İlham Əliyev: Türk dünyası XXI əsrin əsas güclərindən olmalıdır

21-ci əsr beynəlxalq münasibətlər sistemində yeni geosiyasi reallıqların formalaşdığı, siyasi və iqtisadi güc balansının yenidən müəyyənləşdiyi mürəkkəb tarixi mərhələ kimi xarakterizə olunur. Qloballaşma prosesinin sürətlənməsi, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya xətlərinin strateji əhəmiyyəti, regional inteqrasiyaların güclənməsi və mədəni-sivilizasiya əsaslı əməkdaşlıq modellərinin genişlənməsi müasir dünyanın əsas inkişaf tendensiyalarındandır. Belə bir şəraitdə ortaq tarixə, dilə, mədəniyyətə və mənəvi dəyərlərə malik türk xalqlarının vahid strateji platforma ətrafında birləşməsi artıq yalnız mədəni ideal yox, eyni zamanda mühüm geosiyasi zərurət kimi çıxış edir.

Türk dünyası geniş coğrafiyanı əhatə edən, zəngin təbii resurslara, mühüm tranzit imkanlarına, gənc insan kapitalına və qədim dövlətçilik ənənələrinə sahib böyük sivilizasiya məkanıdır. Balkanlardan Orta Asiyaya, Qafqazdan Anadoluya qədər uzanan bu coğrafiya tarix boyu dünya siyasətinə, iqtisadiyyatına və mədəniyyətinə ciddi təsir göstərmişdir. Müasir dövrdə isə türk dövlətləri arasında əməkdaşlığın institusional əsaslarla inkişaf etməsi, ortaq siyasi iradənin formalaşması və qarşılıqlı strateji maraqların yaxınlaşması türk dünyasının gələcəkdə qlobal güc mərkəzlərindən birinə çevrilməsi üçün real imkanlar yaradır.

Tarixə nəzər saldıqda türk xalqlarının müxtəlif dövrlərdə dünya siyasətində mühüm rol oynadığı aydın görünür. Böyük Hun İmperiyası, Göytürk Xaqanlığı, Səlcuq İmperiyası və Osmanlı İmperiyası kimi dövlətlər geniş coğrafiyalarda siyasi sabitliyin təmin edilməsində, beynəlxalq ticarətin inkişafında və mədəniyyətlərarası münasibətlərin formalaşmasında mühüm rol oynamışdır. Xüsusilə Osmanlı İmperiyası əsrlər boyu Avropa, Asiya və Afrika arasında mühüm geosiyasi güc mərkəzi kimi çıxış etmişdir. Bu tarixi təcrübə göstərir ki, türk xalqları böyük siyasi və strateji birlik yaratmaq potensialına malikdir.

Müasir dövrdə türk dövlətləri Avropa ilə Asiyanı birləşdirən mühüm geostrateji mövqedə yerləşir. Bu coğrafiya Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişmə nöqtəsi olmaqla yanaşı, enerji ehtiyatları baxımından da dünyanın ən mühüm regionlarından biridir. Azərbaycan, Qazaxıstan və Türkmənistanın zəngin enerji ehtiyatları, Türkiyənin tranzit-logistika imkanları, Orta Asiyanın geniş iqtisadi potensialı türk dünyasının beynəlxalq sistemdə rolunu daha da artırır. Xüsusilə son illərdə həyata keçirilən transmilli layihələr türk dövlətləri arasında inteqrasiyanın strateji mahiyyətini gücləndirmişdir. Bakı–Tbilisi–Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi, Bakı–Tbilisi–Qars dəmir yolu və Orta Dəhliz layihəsi yalnız iqtisadi təşəbbüs kimi yox, eyni zamanda türk dünyasının geosiyasi birliyinin praktik ifadəsi kimi qiymətləndirilə bilər. Bu layihələr Avrasiya məkanında yeni iqtisadi və siyasi düzənin formalaşmasına ciddi təsir göstərir.

Türk dünyasının inteqrasiyası ideyası Azərbaycan dövlətçilik düşüncəsində xüsusi yer tutur. Ümummilli lider Heydər Əliyev türk xalqları arasında birliyin qorunmasını strateji məsələ kimi qiymətləndirirdi. Onun “Bir millət, iki dövlət” ifadəsi Azərbaycan ilə Türkiyə arasındakı münasibətlərin mahiyyətini ifadə etməklə yanaşı, bütövlükdə türk dünyasının həmrəyliyinə verilən siyasi və mənəvi dəyərin göstəricisi idi.

Ümummilli lider Heydər Əliyev hesab edirdi ki, ortaq tarixə, dilə və mədəniyyətə malik türk xalqları qarşılıqlı əməkdaşlığı gücləndirməklə beynəlxalq münasibətlər sistemində daha mühüm mövqe tuta bilərlər. Onun təşəbbüsü və siyasi fəaliyyəti nəticəsində Azərbaycan türk dövlətləri arasında əməkdaşlıq prosesində fəal iştirak etmiş, ortaq mədəni və siyasi platformaların formalaşmasına mühüm töhfə vermişdir. Xüsusilə 1990-cı illərdə müstəqilliyini bərpa etmiş türk respublikaları ilə əlaqələrin inkişafı türk dünyasının gələcək inteqrasiyası üçün mühüm siyasi əsas yaratmışdır.

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən səsləndirilən “Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilməlidir” fikri müasir beynəlxalq münasibətlər sisteminin reallıqlarından irəli gələn strateji yanaşmadır. Bu fikir türk dövlətlərinin yalnız mədəni yaxınlıq çərçivəsində əməkdaşlıq etməsini yox, eyni zamanda siyasi, iqtisadi, enerji, nəqliyyat, təhlükəsizlik və diplomatik sahələrdə vahid strateji mövqe formalaşdırmasını nəzərdə tutur. Bu yanaşmanın əsas mahiyyəti ondan ibarətdir ki, müasir dünyada ayrı-ayrı dövlətlərin qlobal rəqabət şəraitində təkbaşına böyük təsir imkanları məhdudlaşır. Buna görə ortaq maraqlar ətrafında birləşən regional güc mərkəzləri beynəlxalq münasibətlər sistemində daha mühüm rol oynayır. Türk dünyasının geniş coğrafiyası, enerji ehtiyatları, nəqliyyat imkanları, insan resursları və ortaq mədəni-siyasi potensialı isə belə bir güc mərkəzinin formalaşması üçün ciddi zəmin yaradır.

Müasir beynəlxalq münasibətlər sistemində böyük dövlətlər və aparıcı siyasi güclər türk dünyasının artan geosiyasi, iqtisadi və strateji potensialını artıq daha aydın şəkildə görürlər. Türk dövlətlərinin yerləşdiyi geniş coğrafiya, enerji resursları, tranzit imkanları və beynəlxalq nəqliyyat-kommunikasiya xətlərində oynadığı rol bu məkanı qlobal güc balansında mühüm aktorlardan birinə çevirir. Məhz buna görə bir çox dövlətlərin türk dünyası ilə münasibətlərini genişləndirməyə xüsusi maraq göstərməsi təsadüfi xarakter daşımır. Bu siyasət, eyni zamanda türk dünyasının gələcəkdə daha təşkilatlanmış və təsirli geosiyasi gücə çevriləcəyinə verilən strateji qiymətləndirmənin göstəricisidir.

Bu kontekstdə Azərbaycanın və xüsusilə İlham Əliyev liderliyinin xüsusi əhəmiyyəti diqqət çəkir. Azərbaycan həm coğrafi mövqeyi, həm enerji siyasəti, həm də diplomatik fəaliyyəti ilə türk dünyasının inteqrasiya prosesində mühüm əlaqələndirici dövlətlərdən birinə çevrilmişdir. Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasət nəticəsində Azərbaycan türk dövlətləri arasında siyasi, iqtisadi və strateji əməkdaşlığın dərinləşməsində aparıcı rol oynayır. Böyük dövlətlərin Azərbaycan ilə münasibətlərə xüsusi önəm verməsi yalnız ölkənin regional gücü ilə bağlı deyil, eyni zamanda Azərbaycanın türk dünyası daxilində artan təsir imkanları və Türk Dövlətləri Təşkilatı çərçivəsində malik olduğu strateji mövqeyi ilə də birbaşa əlaqədardır. Bu münasibətlər əslində türk dünyasının gələcəyinə, onun formalaşmaqda olan geosiyasi nüfuzuna və beynəlxalq sistemdə artan roluna hesablanmış uzunmüddətli siyasi yanaşmanın tərkib hissəsi kimi qiymətləndirilə bilər.

Xüsusilə də Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbədən sonra regionda yaranmış yeni geosiyasi reallıq türk dövlətləri arasında həmrəyliyi daha da gücləndirmişdir. Müharibə dövründə türk dövlətlərinin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək ortaq strateji maraqların praktik təzahürü kimi diqqət çəkmişdir. Bu proses türk dünyasının gələcəkdə daha koordinasiyalı siyasi mövqe nümayiş etdirməsi üçün mühüm presedent formalaşdırmışdır.

Türk Dövlətləri Təşkilatı çərçivəsində həyata keçirilən əməkdaşlıq türk inteqrasiyasının institusional əsaslarını gücləndirir. Təşkilat artıq yalnız mədəni əməkdaşlıq platforması funksiyası daşımır, eyni zamanda regional və beynəlxalq məsələlərdə ortaq mövqe formalaşdıran siyasi institut kimi çıxış edir. Türk dövlətlərinin xarici siyasətdə qarşılıqlı dəstəyi, təhlükəsizlik sahəsində əməkdaşlığı, ortaq iqtisadi layihələrin genişləndirilməsi və vahid kommunikasiya strategiyalarının hazırlanması gələcək inteqrasiyanın əsas istiqamətlərini təşkil edir. Bununla yanaşı, elm, təhsil, rəqəmsal texnologiyalar və innovasiya sahələrində əməkdaşlığın gücləndirilməsi türk dünyasının qlobal rəqabət imkanlarını daha da artıracaqdır.

Türk dünyasının bu gün  nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilməsi həm tarixi təcrübədən, həm də müasir beynəlxalq münasibətlər sisteminin tələblərindən irəli gələn strateji zərurətdir. Tarix boyu böyük dövlətçilik ənənələri formalaşdırmış türk xalqları bu gün də geniş iqtisadi, siyasi və mədəni potensiala malikdir. Ümummilli lider Heydər Əliyevin türk birliyi ideyasına verdiyi strateji əhəmiyyət və Prezident İlham Əliyevin türk dünyasının gələcəyinə dair irəli sürdüyü baxış bu istiqamətdə mühüm siyasi konsepsiya formalaşdırır. Türk dövlətləri ortaq maraqlar əsasında qarşılıqlı əməkdaşlığı daha da gücləndirdikcə, gələcəkdə yalnız regional yox, qlobal miqyasda da mühüm təsir imkanlarına malik güc mərkəzlərindən birinə çevriləcəyi aydın görünür.
Tanrı türkü qorusun!

Sadiq Qurbanov,
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri

İlham Əliyev: Türk dünyası XXI əsrin əsas güclərindən olmalıdır