İordaniyalı jurnalist: Ərəb ölkələrindən Azərbaycana səyahətlə bağlı çoxlu müraciətlər alıram

İordaniyanın “Əl Ənbat” qəzetində rus mənşəli iordaniyalı jurnalist, ölkəmiz haqqında silsilə məqalələrin müəllifi Yelena Neduqinanın “Ərəb və iordaniyalı turistlərin Azərbaycan və Qafqazın turizm məkanlarına marağı artır” sərlövhəli məqaləsi dərc olunub.

Kanal32.az “Azərtac”a istinadən xəbər verir ki, ölkəmizin füsunkar təbiəti və qədim tarixindən bəhs edən müəllif yazır: “Son bir neçə ayda İordaniya və bir sıra ərəb ölkələrinin vətəndaşları vatsap və mesencer vasitəsilə, həmçinin telefonla zəng edərək mənə Azərbaycana necə səyahət edəcəkləri, oradakı turizm, istirahət, sağlamlıq turizmi barədə suallar verirlər. Xüsusən, tarixi və mədəniyyət abidələri həvəskarları, cəmiyyətdə sosial statusu yüksək olanlar və imkanlı şəxslərdən müraciətlər daxil olur. Bakıya getmək istəyən iordaniyalı və digər ərəb ölkələrinin vətəndaşlarına kömək məqsədilə onlara Azərbaycanın tarixi-mədəni abidələri, görməli yerləri, səfalı kurort və sanatoriyaları, restoran və otelləri barədə müfəssəl məlumat verməyə çalışıram. Bəzi ərəb səyahətçilər Azərbaycanda ibadət edəcəkləri, ələlxüsus cümə namazları qılacaqları məscidlər haqqında informasiya verməyi də xahiş edirlər”.

Y.Neduqina diqqətə çatdırır ki, potensial turistlərin əksəriyyəti Körfəzin ərəb ölkələri vətəndaşlarıdır. Onlar iqlimi nisbətən əlverişli olan İordaniyaya da səyahət edirlər və sabitlik, təhlükəsizliyin yüksək səviyyədə olduğu Azərbaycana səfər etmək istəyirlər. Ərəblər üçün yaxşı iqlimi ilə yanaşı, xalqının qonaqpərvərliyi ilə də seçilən bu ölkə hazırda İslam aləminin ən fəal üzvlərindən biri, İslam Əməkdaşlıq Təşkilatının üzvü, Qoşulmama Hərəkatının sədridir. Ərəb ölkələrinin demək olar ki, hamısında Azərbaycanın səfirlikləri və konsulluqları fəaliyyət göstərir. Ərəb turistlər Əmman və ya Akabadan Bakıya birbaşa aviareyslərin açılmasından sonra rahatlıqla Azərbaycana səfər edə biləcəklər.

Məqalədə Azərbaycanın təbii sərvətləri və sürətli iqtisadi inkişafı barədə də ətraflı məlumat verilib.

 

/AZƏRTAC/