Ölkəmizin İordaniya Haşimilər Krallığındakı səfiri Eldar Səlimovun İordaniyanın “Petra” Dövlət İnformasiya Agentliyinin Baş direktoru Faiq əl-Hicazinlə görüşündə Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə əlaqələrin perspektivlərindən danışılıb.
Söhbət zamanı iki ölkənin media sahəsində əməkdaşlığının qənaətbəxş olduğu qeyd edilib. AZƏRTAC-la “Petra” arasında 2007-ci ildə imzalanmış Anlaşma Memorandumunun ikitərəfli əməkdaşlıq üçün geniş imkanlar açdığı vurğulanıb. Həmçinin belə bir fikir ifadə olunub ki, hazırda media və yeni texnologiyaların inkişafı nəzərə alınmaqla sənədin yenilənməsinə ehtiyac duyulur.
“Petra”nın Baş direktoru AZƏRTAC-la əməkdaşlığı dərinləşdirməyə hazır olduğunu deyib və bununla bağlı təkliflərin yaxın zamanlarda qarşı tərəfə təqdim ediləcəyini bildirib.
Qeyd edək ki, iki agentlik arasında imzalanmış memoranduma informasiya təcrübə və informasiya mübadiləsi, beynəlxalq media platformalarında birgə iş və digər məsələlər daxildir. Agentliklər İslam Əməkdaşlıq Təşkilatının Milli Xəbər Agentlikləri Birliyi çərçivəsində də tərəfdaşlıq əlaqələrini davam etdirirlər.