Bəzi infeksiyalar yalnız xəstəliyin ağırlığı ilə deyil, insanın uzun müddət yoluxduğundan xəbərsiz olması ilə də təhlükəlidir.HİV, B və C virus hepatitləri, eləcə də vərəm müəyyən mərhələdə demək olar ki, heç bir ciddi əlamət vermədən inkişaf edə bilər. İnsan özünü normal hiss edir, gündəlik həyatını davam etdirir, lakin infeksiya bu müddətdə orqanizmə tədricən zərər verə bilər.
HİV — həyatın sonu deyil, amma statusunu bilmək vacibdir
HİV immun sisteminə hücum edir və müalicə olunmadıqda orqanizmin müdafiəsini tədricən zəiflədir. İlk əlamətlər isə bəzən adi virus infeksiyasına bənzəyir, hətta ümumiyyətlə müşahidə olunmaya bilər.Müasir antiretrovirus müalicəsi HİV-lə yaşayan insanların uzun və normal həyat sürməsinə imkan verir. Effektiv müalicə nəticəsində qanda virus yükü aşkarlanmayacaq səviyyəyə düşdükdə HİV cinsi yolla ötürülmür. Buna görə vaxtında testdən keçmək həm insanın özü, həm də infeksiyanın yayılmasının qarşısının alınması baxımından vacibdir.
Hepatit B və C: illərlə hiss olunmayan təhlükə
Virus hepatitləri əsasən qaraciyəri zədələyir. Xüsusilə xroniki forma təhlükəlidir, çünki uzun müddət ərzində sirroza və qaraciyər xərçənginə səbəb ola bilər.
Hepatit B-dən effektiv vaksinasiya ilə qorunmaq mümkündür. Xroniki hepatit B isə antiviral preparatlarla nəzarətdə saxlanıla bilər.
Hepatit C-yə qarşı hələlik vaksin yoxdur, lakin müasir antiviral preparatlar xəstələrin böyük əksəriyyətində infeksiyanı sağaltmağa imkan verir.Ona görə də ağrının və ya digər nəzərəçarpan simptomların olmaması problemin olmadığı anlamına gəlmir.
Vərəm də səssiz başlaya bilər
Vərəm əsasən ağciyərləri zədələyən və hava-damcı yolu ilə yayılan infeksiyadır. Xəstəliyin ilkin mərhələsində simptomlar zəif ifadə oluna bilər.Uzunmüddətli öskürək, səbəbsiz çəki itkisi, temperaturun yüksəlməsi, halsızlıq və gecə tərləməsi həkimə müraciət etmək və müayinədən keçmək üçün səbəbdir.
Bəs özümüzü necə qoruya bilərik?
İnfeksiyalara qarşı ən effektiv yanaşma – profilaktika və vaxtında olan diaqnostikadır!
Təhlükəsiz cinsi davranış, hepatit B-yə qarşı vaksinasiya, tibbi və kosmetik prosedurlar zamanı yalnız steril alətlərdən istifadə etmək və qanla təmasdan qorunmaq yoluxma riskini azaltmağa kömək edir.
Hepatit C-yə qarşı vaksin olmadığı üçün burada xüsusilə qanla təmasın qarşısının alınması vacibdir: ümumi iynə və şprislərdən istifadə etməmək, tibbi və kosmetik prosedurlar zamanı steril alətlərdən istifadə etmək və donor qanının təhlükəsizliyinə əmin olmaq lazımdır.Riskli hallarda testdən keçmək və şübhəli simptomlar yarandıqda həkimə müraciət etmək də infeksiyanın vaxtında aşkarlanmasına və müalicəsinə imkan verir.
Əsas fikir sadədir: infeksiya uzun müddət “susqun” qala bilər, amma bu, onun aşkarlanmasının mümkün olmadığı demək deyil. Bəzən vaxtında verilən bir analiz xəstəliyin gələcək gedişatını dəyişə bilər.
Mənbələr:
- Ümumdünya Səhiyyə Təşkilatı — HİV və QİÇS
- Ümumdünya Səhiyyə Təşkilatı — Hepatit B
- Ümumdünya Səhiyyə Təşkilatı — Hepatit C
- Ümumdünya Səhiyyə Təşkilatı — Vərəm
- Ümumdünya Səhiyyə Təşkilatı — Hepatit B və C üzrə 2026-cı il konsolidə edilmiş tövsiyələr
Müəllif: Fəxri Həsənov,
reabilitoloq