2020-ci ilin iyununda həbs edilən və Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilən Abşeron rayon Memarlıq və Tikinti şöbəsinin sabiq müdiri Akif Əliyevin doğmaları ölkə başçısına və hüquq-mühafizə orqanlarına müraciət ünvanlayıblar.
Bir nüsxəsi də “AzPolitika.info”-ya göndərilən müraciətdə Akif Əliyevin Abşeronun icra başçısı İradə Gülməmmədovanın “güdazına getdiyi”, başçının rüşvət və korrupsiya cinayətlərinə görə məsuliyyətdən yayındırılaraq, bütün ittihamların baş memarın üzərinə yönəldildiyi qeyd olunur: “2020-ci ilin iyun ayında İradə Gülməmmədovanın fəaliyyətində mövcud olan qanunazidd əməllər, rüşvətxorluq elementləri barədə Abşeron sakinləri tərəfindən Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş çoxsaylı müraciətlər araşdırılarkən şikayətlərdə göstərilən faktların böyük əksəriyyəti öz təsdiqini tapmış, icra başçısı və onun rüşvətini yığan bacısı oğlu Babək, yaxın qohumları Şamil və Cəfər həbslə üz-üzə qalmışdılar. İradə Gülməmmədova şok vəziyyətinə düşərək, çıxış yolunu hiylə işlətməkdə görür. Neçə müddətdən bəri bütün səlahiyyətlərini, eləcə də baş memara məxsus möhürü və ştampı da əlindən alıb özündə saxladığı rayonun baş memarı Akif Əliyevi otağına çağırıb ona yalvarır ki, Allah xatirinə, insanlıq naminə mənim ünvanıma səsləndirilən ittihamları öz üzərinə götür, həbsdən də qorxma, qoy səni tutsunlar, narahat olma, 10 gün müddətinə səni azadlığa çıxaracağam. Akif Əliyev aktrisalıq edən başçı İradə Gülməmmədovanın sözlərinə inanmır, ona görə də təklifdən imtina edir. Lakin İradə Gülməmmədova Korrupsiya İdarəsinin nümayədəsi ilə razılıq əldə edərək bütün ittihamları Akif Əliyevin ayağına yazdırır, beləliklə də Akif Əliyev 2020-ci ilin iyun ayının 23-də həbs edilir.
Həmin gün başçının bacısı oğlu Babək də tutulur. Lakin başçı Babəki 10 gündən sonra azadlığa çıxarır. Akif Əliyev isə başçının əvəzindən memarın səlahiyyətlərinə aid olmayan ittihamlarla Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli hökmü ilə 311.3.2-ci və 311.3.3-cü maddələri ilə təqsirli bilinərək 10 (on) il 6(altı) ay müddətinə azadlıqdan məhrum edilir.”
Akif Əliyevin yaxınları bildirirlər ki, Bakı Ağır Cinayətlər Məhkəməsi işi obyektiv araşdırmayıb. Qeyd olunur ki, Abşeronda korrupsiyanın, rüşvətin əsas “memarı” olan İradə Gülməmmədova məsuliyyətdən yayındırıldığı halda, ölkə başçısının “Əməkdar memar” fəxri adını verdiyi Akif Əliyev haqsız olaraq uzun müddətli həbsə göndərilib. İradə Gülməmmədova isə bu gün də öz postunda oturaraq, “rüşvətxorluqla, korrupsiya ilə məşğuldur”: “Biz Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı mürtəce hökmdən çox narazıyıq. Məhkəmənin işə baxan hakimi çox gözəl bilirdi ki, məhkəməyə daxil olan materiallarda heç bir dəlil, sübut yoxdur. Akif Əliyevin rüşvət almasına dair ifadələr verən şahidlər olmadığı halda görəsən işə baxan hakim hansı əsasla belə bir hökm çıxarıb? Görünən budur ki, Ağır Cinayətlər Məhkəməsi qanunlarla yox, tapşırıqlarla işləyir… Görəsən, İradə Gülməmmədova heç bir insanlığa sığmayan əməllərinə görə vicdan əzabı çəkirmi? Özü günahkar ola-ola Korrupsiya İdarəsinin əməkdaşı ilə gizli danışıqlar aparıb bir ailənin ocağını, çırağını söndürməsi ona mənəvi işgəncələr verirmi?
Akif Əliyev İradə Gülməmmədovanın hiyləsinin qurbanı kimi cəzaçəkmə müəssisəsində başçının cəzasını çəkir. “Əməkar rüşvətxor” İradə Gülməmmədova isə azadlıqdadır, yenə də “mənəm-mənəm” deyir, sərvət, sərmayə toplayır. O, Abşeron rayonunu belə demək mümkündürsə, hərraca qoyub. Rayonda bu gün bir qarış da torpaq qalmayıb, hamısı satılıb…”
Akif Əliyevin Tofiq Cəlalov adlı yaxınının adından imzalanan müraciətin sonunda ölkə başçısından işin obyektiv araşdırılması üçün müvafiq orqanlara tapşırıq verməsi xahiş olunur: “Yeganə ümidimiz, pənahımız Sizsiniz, bir də güvənc yerimiz Sumqayıt Apellyasiya Məhkəməsi. Biz ümidvarıq ki, Sumqayıt məhkəməsi şikayətimizə həssaslıqla, obyektiv yanaşacaq, ədalət şər üzərində zəfər çalacaq. Hörmətli cənab Prezident, xahiş edirik, ədalət naminə kömək edin, Məhkəmə Hüquq Şurasının sədri cənab Fikrət Məmmədova qondarma hökmün yenidən diqqətlə araşdırılması üçün xüsusi tapşırıq verin.”