İndoneziyanın Bandung İslam Universitetinin tədqiqatçısı Məhəmməd Rza Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) qonağı olub.
Aİİ rektoru, dosent Aqil Şirinov qonağı ali təhsil müəssisəsində görməkdən məmnun olduğunu bildirib. İnstitutun fəaliyyəti, hədəfləri haqqında geniş məlumat verən rektor mövcud ixtisaslar barədə bəhs edib. Aİİ-nin xarici ölkə universitetləri ilə əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlı olduğunu qeyd edən A.Şirinov bildirib ki, dünyanın bir çox tanınmış ali təhsil müəssisələri ilə ikitərəfli protokollar, memorandumlar imzalanıb.
İnstitut rəhbəri daha sonra Azərbaycanda mövcud dini vəziyyət haqqında məlumat verib. Vurğulayıb ki, Azərbaycanda mövcud olan bütün dinlərin nümayəndələri sülh və mehribanlıq şəraitində birgə yaşayırlar. A. Şirinov Qəbələ rayonunun Nic qəsəbəsində yaşayan udilər və Quba rayonunun “Qırmızı qəsəbə”sində yaşayan dağ yəhudiləri haqqında ətraflı bəhs edib. Vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən multikulturalizm siyasəti Azərbaycanda mövcud ənənələrin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması məqsədi daşıyır.
İndoneziyanın Bandung İslam Universitetinin tədqiqatçısı Məhəmməd Rza ali təhsil müəssisəsində olmaqdan məmnunluğu ifadə edib. Azərbaycanda mövcud multikultural və tolerant mühitlə yaxından tanış olmaq məqsədilə Vətənimizə gəldiyini qeyd edən qonaq bildirib ki, ölkədə mövcud olan bu mühit ona Həzrət Məhəmməd dövründə Mədinədəki tolerant mühiti xatırladıb.