Bəzi insanların həyat yolunu və gördüyü işləri sadalamaq mümkündür. Amma elə insanlar da var ki, onların haqqında yazmaq üçün sadəcə faktlar kifayət etmir. Çünki onların bioqrafiyası gördükləri işlərdən daha böyükdür. Orada dostluqlar, xatirələr, yaradıcılıq axtarışları, bir dövrün televiziya həyatı və bütövlükdə bir nəslin sənətə münasibəti var. Orman Əliyev mənim üçün belə insanlardan biridir. Bu gün onun doğum günüdür. Mən fikirlərimi bir həmkar, rejissor və prodüser haqqında adi yubiley yazısı kimi deyil, 29 ilə yaxın bir dostluğun yaddaşından süzülən insan portreti kimi yazmaq qərarına gəldim. Çünki Ormanı mən sonradan tanımamışam. Həm də keçən il 45 illik yubileyində geniş yazmaq fürsətim olmadığına görə, ona bir vəfa borcum var.
Bizim tanışlığımız tələbəlik illərindən başladı. O vaxtlar hələ qarşıda nə Bakı Media Mərkəzi vardı, nə böyük beynəlxalq layihələr, nə də dünya səviyyəli audiovizual istehsal imkanları. Biz gənc idik. Kino və televiziya haqqında çox danışır, çox mübahisə edir, çox xəyal qururduq. Bu qəbildən Eltən Qədimbəylinin müəllifi olduğu ZARAFAT studiyasında bir araya gəlmişdik. Hər birimizin öz ekran dünyası vardı. Orman isə həmin illərdən fərqli düşünürdü. Onun yaradıcılıq təfəkküründə adi görünən hadisəyə başqa rakursdan baxmaq, mövzunun görünməyən tərəfini tapmaq, ideyanı ekranda özünəməxsus formada ifadə etmək bacarığı vardı. Bəlkə də onun sonrakı rejissor və prodüser fəaliyyətinin təməli elə həmin tələbəlik illərində qoyulmuşdu.
Orman 1997-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin televiziya rejissorluğu ixtisasına daxil olub, bakalavr təhsilini fərqlənmə diplomu ilə başa vurub. 2001–2003-cü illərdə isə teatrşünaslıq üzrə magistr təhsili alıb. Bu arada da bir il fərqlə tələbə olmuşuq. Amma diplomlar bir yana, insanın əsl məktəbi işlədiyi illərdir.Biz 2001-ci ildən bir yerdə işləməyə başladıq. Həmin dövr Azərbaycan televiziyası üçün də maraqlı bir mərhələ idi. Yeni formatlar axtarılırdı, televiziya dili dəyişirdi, gənc yaradıcı insanların qarşısında yeni imkanlar açılırdı. Orman həmin axtarışların içində öz yolunu çox tez tapdı. 2001–2004-cü illərdə “Lider” televiziyasının Azərbaycan Redaksiyasında çalışdığımız illərdə bir-birindən maraqlı ekran əsərlərinə, 30-dan çox sənədli filmə imza atdı. Bu, sadəcə statistika deyil. Çünki sənədli film rejissoru olmaq hadisənin arxasındakı həqiqəti görmək deməkdir.
Ormanın yaradıcılıq təbiətində də həmişə bu xüsusiyyəti hiss etmişəm: o, hadisəni yalnız göstərmək yox, onun mənasını axtarmaq istəyirdi. Sonrakı iş birliyimiz İctimai Televiziya və Radio Yayımları Şirkətində oldu. 2005-ci ildən başlayan bu mərhələ Ormanın peşəkar həyatında tamamilə yeni səhifə açdı. Rejissor kimi başladığı fəaliyyət qısa müddətdə daha böyük təşkilati və yaradıcı məsuliyyətlərlə davam etdi. Kino və dublyaj departamentində rəhbər vəzifə, musiqi və əyləncəli verilişlər departamentində direktor, “Carçıfilm”də rəhbər vəzifələr, daha sonra rejissor və operatorlar departamentinin baş rejissoru. Bu ardıcıllıq təsadüfi karyera yüksəlişi deyildi. Orman artıq yalnız rejissor kimi deyil, yaradıcı prosesləri təşkil etməyi bacaran sənət adamı kimi formalaşırdı.
“Carçıfilm” isə onun yaradıcılıq bioqrafiyasında ayrıca yer tutur. Mənim üçün bu mərhələnin əhəmiyyəti ondadır ki, Orman burada yalnız film çəkən adam olmadı. O, yeni bir yaradıcı mühitin formalaşmasına töhfə verən insanlardan birinə çevrildi. İctimai Televiziyanın nəzdində fəaliyyət göstərən “Carçıfilm” sonrakı illərdə ciddi istehsal bazasına çevrildi. 2010-cu ildə qurumda artıq 100 filmin istehsal olunduğunun şahidi olduq. Ormanın təşəbbüsü, yaradıcı enerjisi və rəhbərliyin dəstəyi ilə bu strukturun formalaşması Azərbaycan ekranında yeni sənədli və bədii əsərlərin meydana çıxmasına imkan verdi. Sonra həyat onu daha böyük bir meydançaya – Bakı Media Mərkəzinə apardı. 2013-cü ildən Arzu xanım Əliyevanın rəhbərliyi ilə Orman Əliyev Bakı Media Mərkəzinin icraçı direktorudur. Bu gün onun adı həmin qurumun peşəkar inkişafı ilə yanaşı çəkilir. Bakı Media Mərkəzinin son illərdə həyata keçirdiyi işlərin miqyasına baxanda bunun nə demək olduğunu anlamaq çətin deyil. Beynəlxalq tədbirlər, televiziya yayımı, sənədli və bədii filmlər, reklam və digər audiovizual layihələrin istehsalında xüsusi çəkisi olan bir yaradıcı qurumun icraçı direktoru olmaq çox məsul vəzifədir. Bu gün Azərbaycan haqqında dünyaya danışan görüntülərin bir hissəsinin arxasında böyük bir komanda dayanır. Həmin komandanın təşkilində və idarə olunmasında Ormanın rolu danılmazdır.
Ormanın özü də bir neçə il əvvəl verdiyi müsahibədə Bakı Media Mərkəzinin əsas məqsədlərindən birinin yalnız müasir texniki imkanlar yaratmaq deyil, həm də peşəkar yerli kadrlar yetişdirmək olduğunu vurğulamışdı. Mərkəzin mütəxəssislərinin Avropa, Türkiyə və digər ölkələrdə beynəlxalq standartlarla işlədiyini, BBC Sport və Eurosport kimi nüfuzlu yayım qurumları üçün işlər həyata keçirdiklərini bildirmişdi. Bu məqam mənim üçün xüsusilə əhəmiyyətlidir. Çünki böyük qurum yaratmaq başqa şeydir, peşəkar komanda yaratmaq tamam başqa. Onun uğurunu təkcə öz adı ilə ölçmək düzgün olmaz. Çünki Ormanın xarakterində bir xüsusiyyət var, o, uğurunu paylaşmağı bacaran mütəvaze insandır. Mən bunu illərdir müşahidə edirəm. O, yanında olan insanın uğurunu özünə rəqib kimi qəbul etmir. Əksinə, onun uğurundan sevinir. Bəlkə də liderliyin ən vacib xüsusiyyətlərindən biri budur. Orman çox maraqlı estetik zövqə malik yaradıcı insandır. Kadrı, işığı, məkanı, ritmi hiss edir. Amma onun yaradıcılığında estetik duyum heç vaxt məzmunu üstələmir. Bəlkə də buna görə sənədli kino onun yaradıcılığında xüsusi yer tutur. O, ruhən sənədli filmə bağlıdır. Bu bağlılıq təsadüfi deyil. Sənədli kino rejissordan yalnız peşəkarlıq yox, insanı duymaq qabiliyyəti tələb edir. Ormanda bu qabiliyyət var. Bununla yanaşı, onun sonrakı fəaliyyətində bədii kino da mühüm yer tutmağa başlayıb. “Suğra və oğulları”, “Tağıyev. Neft”, “Tağıyev. Çar”, “Tağıyev. Sona” və “Tağıyev. Məktəb” kimi layihələr onun prodüser kimi fəaliyyətinin miqyasını göstərir. Beləliklə, tələbəlik illərində kameranın arxasında dayanan gənc rejissor artıq illər sonra böyük ekran layihələrinin arxasında dayanan prodüserə çevrildi. Amma bütün bunların içində bir insanın adı ayrıca dayanır.
Ormanın atası, böyük şair, tərcüməçi, publisist, Əməkdar incəsənət xadimi Çingiz Əlioğlu bu ilin avqustunda dünyasını dəyişdi. Bu itkinin ağrısını Ormanın gözlərində və susqunluğunda təsəvvür etmək çətin deyildi. Çünki bəzi insanlar yalnız ata olmur. Onlar insanın dünyaya baxışını formalaşdıran ilk müəllimlərdən birinə çevrilirlər. Çingiz Əlioğlunun poeziyası fərqli idi. Onun sözə, həyata, zamana münasibətində özünəməxsus estetik dünya vardı. Ormanın sənətə münasibətində də həmin dünyanın izlərini görmək mümkündür. Şair dünyanı sözlə, rejissor isə görüntü ilə görür. Amma hər ikisinin axtardığı eyni şeydir – hamının gördüyünün arxasında görünməyən həqiqəti tapmaq. Çingiz Əlioğlunun yaradıcılıq dünyası Ormanın sənət duyumuna təsirsiz qala bilməzdi. Bu gün ata dünyasını dəyişsə də, onun söz dünyası yaşayır. Orman isə həmin dünyanın başqa bir dildə, görüntü dilində davam edən tərəfidir.
Mən Ormanı bütün bu uğurlardan əvvəl dost kimi tanıyıram. Mənim üçün o, Bakı Media Mərkəzinin icraçı direktoru, prodüser, rejissor, Əməkdar mədəniyyət işçisi və böyük layihələrin təşkilatçısından əvvəl tələbəlik dostumdur. Birlikdə yol başladığımız günlərdən bu günə qədər çox şey dəyişib. Bizim saçlarımızda ağlar tellər artıb, televiziya texnologiyaları dəyişib, analoq kameralar rəqəmsal kameralarla əvəzlənib, kassetlər yaddaş kartlarına, montaj masaları kompüterlərə çevrilib. Dünən efir üçün çəkilən materiallar bu gün dünyanın istənilən nöqtəsinə saniyələr içində çatır. Amma dostluğumuz dəyişməyib. Ailələrimiz arasındakı bağlar, uzaq qohumluq əlaqələri də bu münasibətin daha səmimi və dərin olmasına səbəb olub. 29 ilə yaxınlaşan bir dostluq artıq sadəcə münasibət deyil, həyatın özünün çəkdiyi uzunmetrajlı filmdir.
Bu gün dostum Ormanın doğum günüdür.Bu gün ona sadəcə “Ad günün mübarək!” demək istəmirəm. Ona demək istəyirəm ki, illər sonra geriyə baxanda insanın əldə etdiyi vəzifələrdən, titullardan, çəkdiyi filmlərdən daha qiymətli bir şeyin olduğunu anlayır. Səmimi dostluq, etibar, bir-birinin sevincinə sevinmək, illər keçdikcə bir-birinə yadlaşmamaq. Orman, sən bunların hamısını qoruyub saxlaya bilmisən. Bu, bəlkə də sənin ən böyük uğurlarından biridir. Sənə yeni yaşında yeni filmlər, yeni ideyalar, yeni yaradıcılıq zirvələri arzulayıram. İnanıram ki, hələ çox böyük layihələrə imza atacaqsan. Hələ çox yaxşı filmlərin yaranmasında adın olacaq, çox gənc rejissor və prodüser sənin təcrübəndən bəhrələnəcək və bir gün biz yenə oturub keçmişi xatırlayacağıq. Bəlkə də güləcəyik: “Yadındadır, tələbə vaxtı belə edirdik…”
Əziz dostum Orman, sənin həyat filminin bundan sonrakı kadrları işıqlı, ritmi dinamik, süjeti maraqlı, finalı isə həmişə xoşbəxt olsun. Atan Çingiz Əlioğlunun ruhu şad olsun. Onun sözlə qurduğu poetik dünya, sənin görüntülərlə qurduğun sənət dünyanda yaşamaqda davam etsin. Bizim 29 ilə yaxın dostluğumuzun filminin son titrləri nə vaxtsa yazılacaq, amma yaxşı dostluqların isə ümumiyyətlə sonu olmur.
İqbal Məmmədəliyev
Rejissor, prodüser, pedaqoq