İordaniyanın “Əl Ənbat” qəzetində Azərbaycanda xristian dininə və abidələrinə göstərilən diqqət və qayğıdan bəhs edən məqalə dərc edilib.
AZƏRTAC xəbər verir ki, rus əsilli iordaniyalı jurnalist Yelena Neduqinanın müəllifi olduğu məqalədə Pasxa bayramının Azərbaycanın qədim alban və pravoslav kilsələrində geniş şəkildə qeyd edildiyi diqqətə çatdırılıb. Müəllif yazıb ki, işğaldan azad olunmuş Kəlbəcər rayonunda Xudavənd monastırını ziyarət edən alban-udi icmasının sədr müavini Rafik Danakari bildirib ki, bayram ibadəti zamanı Qarabağın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi yad edilib. İcma rəhbəri vurğulayıb ki, Azərbaycanda bütün dinlərə mənsub olan insanlar vicdan və etiqad azadlığına malikdirlər. O, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.
Məqalədə qeyd olunub ki, azərbaycanlıların xristian məbədlərinə yüksək qayğısı fonunda işğalçı ermənilər müsəlman məbədlərini dağıdıb və təhqir edib, məscidlərdə donuz saxlayıblar. Bu faktları ikili standartlardan və islamofobiya mövqeyindən çıxış edən bəzi Qərb dairələrinə xatırladan Prezident İlham Əliyev təəssüflə vurğulayıb ki, onlar bu barbarlıq halları ilə bağlı səslərini çıxarmırlar.