanın vasitəçiliyi ilə fevralın 17–18-də İsveçrənin Cenevrə şəhərində baş tutması planlanan danışıqlar kifayət qədər diqqət çəkir.

ABŞ Prezidenti Donald Tramp müzakirələrdə Tehrana təzyiq göstərmək üçün bildirib ki, nüvə proqramı üzrə danışıqlar nəticəsiz qalacağı təqdirdə, Vaşinqton İsrailin İrana zərbə endirməsinə dəstək verməyə hazırdır. Hətta ABŞ donanması Fars körfəzində hərbi aktivliyini artırıb. Yəni Vaşinqton bu yolla danışıqlarda şərtlərini qəbul etdirməyə çalışır və İranı razı salmaq üçün təzyiq elementlərindən istifadə edir.

Lakin bu təzyiqin Tehranı qorxutduğunu demək düzgün olmaz. Belə ki, ABŞ-la nüvə proqramı üzrə danışıqların yenidən başlanmasından bir gün əvvəl, İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında hərbi təlimlər keçirib. Bundan başqa, Talibanın sözçüsü Zəbiullah Mücahid yenə danışıqlardan əvvəl bildirib ki, ABŞ İrana hücum edəcəyi təqdirdə Taliban Tehrana yardım və dəstək göstərməyə hazırdır.

Cenevrə görüşü öncəsi tərəflərin hərbi konteksdə bir-birinə “göz dağı” verməsinə baxmayaraq, diplomatik sferada ünsiyyətin tonu diqqətli və daha uzlaşma yönümlüdür. Məsələn, ABŞ Dövlət katibi Marko Rubio deyib ki, İran Ağ Evin narahatlıqlarını diplomatik yolla nəzərə alacağı təqdirdə bu ölkə ilə razılaşma mümkündür. Rubionun sözlərinə görə, Tehranla razılığa gəlmək asan olmayacaq, amma ABŞ buna nail olmaq üçün bütün səylərini göstərəcək.

İranın xarici işlər naziri Abbas Əraqçi isə MAQATE direktoru Rafael Qrossi ilə görüşdə ABŞ-la danışıqlarda Tehranın mövqeyi barədə məlumat verib.

Təbii ki, bir digər diqqət çəkən məqam İsrailin Baş naziri Benyamin Netanyahunun görüş öncəsi bəyanatıdır. Netanyahu İranla razılaşmanın Təl-Əvivin əsas şərtləri qəbul edildikdən sonra mümkün olacağını vurğulayıb. Söhbət bütün zənginləşdirilmiş uran ehtiyatlarının ölkədən çıxarılması, zənginləşdirmə infrastrukturunun tam sökülməsi, raket proqramının 300 kilometrlik məhdudiyyət çərçivəsinə salınması və Tehranın dəstəklədiyi silahlı qruplaşmalar şəbəkəsinin ləğvindən gedir.

Görünən odur ki, Cenevrə danışıqları elə bu tələblər ətrafında formalaşacaq. Lakin ABŞ üçün kifayət qədər çətin danışıqlar olacağı birmənalıdır. Çünki Vaşinqton təkcə Tehranı razı salmayacaq, həm də İsrailin təhlükəsizliyini təmin edəcək kompromisi formalaşdırmalıdır. Netanyahunun tələbləri mövcud vəziyyətdə realist deyil.

Hesab edirəm ki, bu raund nəticə verməsə də, önəmlidir, çünki tərəflər bir-birini sınayır və güc balansını yoxlayırlar. İran öz mövqeyini qoruyur, ABŞ təzyiq vasitələrini ölçür, amma real kompromis üçün hələ çox tezdir. Əgər razılaşma olacaqsa, bu, yalnız çox incə diplomatik və güc balansı üzərində mümkün ola bilər. Fikrimcə, danışıqların dərhal konkret nüvə məhdudlaşdırması və ya hərbi geri çəkilmə ilə nəticələnməsi ehtimalı aşağıdır.

Əslində, İsrailin istədiyi də elə budur. Çünki Təl-Əvivin məqsədi real sülh deyil, İrana hərbi müdaxilə üçün zəmin yaratmaqdır.

Müəllif: Turan Rzayev

İran-ABŞ görüşü ərəfəsində gərgin vəziyyət-İsrail hərbi müdaxilə üçün...