Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) Elm və innovasiyalar üzrə prorektoru, fəlsəfə üzrə fəlsəfə doktoru Mirniyaz Mürsəlov Bolqar İslam Akademiyasının təşkilatçılığı ilə “Müasir təhsil sistemində islamşünaslıq və İslam teologiyası: problemlər və perspektivlər” mövzusunda II beynəlxalq elmi-praktiki konfransda onlayn formatda iştirak edib.
“XXI əsrdə Azərbaycanda dinin tədrisi” mövzusunda çıxış edən M.Mürsəlov bildirib ki, bütün dövlətlər üçün, xüsusilə də sekulyar ölkələr üçün milli təhlükəsizlik qədər dini təhlükəsizlik çox əhəmiyyətlidir.
Prorektor daha sonra dini maarifləndirmənin əhəmiyyətini vurğulayaraq bildirib ki, dövlət din sahəsini nə qədər sərbəst buraxarsa, bu sahə üzərində nəzarəti azalarsa, fürsətcil radikal qruplar bundan məharətlə istifadə edə bilər.
Məruzəçi XXI əsrdə Azərbaycanda dinin tədrisindən danışarkən 1990-2000-ci illərə diqqət çəkib. Qeyd edib ki, ölkədə ilahiyyat sahəsinin təməli məhz bu mərhələdə qoyulub: “Həssas məsələ olan dinin tədrisinə, ümumiyyətlə, dini fəaliyyət sahəsinə sistemli yanaşma ümummilli lider Heydər Əliyev və onun siyasi kursunun layiqli davamçısı Prezident cənab İlham Əliyev tərəfindən olub. İlham Əliyevin dini fəaliyyət sahəsində apardığı tolerantlığa əsaslanan düzgün siyasət nəticəsində Azərbaycanda yaşayan bütün din mənsublarının etiqad azadlığı təmin olunub”.
Məruzəçi, həmçinin bildirib ki, təhsil müəssisələrində din tədrisinin təşkilində öz ölkəsinin maraqlarını üstün tutan milli kadrlar olmalıdır.