İlahiyyat İnstitutunda tədris ilinin başlanması ilə əlaqədar iclas keçirilib

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) yeni tədris ilinin başlanması münasibətilə  iclas keçirilib. Tədbirdə  Aİİ-nin rəhbər heyəti və əməkdaşları iştirak ediblər.

İclasda çıxış edən Aİİ-nin rektoru, dosent Aqil Şirinov yeni tədris ilinin 29 sentyabr 2021-ci il tarixdən əyani formada başlanması ilə əlaqədar tədbir iştirakçılarını təbrik edib. Rektor əyani formada tədrisin davamlı olması üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, ölkə üzrə xüsusi karantin rejiminin tətbiqi qaydalarına, həmçinin Təhsil Nazirliyinin müvafiq əmrlərinə riayət etməyin vacib olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Aİİ-də yeni tədris ilinə hazırlıqların yekunlaşdığını bildirən rektor ali təhsil müəssisəsinə tələbə qəbulunun uğurla başa çatdırıldığını, bir sıra dərsliklər üzərində işlərin yekunlaşdığını, yeni kitabların nəşr edildiyini qeyd edib.

Rektor A.Şirinov, həmçinin İnstitutun elmi-tədqiqat sahəsinə xüsusi diqqət etdiyini nəzərə çatdırıb. Qeyd edib ki, müəllimlər beynəlxalq indeksli dərgilərdə məqalələrinin çapına xüsusi diqqət etməlidirlər.

İclasda ali təhsil müəssisənin məqsəd və vəzifələri, fəaliyyəti, qarşıya çıxan problemlər və onların həlli yolları, gələcək planları haqqında müzakirələr aparılıb.